Accessibility links

Həbsdə olan hüquq müdafiəçisi AŞPA-nın builki Vatslav Havel mükafatına namizəd seçilib


Akif Qurbanov
Akif Qurbanov

Azərbaycanlı vətəndaş cəmiyyəti lideri, hazırda həbsdə olan Akif Qurbanov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) builki Vatslav Havel insan hüquqları mükafatına namizəd seçilib.

Avqustun 27-də Praqada toplaşan mükafatın seçim komissiyası üç namizəddən ibarət qısa siyahını açıqlayıb. Namizədlər arasında Akif Qurbanovla yanaşı venesuelalı müxalifət lideri Mariya Korina Maçado və gürcüstanlı vətəndaş cəmiyyəti fəalı Babutsa Patariya yer alır.

“Namizəd [Akif Qurbanov] hüquq müdafiəçisi, siyasi fəal və Azərbaycan vətəndaş cəmiyyətinin fəal üzvüdür. O, Demokratik Təşəbbüs İnstitutunun və Üçüncü Respublika Platformasının həmtəsisçisidir. 2024-cü ilin martında ölkədə jurnalistləri və fəalları hədəf alan həbslər dalğasında həbs edilib”, AŞPA-nın mətbuat xidmətinin məlumatında qeyd edilir.

Akif Qurbanov bu ilin martın 6-da “Toplum TV” işi çərçivəsində “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə həbs edilib. Onun barəsində seçilən həbs qətimkan tədbiri sonradan bir neçə dəfə uzadılıb.

Qurbanov ittihamları rədd edib və həbsinin siyasi sifariş olduğunu qeyd edib.

Bu iş çərçivəsində tanınmış hüquqşünas, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli və əməkdaşı Müşfiq Cabbar, həmçinin vətəndaş cəmiyyəti fəalları Ruslan İzzətli, Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov da həbs edilib.

İnsan hüquqlarının müdafiəsi sahəsində müstəsna fəaliyyətə görə təqdim edilən Vatslav Havel mükafatının builki qalibi AŞPA-nın sentyabr ayında baş tutacaq payız plenar iclasında elan ediləcək.

2013-cü ildə təsis edilən mükafatın əvvəlki qalibləri arasında hazırda Azərbaycanda “qaçaqmalçılıq” ittihamı ilə həbsdə olan digər bir vətəndaş cəmiyyəti lideri, hüquq müdafiəçisi Anar Məmmədli də var.

Anar Məmmədli bu mükafata 2014-cü ildə həbsdə olarkən layiq görülmüşdü.

Forum

XS
SM
MD
LG