Accessibility links

“Toplum TV işi” üzrə saxlanılanların həbs müddəti uzadılıb


Ələsgər Məmmədli- media hüquqları üzrə ekspert
Ələsgər Məmmədli- media hüquqları üzrə ekspert

Dekabrın 28-də Xətai Rayon Məhkəməsində “Toplum TV işi” üzrə saxlanılan “III Respublika Platforması”nın spikeri Akif Qurbanov, qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, “Demokratik Təşəbbüslər İnstitutu”nun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev haqqındakı həbs müddəti daha 3 ay - aprelin 6-dək uzadılıb.

Onlar barəsində seçilmiş həbs qətimkan tədbrinin vaxtı yanvarın 6-da başa çatır.

Hər bir məhkəmə iclasında da Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi təqdimatı müdafiə edib, təmin olunmasını istəyib.

Müstəntiq bildirib ki, istintaq davam edir, bu müddətdə təqsirləndirilən şəxslərin həbsdən buraxılması istintaqın gedişinə mane ola bilər. Vəkillər də, təqsirləndirilən şəxslərin özləri də təqdimata etiraz ediblər, lakin müdafiə tərəfinin arqumentlərinin nəticəsi olmayıb.

Təqsirsiz olduğunu vurğulayan Ələsgər Məmmədli məhkəməyə təqdimatın əsassızlığını sübut etmək üçün 6 səhifəlik müdafiə nitqi yazıb gətirsə də, Sülhanə Hacıyeva onu səsləndirməyə imkan verməyib. Nəticədə əsəbiləşən Ələsgər Məmmədlinin səhhəti pisləşib, təzyiqi qalxıb.

Akif Qurbanovun məhkəməsində də qalmaqal yaşandığı bildirilir.

"Toplum TV” ilə bağlı cinayət işinin siyasi sifarişlə başlandığını deyən Akif Qurbanovun çıxışını dayandıran Sülhanə Hacıyeva deyib:

"Bura siyasət meydanı deyil, heç kim hakimiyyəti tənqid edə bilməz”.

Akif Qurbanov Sülhanə Hacıyevanın elə özünün də hakim olmadığını və siyasi sifarişlərə xidmət etdiyini vurğulayaraq, ondan heç bir qanuni qərar və ədalət gözləntisi olmadığını bildirib.

Prosesi yarımçıq tərk edən Sülhanə Hacıyeva bir neçə saniyə sonra geri qayıdaraq, təqdimatın təmin olunduğunu elan edib.

Təqsirləndirilən jurnalistlərdən Əli Zeynalovun vəkili Fariz Namazlı bildirib ki, qərardan 3 gün ərzində apellyasiya şikayəti verəcək.

Digər vəkillər də şikayət vermək fikrindədir.

"Müşfiq Cabbarovun nə həbs olunmasına zərurət vardı, nə də həbs müddətinin uzadılmasına. Amma elədilər. Əvvəlki təqdimatların eynisi idi. Onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur. Sonuncu dəfə həbsdə saxlanma müddəti oktyabrda uzadılmışdı. O vaxtdan bu yana onun iştirakı ilə hansı istintaq hərəkəti aparılıb? Qanunda belə boşluq var. İstintaq orqanı da məhkəmə qərarı çətiri altında bundan istifadə edir, adamlar uzun müddət həbsdə saxlanılır”, deyə, Müşfiq Cabbarın vəkili Nazim Musayev bildirib.

"Toplum TV işi" üzrə nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib. "Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

Bu ilin iyul ayında bütün həbs olunanların həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: "Tramp savaşı bitirməkdə "həlledici" rol oynaya bilər"
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG