Accessibility links

“Müdafiə Xətti”: 2024-cü ildə insan hüqüqları, xüsusilə siyasi azadlıqlar kobud surətdə pozulub


Müdafiə Xətti təşkilatı
Müdafiə Xətti təşkilatı

2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub.

Bu barədə "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının illik hesabatında deyilir.

Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.

Sənəddə deyilir ki, 2024-cü ildə də əvvəlki illərdə olduğu kimi, bir çox hallarda ölkə Konstitusiyasının, İnsan Hüquq və Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın tələbləri əsasən gözlənilməyib, insan hüqüqları, xüsusilə siyasi azadlıqlar kobud surətdə pozulub.

“2024-cü ildə ölkədə yığıncaqlar və sərbəst toplaşma azadlığı bir anlayış olaraq aradan qaldırılıb, müxtəlif kateqoriyaya məxsus şəxslərin sosial tələblər və məmur laqeydliyinə qarşı dövlət idarələrinin qarşısında etiraz aksiyaları istisna olmaqla, nəinki siyasi və ictimai tələbli aksiyalar, hətta məhdud saylı insanların ictimai maraq kəsb edən məhkəmələrin qarşısında toplaşması da güc strukturlarının müdaxiləsi ilə müşayət olunub”, hesabatda deyilir.

Təşkilat hesab edir ki, siyasi, ictimai, inanclı fəallara qarşı repressiyalar kəmiyyət və keyfiyyət baxımından güclənib, siyasi məhbusların sayı 2023-cü ilin dekabr ayındakı 254 nəfərə qarşı 2024-cü ilin dekabr ayında 331 nəfər olub, bir ildə 77 nəfər artıb.

“2023-cü ilin noyabrında “Abzas Media” jurnalistlərinin həbsilə başlayan dalğa 2024-cü ildə “Toplum TV”, “Meydan TV”, “Kanal13”, “Məclis.info” jurnalistlərinə qarşı cinayət işlərilə davam edib. Həmin il "Xural" İnternet televiziyasının rəhbəri Əvəz Zeynallı, bloqer və vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyev həbs edilib. Həmçinin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov həbs edilib”.

Hesabatda deyilir ki, Anar Məmmədlinin həbsi beynəlxalq təşkilatların keçirilən seçkilər haqda rəyini nəzərə aldığı yeganə seçki monitorinqi təşkilatının ləğv edilməsinə yönəlib, Rüfət Səfərovun həbsi isə həm “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının fəaliyyətinin iflic edilməsinə yönəlib, həm də onun ABŞ Dövlət Departmentinin "İnsan Hüquqları Müdafiəçisi Mükafatı"nın qalibi olmasına reaksiyadır.

Hesabatda Siyasi Menecmet institunun təsisçisi Azər Qasımlının, müxalifətçi siyasətçilər Tofiq Yaqublu və Qubad İbadoğlunun, Qarabağ müharibəsi veteranı Rza Səfərsoyun və digər fəalların əsassız həbs olunduğu göstərilir.

Sənəddə deyilir ki, təqsirləndirilən şəxslərin və məhkumların saxlanma şəraiti beynəlxalq standartlardan aşağı olmaqda davam edib.

“Əsas səbəblər iki yeni həbsxana kompleksinin istifadəyə verilməsinə baxmayaraq, cəzaçəkmə müəssisələrində və təcridxanalarda saxlanma yerlərinin real məhbus sayından az olması, əksər tikililərin köhnəliyi, müasir standartlara cavab verməməsi, məhbusların və təqsirləndirilən şəxslərin qida və sanitar-gigiyenik vasitələrlə təminatının müasir standartlara cavab verməməsi, sovqat çatdırılması və görüş qaydalarının ifrat sərtliyi, tibbi xidmətin əvvəlki illərlə müqayisədə daha aşağı keyfiyyətdə olmasıdır.

“Müdafiə Xətti” hesab edir ki, əvvəlki illərlə müqayisədə məhbuslar üçün tibbi xidmətin keyfiyyəti pisləşib.

Siyasi məhbusların sayı 2023-cü ilin dekabr ayındakı 254 nəfərə qarşı 2024-cü ilin dekabr ayında 331 nəfər olub, bir ildə 77 nəfər artıb.

“Təcridxanalarda sıxlıq müxtəlif kateqoriyalardan olan məhbusların, o cümlədən risk qrupuna daxil şəxslərin bir yerdə saxlanmasına səbəb olur ki, bu da müxtəlif insidentlərin baş verməsinə, yoluxucu xəstəliklərin yayılması təhlükəsinə gətirib çıxarır. 2018-cu ildə Daxili İşlər Nazirliyinin inzibati həbsdə olanların saxlanması təcridxanasında yeni korpusun istifadəyə verilməsinə baxmayaraq, ifrat sərt sovqat qaydaları, yataq dəstlərinin vaxtında dəyişdirilməməsi, sıxlıq səbəbindən risk qrupundan olan şəxslərin başqaları ilə bir yerdə saxlanması, qida və telefon əlaqəsinin, gəzinti normalarının standartlara cavab verməməsi davam edir”.

“Məhkəmələrin, xüsusən Ali Məhkəmənin və Bakı Ağır Cinayətlər Məhkəməsinin saxlanma bokslarındakı şəraitin həddən artıq ağır olması davam edir, qışda soyuq, yayda dözülməz isti, ventilyasiyanın olmaması səbəbindən siqaret tüstüsünün təsiri məhkəməyə gətirilən məhbusların sağlamlığına və psixi durumuna mənfi təsir edir”, hesabatda deyilir.

Təşkilat hesab edir ki, ölkədə istintaqa cəlb edilən, saxlanılan şəxslərin və məhkumların hüquqi müdafiəsi sivil dünyada ən aşağı yerlərdən birini tutmaqda davam edir.

“Buna səbəb vəkillərin sayının normadan bir neçə dəfə az olması, hüquqi xidmətin minimum müqavilə qiymətinin vaxtaşırı artırılaraq çoxları üçün əlçatmaz olmasıdır.

Məhkəmə proseslərində mütəmadi olaraq vəkillərin peşə fəaliyyətinə hakimlər, prokurorluq nümayəndələri, son zamanlar hətta konvoy əməkdaşları tərəfindən maneələrin yaradılması onların işinin effektivliyinə ciddi zərər vurur”, sənəddə qeyd edilir.

“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı hakimiyyət orqanlarını hesabatda göstərilən insan hüquqları pozuntularını aradan qaldırmağa, Azərbaycanın imzaladığı konvensiya və bəyannamələr və ölkə Konstitusiyası ilə qoyulan öhdəliklərə əməl etməyə çağırır.

Bununla yanaşı, Azərbaycan hakimiyyəti ölkədə konstitusiya və qanunvericiliyin normalarının pozulması ilə bağlı fikirləri qəbul etmir. Rəsmi Bakı ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradəsinə görə təqiblərə məruz qalmadığını bildirir. Ölkə rəsmiləri siyasi məhbus anlayışını ümumiyyətlə qəbul etmir və siyasi məhbusların olmadığını bəyan edir.

Həmçinin hüquq mühafizə orqanları işgəncə, qeyri insani rəftarlarla bağlı tənqidlərin reallığı əks etdirmədiyini bildirir.

Penitensiar Xidmət isə Amerikanın Səsinin sorğusuna cavabda təcridxanalarda və cəzaçəkmə müəssisələrində saxlanılan insanlarla qanunvericilik normalarına uyğun rəftar edildiyini bildirib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG