Hazırda həbsdə olan “Toplum TV” nin təsisçisi Ələsgər Məmmədli 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni ilin gəlişi ilə bağlı təcridxanadan təbrik ünvanlayıb.
“Xeyli sıxıntılı, problemləri bol bir ili - 2024-cü ili geridə qoyuruq. Bu sıxıntılar yalnız özümlə, yaxınlarımla, dostlarımla bağlı deyil. Təəssüf ki, çoxsaylı əqidədaşlarımın, gənc jurnalistlərin, ictimai-siyasi fəal insanların aqibətində yaşanır. Məruz qoyulduğum hüquq terroruna görə ruhdan düşmək, ümidsiz olmaq, vaz keçmək xarakterimə ziddir” məktubda deyilir.
Ələsgər Məmmədli təbrik məktubunda xatırladır ki, təqsirsiz olmasına baxmayaraq 10 aydır girovluqdadıdır.
“ Qapalı şərait olsa da həbsxana ölkədəki real vəziyyətin tam çılpaqlığı ilə göründüyü, dərk olunduğu arzuolunmaz məkanlardan biridir. Məni yaxından tanıyanlar bilir ki, hansı şəraitdə olsam da azadlıq və obyektivlik hissimi qətiyyən itirmərəm”, o məktubunda vurğulayıb.
O hesab edir ki, bu gün ölkədə həbsdə olan insanların 90%-dən çoxu təqsirsizdir.
“Normal məhkəmə-hüquq sistemi olsaydı həbsxanalarda minlərlə təqsirsiz insanlar bu məşəqqətli taleyi yaşamazdı.
Milli məsələlərdə həmrəy olmağımız nə qədər zəruridirsə, fərdi yanaşmalarda plüralist və tolerant olmağımız da o qədər zəruridir. İnsan olmağın gərəyi düşünməni, bəzən də fərqli düşünməni tələb edir. Ümid edirəm yeni təqvim ilində özü kimi düşünməyənləri "düşmən", "casus","agent" kimi damğalamaqdan hər kəs çəkinər, fərdi düşüncələrə tolerant yanaşar, cəmiyyətdə fikir plüralizmini təhlükə kimi yox, inkişaf üçün zəruri amıl kimi qəbul edər və gerçək milli həmrəyliyin gərəyini yerinə yetirər”, Məmmədli deyib.
Ələsgər Məmmədli məktubunda irəlidə bəlirsiz, daha da çox problemlərin ortaya çıxacağı bir il gözlədiyini qeyd edərək, ümidlə dolu il, sağlıq, möhkəm iradə, mətin duruş arzu edib.
“Diləyim heç bir zaman ədalət duyğunuzu, azadlıq hissinizi itirməmək, azad iradənizin bəyanından çəkinməməkdir. Dünyada ən dəyərli hiss insanın azadlıq duyğusudur. Azad insan olmadan, azad cəmiyyət qurula bilməz. Hər birimiz öncə içimizdəki azadlığımızı durduran, boğan "zəncirlərdən" qurtulmalıyıq.
2025-ci ilin hər birimiz üçün yeni fürsətlər ili olmasını arzulayıram. Bizi gözləyən sıxıntılardan qurtulmanın bir yolu da gerçəkdən dayanışma içərisində bir-birimizə dəstək olmaq, anlamaqdan keçir. Hər birinizin dayanışma (həmrəylik) gününü və yeni ilini təbrik edirəm” təbrik məktubunun sonunda deyilir.
Bundan əlavə bir çox ictimai siyasi xadimlər, fəallar, vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər sosial şəbəkədə həbsdə olan jurnalist və fəallara # həbsdəolanjurnalistlərləhəmrəyik həştəgi ilə həmrəyliyik nümayiş etdiriblər. Onlar həbdə olanların azadlığa buraxılmasına çağırırıblar.
Xatırladaq ki, Azərbaycanın hüquq müdafiə təşkilatlarının son hesabatına görə, Azərbaycanda 319 siyasi məhbus var. Siyasi məhbus kimi tanınan şəxslərin heç biri özünü təqsirli bilmir, həbslərinin tənqidi baxışları, peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
Çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini ədalətsiz həbsdə olan şəxsləri azad etməyə çağırıb.
Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və insanların qanun qarşısında bərabər olduğunu bəyan edir.
Forum