Accessibility links

AŞPA məruzəçiləri Bəxtiyar Hacıyevin həbsindən dərin narahatlıq ifadə edib


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri azərbaycanlı insan haqları fəalı Bəxtiyar Hacıyevin 10 illik həbs cəzasına məhkum edilməsi ilə bağlı “dərin narahatlıq” ifadə edib.

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoffersen və siyasi məhbuslar üzrə baş məruzəçi Torhildur Sunna Evarsdottir yanvarın 16-da yaydıqları birgə bəyanatda hökmü “ədalətsiz” adlandıraraq, Azərbaycan hakimiyyətini işə yenidən baxmağa çağırıblar.

“Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar tarixli hökmü ilə Bəxtiyar Hacıyevin 10 il azadlıqdan məhrum edilməsi, Bakıdakı mənzilinin və bank hesablarındakı vəsaitin müsadirə edilməsi, azad edildikdən sonra bir il müddətinə təhsil fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulması bizi dərindən sarsıtdı. Bu hökm ədalətsizdir və iddia edilən cinayətlərə qeyri-mütənasibdir”, AŞPA məruzəçiləri vurğulayıblar.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” kimi ittihamlarla həbs edilsə də, ona qarşı ittihamlar sonradan ağırlaşdırılıb, “qaçaqmalçılıq”, “qanunsuz sahibkarlıq” və “vergidən yayınma” kimi Cinayət Məcəlləsinin daha 5 maddəsi üzrə yeni ittihamlar irəli sürülüb.

AŞPA məruzəçiləri hələ 2023-cü ilin fevralında bəyanat yayaraq, Hacıyevin hökumətə qarşı tənqid mövqeyi ilə əlaqəli olduğu güman edilən məhkəməyəqədər həbsinin özbaşınalığından narahatlıq ifadə etmişdilər.

İki ildən artıq çəkən istintaq və məhkəmə prosesindən sonra Bəxtiyar Hacıyev yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən xaricdən qaçaqmalçılıq yolu ilə valyuta gətirmə, cinayət yolu ilə əldə edilən vəsaiti leqallaşdırma, vergidən yayınma kimi ittihamlarla təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacıyev ittihamları “tamamilə uydurma” adlandırıb, siyasi sifarişlə həbs olunduğunu və həbsinin əsl səbəbinin Azərbaycanda insan hüquqlarını pozanlara qarşı sanksiyaların tətbiq edilməsinə yönəlmiş fəaliyyətinin olmasını göstərib.

AŞPA məruzəçiləri çıxarılan hökmün Hacıyevin həbsinin özbaşınalığı və tənqidi mövqeyinə görə cəzalandırması ilə bağlı narahatlıqları yenilədiyini vurğulayıblar.

Onların fikrincə, bu hökm Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presedent hüququnda olduğu kimi Azərbaycanda hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin qisas məqsədli təqiblər və qanunun aliliyinə zidd olaraq cinayət qanunlarından sui-istifadə yolu ilə özbaşına həbslərinin narahatedici tendensiyasına dair daha bir nümunə kimi görünür.

“Biz Azərbaycan hakimiyyətini beynəlxalq insan hüquqları standartlarına uyğun olaraq hökmə yenidən baxmağa, cənab Hacıyevi və hökuməti tənqid etdiklərinə görə qisas məqsədi ilə və ya insan hüquqları sahəsində fəaliyyətinə görə həbsdə qalan bütün digər şəxsləri dərhal azad etməyə çağırırıq”, bəyanatda qeyd edilir.

Harvard universiteti məzunu, 2010-cu ildə Milli Məclisə seçkilərdə namizəd olmuş və uzun illərdir ictimai-siyasi fəaliyyətlə məşğul olan Bəxtiyar Hacıyevin növbəti dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə bağlı bu həftə Birləşmiş ŞtatlarAvropa İttifaqı da narahatlıq ifadə edib.

ABŞ yanvarın 14-də Bəxtiyar Hacıyevə qarşı çıxarılan məhkəmə qərarından “dərin məyusluq” ifadə edərək, Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərinə əməl etməyə və ədalətsiz yerə həbs edilənləri azad etməyə çağırıb.

Rəsmi Bakı ABŞ-nin bəyanatına cavab verərək Hacıyevə qarşı çıxarılmış hökmün “iş üzrə çoxsaylı sübutlara” əsaslandığını bildirib və məhkəmə proseslərinə “kənar müdaxilə”nin yolverilməz olduğunu qeyd edib.

“Görünür, bu cür yanaşma qanunun aliliyinin əhəmiyyətinin artırılmasından daha çox siyasi maraqlara əsaslanır”, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə X səhifəsində yazıb.

Hacıyevi siyasi məhbus kimi tanıyan yerli insan hüquqları təşkilatları hazırda Azərbaycanda siyasi motivli ittihamlarla həbs edilən 300-dən artıq şəxsin olduğunu qeyd edirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG