Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev 11 gündür aclığı davam etdirir. Bu gün istirahət günü olduğundan vəkilləri onunla görüşə bilməyib.
Bəxtiyar Hacıyevin hüquqlarını ictimai müdafiə komitəsi müstəqil həkim, tibb elmləri doktoru Adil Qeybullanın təcridxanada ona baş çəkməsi üçün təşəbbüslə çıxış edib.
Öz növbəsində, dekabrın 25-də Penitensiar Xidmətin İctmiayyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Hacıyev həkim nəzarətindədir, səhhətində hər hansı problem yoxdur.
Bununla yanaşı dekabrın 24-də təcridxanada Bəxtiyar Hacıyevlə görüşündən sonra vəkil Elçin Sadıqov deyib ki, onun səhhəti kritikdir.
"Onu həkim müayinə edib. Bəxtiyar Hacıyev bildirdi ki, həkim ona qanında şəkərin kritik dərəcədə aşağı düşməsini və özünün komaya düşə biləcəyini deyib. Bəxtiyarın sözlərinə görə, o, bir gün ərzində yarım kilo arıqlayıb, ürək bulantısı var. Lakin bütün bunlara baxmayaraq, aclığı davam etdirəcəyini dedi" , vəkil qeyd edib.
Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.
Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.
Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.
Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib və 11 gündür aksiyanı davam etdirir.
Dekabrın 20-də Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib. Dekabrın 23-də Bakı Appelyasia Məhkəməsi də bu məhkəmə qərarından verilən şikayəti təmin etməyib.
Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib. Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.
ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi və hökumətin tənqidçisi Bəxtiyar Hacıyevin həbs edilməsinə reaksiya verib.
"Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq", Departamentin mətbuat katibinin müavini Vedant Patel qeyd edib.