İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Rəsədxanası (The Observatory) azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun həbsini pisləyib və ona qarşı ittihamların dərhal ləğv edilərək sərbəst buraxılmasına çağırıb.
İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT) və Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH) hüquq müdafiə təşkilatlarının hüquq müdafiəçilərinin qorunması üzrə birgə layihəsi olan “The Observatory”, Səfərova qarşı təqiblərin dayandırılması üçün kampaniyaya start verib.
Təşkilat dekabrın 20-də yaydığı müraciətində Səfərovun azad edilməsi, ona və digər hüquq müdafiəçilərinə qarşı təqiblərin dayandırılması üçün Azərbaycan rəsmilərinə məktub ünvanlamağa çağırıb.
“The Observatory Azərbaycan hakimiyyətini cənab Səfərovu dərhal və qeyd-şərtsiz azad etməyə və ona qarşı irəli sürülən bütün ittihamları ləğv etməyə çağırır, çünki bu ittihamlar qanuni insan haqları fəaliyyəti ilə birbaşa əlaqəli görünür”, qurum vurğulayıb.
Azərbaycan hakimiyyəti həmçinin Rüfət Səfərovun həbsdə olarkən fiziki və psixoloji toxunulmazlığına zəmanət verməyə, ona və ölkədəki bütün digər hüquq müdafiəçilərinə qarşı məhkəmə və digər formalarda təqiblərə son qoymağa çağırılır.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyi Amerikanın Səsinə bildirib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə baş verib və onun saxlanılması bununla bağlıdır.
Səfərov ittihamları “uydurma” və “cəfəng” adlandıraraq rədd edib, insan hüquqları sahəsindəki fəaliyyəti, ABŞ Dövlət katibinin “İnsan Hüquqları Müdafiəçisi Mükafatı”na layiq görülməsi və mükafatlandırma mərasimində iştirakının qarşısının alınması məqsədi ilə həbs edildiyini bildirib.
ABŞ Dövlət katibi Antoni Blinken dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günü münasibətilə Vaşinqtonda bir neçə ölkədən tanınmış insan hüquqları müdafiəçilərinə mükafat təqdim edərkən Rüfət Səfərov üçün ayrılmış oturacağın boş olmasına diqqət çəkib.
“Keçən həftə, bu mərasimə səfər etmək məqsədilə vizasını almaq üçün ABŞ səfirliyindən çıxdıqdan cəmi bir neçə saat sonra Rüfət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıldı. Onun barəsində həbs qətimkan tədbiri seçildi. Azərbaycan hökuməti Rüfəti azadlığa buraxmalı və bunu dərhal etməlidir. Onun kimi digər jurnalistləri, insan hüquqları müdafiəçilərini, siyasi opponentlərini və ədalətsiz şəkildə həbs edilən digərlərini azad etməlidir”, Dövlət katibi vurğulayıb.
Avropa Parlamenti dekabrın 19-da qəbul etdiyi qətnaməsində Səfərovun və həbs edilən digər hüquq müdafiəçilərinin, jurnalistlərin və fəalların “əsassız, siyasi motivli ittihamlar”la üzləşdiyini vurğulayıb.
Avropalı qanunvericilər Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə, müstəqil mediaya və siyasi müxalifətə qarşı repressiyalarını “kəskin şəkildə” pisləyib, siyasi məhbusların sərbəst buraxılmasına və hökumətin yüksək vəzifəli məmurlarına Avropa İttifaqının (Aİ) hədəfli sanksiyalarının tətbiq edilməsinə çağırıb.
Azərbaycanın hakimiyyət nümayəndələri isə fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib və beynəlxalq çağırışları “Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə” kimi qiymətləndirib.
Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.
2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı təsis edilib. Səfərov bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.
Forum