Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətinin “Toplum TV” jurnalistlərinə qarşı 6 yeni ittiham irəli sürməsini və jurnalist Fərid İsmayılovun həbs edilməsini pisləyib.
Yanvarın 17-də “Toplum TV işi” üzrə “qaçaqmalçılıq” ittihamı həbs edilən jurnalistlərə və fəallara qarşı ittihamlar ağırlaşdırılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
“Toplum TV-yə qarşı yeni ittihamlar Azərbaycan hakimiyyətinin mediaya qarşı misli görünməmiş repressiyasını göstərir”, CPJ-nin Avropa və Mərkəzi Asiya proqram koordinatoru Gülnoza Said deyib.
Digər tərəfdən, yanvarın 17-də Xətai Rayon Məhkəməsi “Toplum TV”-nin daha bir əməkdaşı, ötən ilin martından barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Fərid İsmayılov barəsində bu dəfə 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş “Toplum TV” əməkdaşı Elmir Abbasov isə Bakı Şəhəri Baş Polis İdarəsində yenidən ifadə verdikdən sonra sərbəst buraxılıb.
“Fərid İsmayılovun səhhətində ciddi problemlər olmasına baxmayaraq həbs edilməsi xüsusilə narahatedicidir. O və haqsız yerə həbs edilən bütün azərbaycanlı jurnalistlər dərhal azadlığa buraxılmalıdır”, Said əlavə edib.
Ötən il martında “Toplum TV” internet televiziyasının redaksiyasına polis reydindən sonra media orqanının təsisçisi Ələsgər Məmmədli və əməkdaşı Müşfiq Cabbar “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.
“Toplum TV işi” üzrə polis ötən ilin martında həmçinin qeyri-hökumət təşkilatı “Demokratik Təşəbbüslər İnstitutu” və “III Respublika Platforması”nın (ResPlatforma) ofislərinə də reydlər həyata keçirib və nəticədə hüquq müdafiəçisi Akif Qurbanov, “ResPlatforma”nın qurucu heyət üzvü Ruslan İzzətli, vətəndaş cəmiyyəti fəalları Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov da eyni ittihamla həbs edilib.
Jurnalistləri Müdafiə Komitəsinin 2024-cü il üzrə hesabatına əsasən, Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasındadır.
Təşkilatın 2023-cü ilin sonlarından 2024-cü ilin 1 dekabr tarixinədək apardığı siyahıyaalma Azərbaycanda 13 jurnalist və media əməkdaşının həbs olunduğunu göstərir.
Dekabrın 1-dən sonrakı tarixlərdə “Kanal 13” jurnalisti Şamo Eminov sərbəst buraxılsa da, “Meydan TV” xəbər saytının 6 jurnalisti, habelə yanvarın 17-də “Toplum TV” jurnalist Fərid İsmayılov həbs edilib.
Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini bildirsə də, insan hüquqları təşkilatları, o cümlədən CPJ hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edir.
Komitə həmçinin müstəqil jurnalist Xanım Mustafayevaya və Amerikanın Səsinin jurnalisti Ülviyyə Quliyevaya qarşı səyahət qadağalarının tətbiq edilməsi barədə narahatlıq ifadə edib.
Azərbaycanda jurnalistlərə və fəallara qarşı 2023-cü ilin sonlarından başlayan təqiblərin dayandırılmasına dair çoxsaylı çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.
Ancaq yerli hüquq müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbus var.
Azərbaycan Sərhədsiz Reportyorların 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərar tutub.
Forum