Accessibility links

Əziz Orucovun işi üzrə məhkəmə prosesi başlayıb


Əziz Orucov, Kanal 13 internet televiziyasının rəhbəri
Əziz Orucov, Kanal 13 internet televiziyasının rəhbəri

Dekabrın 25-də Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə “Kanal13” kanalının rəhbəri Əziz Orucovun işi üzrə hazırlıq iclası keçirilib.

Vəkil Fəxrəddin Mehdiyev Orucovun hərəkətlərində cinayət tərkibinin olmaması səbəbindən cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət verib.

Orucovun digər vəkili Bəhruz Bayramov məhkəmədən xahiş edib ki, birinci vəsatət təmin olunmadığı təqdirdə kanal rəhbəri ev dustaqlığına buraxılsın. Lakin məhkəmə hər iki vəsatəti də təmin etməyib.

Növbəti məhkəmə prosesi yanvarın 8-nə təyin olunub.

Əziz Orucov 2023-cü il noyabrın 27-də qanunsuz tikinti aparmaq ittihamı ilə saxlanılıb. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orucov ittihamları rədd edir, jurnalist fəaliyyəti ilə bağlı həbs edildiyini bildirir.

İbtidai istintaqın nəticəsinə əsasən həbsdə olan jurnalistə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi üzrə ittiham götürülüb.

Cinayət işi Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət hüququ olmayan torpaqda özbaşına tikinti işlərinin aparılması) maddəsi ilə məhkəməyə göndərilib.

Vəkil Bəhruz Bayramov bildirib ki, qanunsuz tikinti aparmaq ittihamı da əsassızdır.

“Ümid edirəm ki, məhkəmə bu ittihamı Əziz Orucovun üzərindən götürəcək. Çünki rəsmi şəxslərin dediyinə görə, ölkədə 400 mindən çox qanunsuz tikinti var. Əziz Orucovun yaşadığı ərazidə isə üç miondən çox qanunsuz tikinti inşa edilib. Bu qədər qanunsuz tikinti olduğu halda bir jurnalisti günahlandırmaq ədalətli deyil” - deyə, vəkil qeyd edib.

Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin sanksiyasında 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulur.

“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminov isə ötən ilin dekabrında həbs olunub və barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Azərbaycan rəsmiləri isə bu cür çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam təmin edildiyini qeyd edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: "Tramp savaşı bitirməkdə "həlledici" rol oynaya bilər"
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG