"Məqsədimiz işçi istismarının qarşısını almaq, əmək qanunvericiliyinə riayət olunmasını təmin etmək, ədalət sisteminin qurulmasında pay sahibi olmaq idi. Hakimiyyət bizim addımlarımızı düşmənçiliklə qarşıladı. Dəfərlərlə inzibati həbsə məhkum etdi, işgəncələrə məruz qoydu, indi də cinayətlə ittiham edir. Hər şeyə rəğmən ümidliyəm və vicdanla yaşadığım üçün aldığım cəzadan narahat deyiləm".
Bu sözləri yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilən İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov məhkəmədəki son sözündə deyib.
Konfederasiyanın sədri məhkəmədə bildirib ki, hakimiyyət onları həbs edərək ailə şirkətlərinin istismar etdiyi, kölələşdirdiyi işçilərə, əməkçi xalqa göz dağı verir, onları susdurmaq istəyir:
"Mən və yoldaşlarım seçilmiş qurbanlarıq. Dina Kaminskayanın "Bir vəkilin qeydləri" kitabında dediyi kimi: "Boyun varsa taxmağa ip tapılar". Törətmədiyimiz cinayətlərlə ittiham olunmağımız, hakim siniflərə qarşı çıxmağımızın cəzasıdır. Bu ölkənin işçiləri söz sahibi olacaq! Qızıl ulduz yaxınlaşır, zülmət səma aydınlanacaq".
Məmmədov heç bir cinayət törətmədiyini, işçi haqlarını müdafiə etdiyinə görə həbs olunduğunu deyib.
"14 yaşımdan bəri müxtəlif sahələrdə işçi kimi çalışmışam, istismarla, ədalətsizliklə barışmadığım üçün sonda iş yerlərindən çıxmaq məcburiyyətində qalırdım. Mən isə susqunluqla barışa bilmirdim və qərarlarıma qətiyyətlə davam edirdim. Cəfası mənim üçün ağır olsa da... Çünki reallıqları unudaraq, boş ümidlərin arxasınca getmək mənim üçün qəbuledilməzdir. Yoldaşlarımla birlikdə 1 mart 2022-ci ildə İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasını qurduq. İşçilərin problemlərini işıqlandırdıq, işçi hüquqları uğurunda mübarizə apardıq, qanunvericilikdəki problemlərdən, lazımi əlavə və dəyişikliklərdən danışdıq. Əgər günahımız varsa o da tənqid və tələb etməkdir, ədalətsizliklərə qarşı mübarizədir, işçilərin yanında olmağımızdır, bu vətəni, bu milləti sevməyimizdir, vicdanla yaşamağımızdır, hər kəs kimi susmamaqdır", deyə, Məmmədov son sözündə qeyd edib.
Vəkil Zibeydə Sadıqova bildirib ki, onlar məhkəmədən bəraət istəsələr də, məhkəmə ittiham hökmü verib:
"Biz xahiş etdik ki, hökm zamanı jurnalistlər məhkəmədən görüntülər götürə bilsinlər, təəssüf ki, məhkəmə buna icazə vermədi. Məhkəmə hər 3 maddə ilə Afiəddini təqsirli bildi və Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 7 il, 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə 2 il, 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası verdi. Qismən toplamaqla Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edildi".
Afiəddin Məmmədovun atası Etibar Məmmədov da hökmlə razılaşmır və oğluna qarşı haqsızlıq edildiyini deyir.
"Mənim uşağıma heç bir cinayət olmadan hökm oxudular. Heç nəyi sübut etmədilər. Belə şey dünyada görünməyib, ancaq həddindən artıq inkişaf etmiş Azərbaycanda var. Mənim bu gün bağrım çatlayır. Göstər ki, bu şeyi edib, onun cəzasını ver, amma bir dənə şey sübut olmadan sən necə ona 8 il verə bilərsən...", atası hökmə münasibət bildirərkən vurğulayıb.
Vəkil Zibeydə Sadıqovanın sözlərinə görə, onlar qərardan apellyasiya şikayəti verəcəklər.
İşçi Masasının sədri Afiəddin Məmmədov 2023-cü ilin sentyabrın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.
Bu ilin yanvarın 7-də dövlət ittihamçısı Afiəddin Məmmədovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Hazırda İşçi Masasının digər 3 üzvü də həbsdədir.
İşçi Masasının üzvü Möhyəddin Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb.
Suraxanı Rayon Məhkəməsi Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Bundan əvvəl də ictimai fəal 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası almışdı. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib. Həmin dövrdə Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.
İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov isə 2023-cü ilin avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilıb.
Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. 2024-cü ilin aprel ayında məhkəmənin qərarı ilə Ayxan İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilib.
2024-cü ilin yanvar ayında İşçi Masasının digər üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
2023-cü ilin avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.
Fəallar ittihamları qəbul etmir və həbslərini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.
Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.
Forum