ABŞ Bəxtiyar Hacıyevə qarşı çıxarılan son məhkəmə qərarından dərin məyusluq hissi keçirir. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin ictimai fəal Bəxtiyar Hacıyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsinə münasibətində deyilir.
“Biz, ardıcıl olaraq, Azərbaycanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə və haqsız yerə həbs olunanları azad etməyə çağırırıq”, məlumatda deyilir.
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Hakim Əli Məmmədov, Azad Məcidov və Səbinə Məmmədzadədən ibarət hakimlər kollegiyası Bəxtiyar Hacıyevin xaricdən qaçaqmalçılıq yolu ilə valyuta gətirmə, cinayət yolu ilə əldə edilən vəsaiti leqallaşdırma, vergidən yayınma və s. ittihamlarla təqsirli bilib.
Onun Zərdabi küçəsindəki evi və bank hesabında olan pulu müsadirə edilib, həmçinin Hacıyevin azad edildikdən sonra 1 il ərzində təlim-tərbiyə işləri ilə məşğul olmasının qadağan edilməsi haqqında qərar verilib.
Fəal hökmü siyasi motivli adlandırıb, ona qarşı irəli sürülən bütün ittihamların hüquqi olaraq təkzib edildiyini bildirib. Xuliqanlıq ittihamlarına gəlincə, Hacıyev "hakimiyyətdəki kuratorlarının" əmrini yerinə yetirən Ülviyyə Alovlunun şikayəti əsasında saxtalaşdırıldığını deyib.
Hacıyev bütün digər iqtisadi ittihamları absurd adlandırıb. O bildirib ki, bu ittihamlar guya onun Qərb təşkilatlarından qrant alması və Azərbaycanda dövlət çevrilişi törətməyi planlaşdırması haqqında anonim elektron məktub əsasında irəli sürülüb.
Fəal bu ittihamları da "tamamilə uydurma" adlandırıb. Hacıyev həbsinin əsl səbəbinin Azərbaycanda insan hüquqlarını pozanlara qarşı sanksiyaların tətbiq edilməsinə yönəlmiş fəaliyyətinin olmasını göstərib.
O, DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin əməkdaşına qarşı ünvanlı sanksiyalar tətbiq edildikdən dərhal sonra həbs olunub.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.
2023-cü ilin iyunun 16-da hüquq müdafiəçisinə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Həmin ilin noyabrında isə ona qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Hacıyevin özü və həmkarları onun həbsini Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbər şəxslərini kəskin tənqid etdiyinə görə siyasi sifariş hesab edir.
Bəxtiyar Hacıyev yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.
Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Avropa Parlamenti, Amnesty International, həmçinin ABŞ Dövlət Departamenti Bəxtiyar Hacıyevin azadlığa buraxılması ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken dekabrın 11-də Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə çağırıb.
"Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, Meydan TV-nin bu yaxınlarda həbs olunan əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırır," - Antoni Blinkenin bəyanatında deyilir.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, "ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycanda insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını pisləyir və rədd edir".
Forum