Accessibility links

Avropa İttifaqı Azərbaycanda fəalların məhkum edilməsindən təəssüfünü ifadə edib


Avropa İttifaqı (Aİ) Azərbaycan hakimiyyətinin fəalları və jurnalistləri həbs cəzalarına məhkum etməsindən təəssüfünü ifadə edərək onların azad edilməsinə çağırıb.

“Aİ Bəxtiyar Hacıyev, Rail Abbasov və İlhamiz Quliyev kimi aktivistlərin, Kanal 11-in jurnalisti Teymur Kərimov, eləcə də həmkarlar ittifaqı üzvü Afiyəddin Məmmədovun həbs cəzasına məhkum edilməsindən təəsüflənir. Biz fundamental hüquqlarının qorunmasına görə həbs olunanları azad etməyə çağırırıq”, İttifaqın Azərbaycandakı nümayəndəliyinin bəyanatında vurğulanır.

2024-cü ili fəal İlhamiz Quliyevi “narkotik” ittihamı ilə 3 il, jurnalist Teymur Kərimovu “hədə-qorxu ilə tələb etmə” ittihamı ilə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum etməklə başa vuran Bakı Ağır Cinayətlər Məhkəməsi, 2025-ci ilin ilk iki həftəsi ərzində daha üç fəala qarşı azadlıqdan məhrumetmə cəzası çıxarıb.

İnsan hüquqları fəalı Bəxtiyar Hacıyev yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən xaricdən qaçaqmalçılıq yolu ilə valyuta gətirmə, cinayət yolu ilə əldə edilən vəsaiti leqallaşdırma, vergidən yayınma kimi ittihamlarla təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacıyev ittihamları “tamamilə uydurma” adlandırıb və həbsinin əsl səbəbinin Azərbaycanda insan hüquqlarını pozanlara qarşı sanksiyaların tətbiq edilməsinə yönəlmiş fəaliyyətinin olmasını göstərib.

Yanvarın 14-də Birləşmiş Ştatlar Bəxtiyar Hacıyevə qarşı çıxarılan məhkəmə qərarından “dərin məyusluq” ifadə edərək Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərinə əməl etməyə və ədalətsiz yerə həbs edilənləri azad etməyə çağırıb.

Rəsmi Bakı ABŞ-nin bəyanatına cavab verərək Hacıyevə qarşı çıxarılmış hökmün “iş üzrə çoxsaylı sübutlara” əsaslandığını bildirib və məhkəmə proseslərinə “kənar müdaxilə”nin yolverilməz olduğunu qeyd edib.

“Görünür, bu cür yanaşma qanunun aliliyinin əhəmiyyətinin artırılmasından daha çox siyasi maraqlara əsaslanır”, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə X səhifəsində yazıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi yanvarın 14-də işçi hüquqları fəalı, “İşçi Masası” alternativ həmkarlar ittifaqları konfederasiyasının sədri Afiəddin Məmmədovu Cinayət Məcəlləsinin “xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma” və digər bir neçə maddəsi ilə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib.

Bundan əvvəl isə yanvarın 9-da ictimai fəal Rail Abbasov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu dələduzluqda təqsirli bilsə də, Abbasov əsassız olaraq həbs edilmiş dostu, insan haqları fəalı Bəxtiyar Hacıyevi müdafiə etdiyinə görə saxta ittihamla həbs edildiyini bildirib.

Aİ, o cümlədən Avropa Parlamenti və bir sıra Qərb dövlətləri Azərbaycanda jurnalistlərin və fəalların həbsləri ilə bağlı dəfələrlə narahatlıq ifadə edərək, Bakını təzyiqlərə son qoymağa çağırıb.

Yerli və beynəlxalq insan hüquqları təşkilatları fəalların və jurnalistlərin həbsini siyasi motivli hesab edir, hökumətin 2023-cü ilin noyabrından başlayaraq ölkədəki tənqidi səslərə qarşı “misli görünməmiş repressiyalar” həyata keçirdiyini vurğulayır.

Rəsmi Bakı isə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair ittihamları israrla qəbul etmir və ölkədə bütün hüquq və azadlıqların qorunduğunu bildirir.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanın vətəndaş cəmiyyətinin çoxsaylı fəalları, “Abzas Media”, “Toplum TV”, “Kanal 13” və “Meydan TV” kimi müstəqil media orqanlarının jurnalistləri, bəziləri tam heyət olmaqla həbs edilib.

Həbslərlə əlaqədar Avropa Parlamenti ötən il bir neçə qətnamə qəbul edərək Brüsseli Azərbaycanla enerji sahəsindəki tərəfdaşlığı dayandırmağa, insan hüquqlarını pozan azərbaycanlı rəsmilərə hədəfli sanksiyalar tətbiq etməyə çağırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG