Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində 2024-cü ilin siyasi yükunlarından və 2025-ci ildə iqtidar-müxalifət münasibətlərinin perspektivlərindən danışıb.
Amerikanın Səsi: 2024-cü ilin siyasi yekunlarını necə xarakterizə edərdiniz? İlin əsas siyasi hadisələri kimi nələri qeyd edərdiniz?
Cəmil Həsənli: Əgər sizin sualınıza bir cümlə ilə cavab vermək lazım gəlsə, 2024-cü ildə Azərbaycan siyasi baxımdan irəli getmədi, geri getdi. 2024-cü il siyasi məhbuslar ili kimi tarixə düşdü. Siyasi məhbusların sayı 330-da artıqdır. 2024-cü il kollektiv həbslər ilidir. Məsələn, kollektiv həbslər sonuncu dəfə 1937-cu ildə olub (Stalin repressiyası nəzərdə tutulur-red). “Azneft işi”, “AzFAN işi” (Azərbaycan Elmlər Akademiyası işi-red), “Əli Bayramlı işi”, “Şamaxı işi” və başqa, belə-belə saxta işlər uydururdular. Çox adam tutmaqdan ötrü belə saxta işlər uydururdular və kütləvi həbslər keçirirdilər. 2024-cü ildə də “Abzas Media”nın bütün kollektivinin həbs edilməsi, “Toplum TV”-nin kollektivinin əksəriyyətinin həbs edilməsi, “Meydan TV”-nin əməkdaşlarının kollektiv şəkildə həbs edilməsi, qeyri-hökumət təşkilatları aktivistlərinin həbsi, jurnalistlərin həbsi, bunlar kollektiv həbslərdir. 2024-cü il eyni zamanda seçkilər baxımından hakimiyyətin mənimsənilməsi ili oldu. İki seçki keçirildi, fevralda prezident seçkiləri, sentyabrda isə parlament seçkiləri keçirildi. Hər iki seçki seçici aktivliyinin minimum həddə enməsi ilə nəticələndi. Bizimlə qonşu olan İranda hətta seçici aktivliyi 2024-cü ildə 40 faizə düşəndə ölkə rəhbərliyi bunun həyəcanını yaşadı. Seçicilərə müraciət etdi ki, gəlin səs verin. Azərbaycanda isə heç kəs bunun fərqində deyil. Çünki Azərbaycanda mandatı xalqdan almırlar, Mərkəzi Seçki Komissiyasından alırlar. Bu baxımdan Azərbaycan 2024-cü ildə iki növbədənkənar saxta seçki keçirdi və bu növbədənkənarlılıq da, belə deyək, artıq Azərbaycanın taleh yazısına çevrilir. Prezidentin növbədənkənar seçki təyin etmək hüququ olması o demək deyil ki, bütün seçkilər növbədənkənar olmalıdır. Faktiki olaraq özü üçün əlverişli vaxtda seçkilər təyin edir və öz hakimiyyətini möhkəmləndirməkdən ötrü seçki görüntüsü yaradır.
Amerikanın Səsi: Ötən il ölkənin xarici və daxili siyasətində hansı hadisələr daha çox diqqəti çəkib? Xarici siyasət kursunda Rusiya, İran, ABŞ və ümumilikdə qərbə inteqrasiya sahəsində baş verənlərə münasibətiniz necədir?
2024-cü il kollektiv həbslər ilidir.
Cəmil Həsənli: Azərbaycan təcridçilik siyasəti ilə üzləşdi. Təkcə COP29 dövründə, onun ərəfəsində, ondan sonra beynəlxalq mediada Azərbaycan hakimiyyətinə, Əliyev rejiminə qarşı yazılan yazıların sayı və sanbalı onun bütün hakimiyyəti dövründə yazılanlardan daha sərt və daha çox oldu. Məsələn, bu kifatyət qədər ciddi məsələdir. Həmişə İlham Əliyev və yaxud müxtəlif dövlət rəsmiləri uğurlu xarici siyasətdən danışırdılar. Həmin o uğurlu xarici siyasətdə 2024-cü ildə, xüsusilə qərb ölkələri tərəfindən təcridolunma müşahidə olunmağa başladı. Azərbyacnaın Avropa Birliyi ilə, Avropa Şurası ilə və ABŞ-la münasibətlərində kifayət qədər çatlar yaranmağa başladı. 2024-cü ildə Azərbaycan Avropa Şurasından (AŞPA-da səsvermə hüququndan məhrum edilməsi nəzərdə tutulur-red) çıxarıldı. Bu, kifayət qədər ciddi bir xarici siyasət uğursuzluğu idi. Eyni zamanda, 2024-cü ildə ölkənin daxili siyasətində avtoritarizm, həbslər, işgəncələr, vətəndaşların rifah halının daha da pisləşməsi müşahidə edildi. Təsəvvür edin ki, 2024-cü ildə Azərbaycan vətəndaşlarının minimum əmək haqqı 202 dollar səviyyəsində idi. 2024-cü il sərhədlərin qapadılması ili kimi də yadda qaldı. Yəni 2020-ci ildən başlanan siyasət, quru sərhədlərin qapadılmasını özündə ehtiva etdi. Daha bir il Azərbaycan sərhədləri qapalı şəraitdə yaşamalı oldu.
Amerikanın Səsi: 2024-cü ildə Azərbaycanın İranla və Rusiya ilə münasibətlərini necə qiymətləndirərdiniz?
Cəmil Həsənli: Vaxtı ilə Azərbaycanın xarici siyasət strategiyası ondan ibarət idi ki, 3+3. Yəni Cənubi Qafqazdakı problemlərin həllini Azərbaycan rəhbərliyi üç Cənubi Qafqaz respublikası və üç qonşu ölkə (Türkiyə, Rusiya, İran) çərçivəsində görürdü. Məqsəd də qərbi regiona buraxmamaq idi. Yəni məqsəd Güney Qafqaza demokratiyanın yolunu bağlamaq idi. Bu baxımdan əlbəttə 2024-cü il bəslənilən ümidləri doğrultmadı. Azərbaycanın İranla münasibətlərində kifayət qədər gərgin məqamlar yaşandı. Azərbaycanın Rusiya ilə münasibətlərində ənənəvi yedək siyasətində bir balaca çatlar əmələ gəldi. Bu da Azərbaycan təyyarəsinin vurulması ilə bağlı idi. Bu təyyarənin vurulması Rusiyanın nə qədər etibarsız müttəfiq olmasının əyani göstəricisi idi. Bu baxımdan 2024-cü ilin sonlarından başlayaraq Ermənistanın Avropa Birliyinə inteqrasiya etmək istiqamətində addımlar atması yenidən Rusiyanı, Azərbaycanı və İranı bir-birinə yaxınlaşdırıb.
Amerikanın Səsi: 2024-cü ildə Azərbaycanda insan hüquqlarının durumu ən çox tənqidə məruz qalan sahə olub. 2025-ci ildə bu sahədə hansı islahatları prioritet hesab edirsiniz?
Cəmil Həsənli: 2024-cü ildə Azərbaycanda insan haqları tənqid edildiyindən də xeyli ağır vəziyyətdədir. Hələ, o tənqidlər Azərbaycanda insan hüquqlarının ağırlığını özündə ifadə edə bilmir. Məsələn, bir dindar bir neçə gün əvvəl məhkəmə prosesində ifadə vermişdi ki, onun bədəninə elə elektrik cərəyanı veriblər ki, o nəsil artırmaq qabiliyyətini itirib. Təsəvvür edirsiniz bu nədir? Bu insan talelərinin məhv edilməsidir. Bandotdel (Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkalıqla Mübarizə Baş İdarəsi nəzərdə tutulur-red) tam gücü ilə işləyib. Nəticə etibarı ilə bu işlərə cavabdeh olan 3 rəsmiyə qarşı Avropa Parlamenti sanksiya qoyulması ilə bağlı qərar qəbul edib və hökümətə müraciət edib. Bu siyasi həbslər bir növ İlham Əliyev üçün siyasi investisiya xarakteri daşıyır. Bu həbslər dairəsi genişlənir. Günahsız adamlar tutulur. Qanunsuz hökmlər çıxarılır. Bu Qərblə münasibətlərdə bir investisiya rolunu oynayır. Sonra bu dövriyyəyə verilir. Sonra demokratiya alveri edilir. Münasibətlərin qurulması üçün qanunsuz həbs edilmiş adamlardan bir vasitə kimi istifadə edir. Doğrusu nə qədər ki, İlham Əliyev hakimiyyətdədir insan hüquqları ilə bağlı ölkədə nəyinsə dəyişəcəyinə o qədər də ümid bəsləmirəm. Ola bilər ki, indiki məhbuslardan kimlərsə azad edilsin. Amma, əvəzinə yerlər boş qalmayacaq. Əvəzinə yeni adamlar tutulacaq.
Amerikanın Səsi: 2025-ci ildə iqtidar-müxalifət münasibətlərini necə proqnozlaşdırırısınız? Sizcə siyasi müxalifət bu və ya digər şəkildə iqtidarın qəbul etdiyi qərarlara təsir mexanizmlərinə malikdirmi?
Cəmil Həsənli: Belə deyək də, ölkədə hələ də sosial medianın mövcud olması, bu şəbəkələrdə aparılan müzakirələr nəyəsə təsir edə bilir. Bunu açıq şəkildə Azərbaycan təyyarəsinin vurulması ilə bağlı müşahidə elədim. Əslində bu kampaniyanı müxalifət, müstəqil jurnalistlər, sosial media istifadəçiləri başladı. Bu o qədər güclü oldu ki, məsələni gizlətmək mümkün olmadı. Hakimiyyət də öz narazılığını ifadə etmək məcburiyyətində qaldı. Amma bunu elə təqdim edirlər ki, sanki bu ictimai rəyin təsiri altında baş verməyib. Amma əsas odur ki, yaxşılığa doğru bir dönüş olsun. Siyasi baxımdan iqtidar-müxalifət arasında, söhbət gerçək müxalifətdən gedir, hansısa bir formada əməkdaşlığın olacağı mümkün görsənmir. İqtidarın çox imkanları var. Amma onların özlərinə müxalifət seçmək imkanları yoxdur. İqtidar ki, barmaqla göstərdi, mənim müxalifətim budur. Həmin gündən o müxalifət deyil.
Qeyd: Rəsmi Bakı ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradəsinə görə təqib edilmədiyini bəyan edir. Dövlət rəsmiləri insan hüquqları, seçki saxtakarlığı ilə bağlı tənqidləri qərəzli sayır və qəbuledilməz hesab edir. Seçkilərlə bağlı məsələyə gəlincə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının ölkədəki seçkilərin demokratik standartlara uyğun olmaması barədə rəylərinə baxmayaraq Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini tanıyıb və ciddi şikayətlərin olmadığını bildirib. Hökuməti həmçinin insanların rifah halının dönmədən inkişaf etdiyini, son illərdə minimum pensiyaların və əmək haqlarının bir neçə dəfə artırıldığını bildirir.
Bununla yanaşı yerli hüquq müdafiə təşkilatlarının son hesabatına görə ölkədə 331 siyasi məhbus var. Azərbaycan beynəlxalq azadlıq indekdində qeyri azad ölkə statusunda yer alıb. Ölkə beynəlxalq korrupsiya indekslərində də geriləməkdə davam edir.
Forum