Avropa İttifaqı (Aİ) Azərbaycanda son həbslərdən narahatlıq ifadə edib, Azərbaycan rəsmilərini Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi (CPT) ilə konstruktiv dialoqu bərpa etməyə çağırıb.
Avropa Şurası Nazirlər Komitəsinin Strasburqda sentyabrın 11-də keçirilən iclasında Azərbaycanın İşgəncələr Əleyhinə Komitə ilə əməkdaşlığı dayandırması məsələsi müzakirə edilib.
İttifaqın Avropa Şurasındakı Nümayəndəliyinin rəhbəri, səfir Vesna Batistiç Kos Aİ-nin Azərbaycan hökuməti ilə İşgəncələr Əleyhinə Komitə arasında davamlı əməkdaşlığın olmamasından təəssüfləndiyini və Azərbaycan rəsmilərini Komitə ilə konstruktiv dialoqu bərpa etməyə çağırdığını bəyan edib.
“Biz Azərbaycan hakimiyyətini Komitənin bəyanatında qaldırılan məsələləri öz beynəlxalq öhdəliklərinə, o cümlədən Azərbaycanın Avropa Şurasının üzvü kimi üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq həll etməyə çağırırıq”, Səfir qeyd edib.
Aİ həmçinin Azərbaycanda ötən ildən başlayaraq müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin həbslərinin narahatedici tendensiyası ilə bağlı narahatlıq ifadə edib.
“Biz Azərbaycanı şəffaflığı və lazımi prosesi, eləcə də bütün məhbuslar üçün layiqli və təhlükəsiz şəraiti, o cümlədən onların səhiyyə və müstəqil hüquqi xidmətlərə tam çıxışını təmin etməyə, işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza ilə bağlı ciddi məsələləri həll etməyə çağırırıq”, Aİ Nümayəndəliyinin iclasdan sonra yaydığı bəyanatda vurğulanır.
Səfir Batistiç Kos Aİ-nin ortaq beynəlxalq öhdəliklərə uyğun olaraq, insan hüquqları və qanunun aliliyi də daxil olmaqla Azərbaycanla əməkdaşlığın bütün əsas istiqamətləri üzrə dialoqu davam etdirməyə sadiq olduğunu bildirib.
Rəsmi Bakı cavab olaraq Aİ-nin bəyanatının “qərəzli” və “qəbuledilməz” olduğunu və “bu qarayaxma kampaniyasını” qətiyyətlə rədd etdiyini bildirib.
“Azərbaycanda insanların bütün hüquqları qorunur, azadlıqdan məhrum edilmiş şəxslərin müdafiə olunması ilə yanaşı, müvafiq təcrübənin ümumi qəbul edilmiş beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində əhəmiyyətli irəliləyiş əldə etməkdədir və Avropa İttifaqının bu barədə iddiaları tamamilə əsassızdır”, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi (CPT) iyulun 3-də Azərbaycanın bu qurumla əməkdaşlıq etməməsi, Azərbaycan hökumətinə, xüsusən də Daxili İşlər Nazirliyinə verilən tövsiyələrin uzun illərdir icra edilməməsi ilə bağlı bəyanat yayıb və Azərbaycanla bağlı son hesabatını dərc edib.
“Təəssüf ki, Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncə və pis rəftar halları davam etməkdədir”, Komitənin icraçı katibi Hyu Çetvind bildirib və əlavə edib ki, 20 ildən artıqdır Azərbaycan hakimiyyəti Komitənin tövsiyələrini icra etmir.
Bəyanatda qeyd edilib ki, Komitə 2022-ci ildə Azərbaycana son səfəri zamanı Daxili İşlər Nazirliyinin tabeliyində olan müəssisələrdə saxlanılan şəxslərə qarşı pis rəftarla bağlı əsaslı tövsiyələrin heç birinin praktiki olaraq uzun illərdir yerinə yetirilmədiyini, pis rəftar və işgəncə hallarının davam etdiyini ortaya çıxarıb.
CPT bir qayda olaraq ölkələr üzrə hesabatını həmin ölkənin razılığı olmadan dərc etmə də, Komitə Azərbaycanla bağlı hesabatını yaymaq qərarını Azərbaycan hakimiyyətinin məktublara cavab verməməsi və əməkdaşlıqdan qəti şəkildə imtina etməsi ilə əsaslandırıb.
Məsələyə reaksiya verən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Russopulos da Azərbaycanın CPT ilə əməkdaşlıqdan imtina etməsi ilə bağlı təəssüfünü ifadə edib, habelə, qurumun Azərbaycana 2022-ci ildə xüsusi səfəri ilə bağlı hazırladığı hesabatın nəticələrinə dair narahatlığını bildirib.
Rəsmi Bakı isə bəyanatdakı iddiları qətil şəkildə rədd etdiyini, Azərbaycanın razılığı alınmadan 2022-ci ildəki xüsusi səfərlə bağlı hesabatın dərc edilməsini “əvvəllər presedenti olmayan qərar” adlandıraraq təəssüfləndiyini bildirib.
Forum