Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öncəsi beynəlxalq insan hüquqları təşkilatları Assambleya üzvlərini Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini bərpa etməməyə çağırıblar.
Yanvarın 21-də ictimailəşdirilən müraciətdə Azərbaycanda vətəndaş cəmiyyyəti, müstəqil media və siyasi müxalifətə qarşı artan repressiya Avropa Şurasının (AŞ) prinsipləri və dəyərlərini pozmaqda davam etdiyi, azərbaycanlı deputatların səlahiyyətlərinin bərpası üçün konkret meyarların hazırlanmalı və tətbiq edilməli olduğu vurğulanır.
“Azərbaycan daim beynəlxalq mexanizmlərlə əməkdaşlıq etmədiyini nümayiş etdirir və sistemli insan hüquqları pozuntularını həll etmir”, müraciətdə qeyd edilir.
Hüquq müdafiə təşkilatları insan hüquqlarının vəziyyətinin pisləşməsinə və repressiyaların güclənməsinə görə Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə səs verən deputatların Bakı tərəfindən “arzuolunmaz şəxslər” elan edilməsi, Azərbaycanın Avropa Şurasının İşgəncə Əleyhinə Komitəsi (CPT) ilə əməkdaşlığı dayandırması kimi məsələləri diqqətə çatdırıblar.
Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrası ilə bağlı AŞ-yə üzv dövlətlər arasında ən pis göstəricilərdən birinə malik olmasını xatırladan müəlliflər, hökumətin vətəndaş cəmiyyətinə və insan hüquqları müdafiəçilərinə qarşı hücumlarını əks etdirən “Məmmədli qrupu” və “Ramazanova qrupu” işlərinin praktiki olaraq icra edilmədiyini qeyd edirlər.
“Azərbaycan hakimiyyəti 2023-cü ilin noyabr ayından və 2024-cü ilin noyabrında keçirilən COP29-dan əvvəl və sonra müxalifətə qarşı repressiyalarını gücləndirib, vətəndaş cəmiyyəti, jurnalistlər və fəalları uydurma ittihamlarla siyasi motivli həbslərlə hədəfə alıb. Həbs olunanların çoxu həbsdə pis rəftardan şikayətlənir”, müraciətdə bildirilir.
Müraciətdə ötən bir ildən artıq bir dövrdə həbs edilən şəxslərin, o cümlədən Afiyəddin Məmmədov, Bəxtiyar Hacıyev, Rail Abbasov, İlhamiz Quliyev, Azər Qasımlı, Rüfət Səfərov, Nazim Bəydəmirli, İqbal Əbilov, Bəhruz Səmədov, Anar Məmmədli, Qubad İbadoğlu, Akif Qurbanov, Tofiq Yaqublu, habelə “Abzas Media”, “Toplum TV”, “Meydan TV” və “Kanal 13” jurnalistlərinin işləri vurğulanır.
Müəlliflər bu şəxslərin işlərinin çoxsaylı haqsız həbslərə nümunə olduğunu və təcili diqqət tələb etdiyini, digərlərinin səyahət qadağası və hədə-qorxuya məruz qaldığını bildirirlər.
“Bu repressiya müstəqil vətəndaş cəmiyyəti təşkilatları və medianın fəaliyyəti üçün son dərəcə məhdudlaşdırıcı hüquqi mühitlə birlikdə ölkədə istənilən müxalifəti və legitim insan hüquqları işini kökünü kəsmək təhlükəsi yaradır və qətiyyətli beynəlxalq reaksiyanın zəruriliyini daha da qabarıq göstərir”, müraciətdə vurğulanır.
İnsan hüquqları təşkilatları bütün bunları nəzərə alaraq AŞPA-nı Azərbaycanın qurumdakı nümayəndə heyətinin səlahiyyətlərini yenidən təsdiqləməməyə, səlahiyyətlərin bərpası üçün aydın meyarlar hazırlamağa və tətbiq etməyə çağırırlar.
Onların fikrincə, meyarlar sırasında jurnalistlərin və fəalların dərhal və qeyd-şərtsiz azad edilməsi, cinayət təqiblərinə xitam verilməsi, AİHM qərarlarının tam icrası, AŞPA məruzəçiləri və CPT ilə əməkdaşlığın bərpası, məhdudlaşdırıcı QHT qanunvericiliyinə düzəlişlər, həmçinin ifadə, birləşmək və toplaşmaq, hərəkət azadlığına qoyulan sistemli məhdudiyyətlərin aradan qaldırılması yer almalıdır.
Azərbaycanda artan repressiyalara Avropa Şurasının hərtərəfli reaksiyasının zəruriliyini vurğulayan insan hüquqları təşkilatları, Assambleyanın AŞ Baş katibini Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasının sistematik şəkildə pozması ilə bağlı 52-ci maddə üzrə araşdırmaya başlamağa çağırmasını istəyirlər.
Bundan əlavə, müraciətdə AŞPA-nın Avropa Şurasının Azərbaycanla bağlı Fəaliyyət Planının yenilənməsinə nəzarət etməli olduğu, əməkdaşlığın insan hüquqlarının vəziyyətinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi ilə şərtləndirilməli olduğu vurğulanır.
AŞPA Azərbaycanın öhdəliklərin yerinə yetirməməsi və insan hüquqlarının pisləşən vəziyyətini əsas gətirərək azərbaycanlı deputatların etimadnaməsini ötən ilin yanvar ayında ratifikasiya etməyib.
Assambleyada səsvermədən əvvəl qurumda iştirakını dayandırdığını bəyan edən Azərbaycanın nümayəndə heyəti baş verənlərin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə görə aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib.
Ötən il avqustun 25-də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə səs verən deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyini açıqlayıb.
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyada Çernobbio Forumunda çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsini “qırmızı xəttin keçilməsi” və Azərbaycanın suverenliyini bərpa etməsinə görə tətbiq edilən sanksiya adlandırıb.
İlham Əliyev əlavə edib ki, Azərbaycanın nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa edildikdən sonra onlara qarşı qoyulmuş qadağa aradan qaldırılacaq.
Forum