Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Abzas Media işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Rasim Sadıxovun sədrliyilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər isə heç bir ittiham üzrə özlərini təqsirli bilməyiblər.
İş üzrə həbs olunan "Abzas Media"nın baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) çıxış edərək bildirib ki, bu qədər qaçaqmalçılıq baş veribsə, Gömrük Komitəsinin bundan niyə məlumatı olmayıb?
"Abzas Media, Toplum TV və Meydan TV işləri üzrə onlarla jurnalist qaçaqmalçılıqda ittiham edilir. Biz ölkəyə bu qədər pul gətirmişiksə, necə olub ki, Gömrük Komitəsinin sədrinin xəbəri olmayıb. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov hara baxırdı? Onun məhkəməyə gəlib bu suala cavab verməsini tələb edirəm!", deyə, Vaqifqızı məhkəmədə qeyd edib.
Jurnalistlər ötən iclasda olduğu kimi, bu gün də kollegiyada olan üç hakimdən ikisinə etiraz ediblər. Onlar bildiriblər ki, hakimlər illərlə siyasi sifarişlər icra edib, təqsirsiz insanlar haqqında ittiham hökmləri çıxarıblar.
“Rasim Sadıxov, siz siyasi həbslərdə ad çıxarmış hakimlərdən birisiniz. Eyni şəkildə də yanınızda əyləşən Novruz Kərimov – MTN-in keçmiş əməkdaşı. O MTN-in ki, imicini təmizləmək üçün adını dəyişib DTX qoysalar da, xeyri olmadı. Keçmişi təmiz olmayan adamların indi bu təmiz adamları mühakimə etməsi doğru deyil. Bu işdə sizləri görmək istəmirik”, - Vaqifqızı etirazını əsaslandırarkən deyib.
Digər təqsirləndirilən jurnalistlər də etirazı müdafiə ediblər.
“AzadlıqRadiosu”nun əməkdaşı Fərid Mehralızadə vurğulayıb ki, sənəd üzərində Azərbaycanda hakimiyyətin qolları – qanunverici, icraedici və məhkəmə bir-birindən ayrıdır, müstəqildir, amma reallıqda belə deyil:
“Siz hakimlər tutduğunuz vəzifənin haqqını vermirsiniz”.
Fərid Mehralızadə işin qanunsuz və Cinayət Prosesual Məcəlləsinə zidd şəkildə aparıldığını bildirib. O qeyd edib ki, hazırda prosesual pozuntulara aydınlıq gətirmək yalançı prokurorun yox, məhkəməyə sədrlik edən hakimin işidir. Prokuroru yalançılıqda günahlandırdıqdan sonra Mehralızadə fikrini davam etdirib:
"Bəli, siz yalançı prokurorsunuz. Əgər Buratino olsaydınız, burnunuz divara qədər uzanardı".
“AbzasMedia işi”üzrə məhkəməyə media nümayəndələrini buraxmayıblar. Bu isə təqsirləndirilən jurnalistlərin etirazına səbəb olub. Onlar deyiblər ki, əgər həmkarlarını məhkəmə zalına buraxmasalar, özləri də prosesdə iştirakdan imtina edəcəklər. Bundan sonra məhkəmə binasının çölündə qalan jurnalistlər məhkəməyə buraxılıb.
Məhkəmədə prokuror ittiham aktını elan edərkən bildirib ki, müxtəlif donor təşkilatlardan Azərbaycanda qeydiyyatdan keçirilməyən qrantlar alınıb, həmin vəsaitlər qaçaqmalçılıq yoluyla ölkəyə gətirilib. İttihamda 64 min manat vergidən yayınma, 541 min manatlıq qanunsuz sahibkarlıq və s. əməllərdən bəhs olunur.
Jurnalistlərə qarşı cinayət yolu ilə əldə olunan əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma da daxil olmaqla, 7 maddə ilə ittiham irəli sürülüb.
İttihama münasibət bildirən jurnalistlərin heç biri özünü təqsirli bilməyib. Onlar deyiblər ki, prokurorun elan etdiyi ittihamın ümumiyyətlə, mahiyyəti aydın deyil.
“Biz araşdırma jurnalistikası ilə məşğul olmuşuq, hökumətin başında dayanan adamların korrupsiya əməllərini ifşa eləmişik, buna görə də buradayıq. Bunu bütün aləm bilir. Prokurorluq saxta sübutlarla, “qorotdel”in ofisimizə atdığı 40 min avro ilə başqa don geyindirməyə çalışır. Hökumət də bununla özünü rüsvay edir”, deyə, Ülvi Həsənli bildirib.
Jurnalist Elnarə Qasımova məhkəmədə deyib ki, qaçaqmalçılıq, çirkli pulların leqallaşdırılmasıyla bağlı araşdırma aparmaq istəyənlər üzünü bu ölkənin idarəçiliyində olanlara tərəf tutsunlar.
Hafiz Babalı isə vurğulayıb ki, 35 ildir korrupsiyanı ifşa edən onun kimi jurnalisti mütəşəkkil dəstə üzvü kimi təqdim eləmək hakimiyyətin özü üçün üz qarasıdır.
“Mən də həbsimi siyasi sifariş hesab edirəm. Cinayət Məcəlləsindəki heç bir maddəyə əsas verəcək pozuntuya yol verməmişəm. Amma Azərbaycanda qeyri-rəsmi bir Cinayət Məcəlləsi də var və orada söz-ifadə azadlığı cinayət sayılır. Mən o cinayəti törətmişəm”, - bunu isə Mehralızadə ittihama münasibət bildirərkən deyib.
Məhəmməd Kekalov isə bildirib ki, o da özünü təqsirli bilmir. Onun sözlərinə görə, ittihamlar onun ifadələri əsasında verilsə də, dediklərində cinayət xarakterli heç nə yoxdur.
Jurnalistlərin məhkəməsi yanvarın 21-də davam edəcək.
“Abzas Media” işi ilə bağlı nə baş verib?
“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə “Abzas Media işi” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Noyabrın 18-də Sərhədsiz Reportyorlar təşkilatı jurnalistlərə qarşı pis rəftarı qınayıb və onların azad edilməsinə dair çağırışını yeniləyib.
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi ilə bağlı narahatlıq ifadə edib, onların azad edilməsinə çağırıb.
Rəsmi Bakı isə jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.
Forum