Accessibility links

Azərbaycan ABŞ səfirliyinin Bəxtiyar Hacıyevə verilən hökmlə bağlı bəyanatına cavab verib


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəhbəri Ayxan Hacızadə ABŞ-nin Azərbaycandakı səfirliyinin hüquq müdafiəçisi Bəxtiyar Hacıyev barədə məhkəmə hökmü ilə bağlı X Platformasında yaydığı məlumata münasibət bildirib.

“Bəxtiyar Hacıyevə qarşı qanuni məhkəmə qərarı işdəki çoxsaylı sübutlara əsaslanır və məhkəmə prosedurlarına xarici müdaxilə qəbuledilməzdir”, Xarici İşlər Nazirliyinin təmsilçisi X Platformasında yazıb.

Hacızadə daha sonra ABŞ-də də eyni cinayətlərin cəzalandırıldığı halda səfirliyin niyə narazı olduğunu sual edib.

“Maraqlıdır ki, eyni növ vergi fırıldaqçılığı və maliyyə cinayətləri ABŞ-da dəfələrlə ciddi şəkildə cəzalandırılır və həbs müddəti 30 ilə qədər çata bilər, nə üçün bu ölkə digər ölkələrdə belə cinayətlərə qarşı verilən cəzadan narazıdır”, o qeyd edib.

ABŞ səfirliyi yanvarın 14-də X Platformaısnda bildirib: “ABŞ, Bəxtiyar Hacıyevə qarşı çıxarılan son məhkəmə qərarından dərin məyusluq hissi keçirir. Biz, ardıcıl olaraq, Azərbaycanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə və haqsız yerə həbs olunanları azad etməyə çağırırıq”, məlumatda deyilir.

Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Hakimlər Əli Məmmədov, Azad Məcidov və Səbinə Məmmədzadədən ibarət kollegiya Bəxtiyar Hacıyevin xaricdən qaçaqmalçılıq yolu ilə valyuta gətirmə, cinayət yolu ilə əldə edilən vəsaiti leqallaşdırma, vergidən yayınma və s. ittihamlarla təqsirli bilib.

Onun Zərdabi küçəsindəki evi və bank hesabında olan pulu müsadirə edilib, həmçinin Hacıyevin azad edildikdən sonra 1 il ərzində təlim-tərbiyə işləri ilə məşğul olmasının qadağan edilməsi haqqında qərar verilib.

Fəal hökmü siyasi motivli adlandırıb, ona qarşı irəli sürülən bütün ittihamların hüquqi olaraq təkzib edildiyini bildirib. Xuliqanlıq ittihamlarına gəlincə, Hacıyev "hakimiyyətdəki kuratorlarının" əmrini yerinə yetirən şəxsin şikayəti əsasında saxtalaşdırıldığını deyib.

Hacıyev bütün digər iqtisadi ittihamları absurd adlandırıb. O bildirib ki, bu ittihamlar guya onun Qərb təşkilatlarından qrant alması və Azərbaycanda dövlət çevrilişi törətməyi planlaşdırması haqqında anonim elektron məktub əsasında irəli sürülüb.

Fəal bu ittihamları da "tamamilə uydurma" adlandırıb. Hacıyev həbsinin əsl səbəbinin Azərbaycanda insan hüquqlarını pozanlara qarşı sanksiyaların tətbiq edilməsinə yönəlmiş fəaliyyətinin olmasını göstərib.

O, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşına qarşı ünvanlı sanksiyalar tətbiq edildikdən dərhal sonra həbs olunub.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.

2023-cü ilin iyunun 16-da hüquq müdafiəçisinə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Həmin ilin noyabrında isə ona qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Hacıyevin özü və həmkarları onun həbsini Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbər şəxslərini kəskin tənqid etdiyinə görə siyasi sifariş hesab edir.

Bəxtiyar Hacıyev yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Avropa Parlamenti, Amnesty International, həmçinin ABŞ Dövlət Departamenti Bəxtiyar Hacıyevin azadlığa buraxılması ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken ötən il dekabrın 11-də Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə çağırıb.

"Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, Meydan TV-nin bu yaxınlarda həbs olunan əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırır," Antoni Blinkenin bəyanatında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, "ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycanda insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını pisləyir və rədd edir".

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG