Accessibility links

"Toplum TV işi" üzrə həbs olunan daha 3 nəfərin həbs qətimkan tədbiri uzadılıb


Akif Qurbanov, Ruslan İzzətli, Müşfiq Cabbar
Akif Qurbanov, Ruslan İzzətli, Müşfiq Cabbar

İyulun 4-də Xətai Rayon Məhkəməsinin qərarı ilə "Toplum TV işi" üzrə həbs olunan "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanov, "III Respublika Platforması"nın qurucu üzvü Ruslan İzzətli və jurnalist Müşfiq Cabbar barəsində həbs qətimkan tədbiri daha 3 ay artırılıb.

Akif Qurbanovun vəkili Şəhla Hümbətova bildirib ki, müddət 6 oktyabr 2024-cü ilədək uzadılıb:

Vəkil Şəhla Hümbətova
Vəkil Şəhla Hümbətova

"Baxmayaraq ki, biz məhkəməyə həbsin davam etməsi üçün heç bir əsas olmadığını, işin sifarişli olmasını, başqa dəlilləri çatdırdıq, məhkəmə istintaq orqanının vəsatətini təmin elədi. Həbsin davam etdirilməsi üçün zəruri olan, qanunvericiliyin tələb elədiyi heç bir sübut təqdim olunmadı, sadəcə formal olaraq 5 dəqiqənin içində məhkəmə belə bir qərar verdi".

Akif Qurbanov məhkəmədə işin siyasi sifarişli olduğunu deyib.

Məhkəmə Ruslan İzzətli və Müşfiq Cabbar barəsində də eyni qərarı çıxarıb.

İyulun 3-də Xətai Rayon Məhkəməsində "Demokratik Təşəbbüslər İnstitutu"nun (DTİ) həbs olunan əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov, Ramil Babayev, eləcə də "Toplum Tv"nin həmtəsisçisi Ələsgər Məmmədli barəsində də seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

"Toplum TV işi" üzrə nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, "Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynalova, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

XS
SM
MD
LG