İctimai fəal Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında artıq 5 gündür aclıq edir. Onun aclığı dayandırması ilə bağlı yayılan məlumatlar doğru deyil.
Bu barədə dekabrın 19-da təcridxanada Hacıyevlə görüşündən sonra vəkil Aqil Layıc Amerikanın Səsinə müsahibəsində bildirib.
“Bəxtiyar aclığı davam etdirdiyini bildirdi. O yalnız maye qəbul edir. Dedi ki, quru aclığa da keçə bilər. Mətbuatda aclığı dayandırması ilə bağlı gedən informasiyalar doğru deyil. Bu məlumatlara görə çox təəssüf etdiyini bildirdi,” vəkil qeyd edib.
Your browser doesn’t support HTML5
Aqil Layıcın sözlərinə görə, Bəxtiyar Hacıyev aclıq elan etdikdən sonra təcridxananın sanitar-tibb hissəsinə köçürüblər, sonra isə yenidən kameraya qaytarıblar.
“Səhhətində ümumi halsızlıq yaranıb,” o qeyd edib.
Vəkilin sözlərinə görə, Bəxtiyar Hacıyev təzyiq altında olduğunu bildirib.
“Hacıyev ona qarşı haqsızlığın qısa müddətdə aradan qaldırlmasını tələb edir”, vəkil qeyd edib.
Bu arada “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanımn Səsinə deyib ki, Bəxtiyar Hacıyev mənəvi-psixoloji işgəncə altındadır.
Öz növbəsində Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinin sorğusuna cavabda deyib ki, Bəxtiyar Hacıyev aclıq etmir.
“O bir gün aclıq etdi, dekabrın 18-də aclığı dayandırdı. Bəxtiyar Hacıyevə qarşı hər hansı mənəvi-psixoloji işgəncədən söhbət belə gedə bilməz”, o qeyd edib.
Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.
Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.
Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.
Yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.
Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.
Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib.