Yanvarın 17-də Xətai Rayon Məhkəməsi jurnalist Fərid İsmayılov barəsində 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Məhkəmədə jurnalist barəsində həbs qətimkan tədbiri seçilməsi üçün prokurorun verdiyi təqdimata baxılıb, vəsatət məhkəmə tərəfindən təmin olunub.
Bundan öncə yanvarın 17-də "Toplum TV" Fərid İsmayılovun saxlanıldığı barədə məlumat yayıb.
Məlumatda deyilirdi ki, İsmayılovu günün birinci yarısında polis əməkdaşları evində saxlayaraq Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparıblar.
Onunla birgə kirayədə qaldığı ev yoldaşı Nihad İbrahimxəlilovun (Libertain) da saxlanıldığı bildirilir.
Bundan əlavə, "Toplum TV işi" üzrə barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilən Elmir Abbasov da BŞBPİ-nə çağırılıb.
Elmir Abbasov ifadə verdikdən sonra saat 19 radələrində sərbəst buraxılıb.
Yanvarın 17-də "Toplum TV işi üzrə" ittiham olunan şəxslərin ittihamı ağırlaşdırılıb. Bu barədə həmin iş üzrə təqsirləndirilən şəxslərin vəkilləri məlumat verib.
Məlumata görə, onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Müdafiə tərəfi vurğulayıb ki, sözügedən ittihamlarla razılaşmırlar və bu ittihamlar üçün prosessual əsas yoxdur.
Bu ittihamlar Cinayət Məcəlləsinin 162-1-ci maddəsini istisna etməklə, "Abzas Media" jurnalistlərinə qarşı irəli sürülən ittihamlarla eynilik təşkil edir.
Məsələ ilə bağlı hələlik ibtidai istintaq rəsmi münasibət bildirməyib.
"Toplum TV işi" üzrə nə baş verib?
2024-cü il martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib.
"Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.
Bu ilin iyul ayından başlayaraq bütün həbs olunanların həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.
Forum