“Abzas Media”nın həbsdə olan əməkdaşı Elnarə Qasımova saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından ictimaiyyətə məktub ünvanlayıb. Jurnalist məktubunda təcridxanada qadın məhbusların məruz qaldıqları hüquqsuzluqlardan, fiziki və psixoloji zorakılıqlardan, qeyri-insani rəftardan söz açıb.
Nəktubun mətnini “Abzas Media” İnternet nəşri yayıb.
Məktubda deyilir ki, 1 saylı Bakı İstintaq Təcridxanasının (BİT) idarəçilik sisteminin Azərbaycanın idarəçilik üsulu ilə oxşar tərəfləri çoxdur.
“Necə ki, ölkədə vətəndaşların hüquqları pozulur, eləcə də BİT-də saxlanılan şəxslərin hüquqları tapdalanır. Qanunla azadlıqları əllərindən alınmış bu şəxslər həm də müəssisədə qanunsuz məhrumiyyətlərlə üzləşir. Bir çox xüsusiyyəti ilə 21-ci əsrdə olduğumuzu unutduran bu təcridxanada şəraitsizliklə yanaşı, hüquq pozuntuları hökm sürür. Müəssisənin rəhbəri Elnur İsmayılovun da dediyi kimi, bura yazılı olmayan qanunlarla idarə olunur”, o qeyd edib.
Jurnalist sual edir ki, bəs məhbusların yazılı qanunlarda göstərilən hansı hüquqları pozulur?
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqda” Qanunun 4-cü maddəsinin 3-cü bəndində yazılıb: “Həbs yerlərinin fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir”. Yəni, məhbusların insan hüquqlarının pozulması ilə müşayiət edilən şəraitdə saxlanılması vəsaitin çatışmaması ilə şərtləndirilə bilməz. Müəssisədə məhbuslara çatmalı olanların yoxluğu məhbusların problemi deyil. Bu çatışmazlıqları aradan qaldırmaq müəssisə rəhbərinin öhdəliyindədir. “Abzas Media”da daha əvvəl yayımlanan yazıdakı problemlər hələ də olduğu kimi qalır. Qadın məhbuslar hələ də onlara çatmalı olan mal və məhsullarla təmin edilməyib”, Qasımova qeyd edib.
O qeyd edir ki, məhbusların qanunvericilikdə nəızərdə tutulan həbsdə saxlanılma zamanı daxili intizam qaydaları, o cümlədən həbs yerlərində rejim təkliflərin, ərizələrin və şikayətlərin verilməsi qaydası ilə yazılı şəkildə onlara aydın olan dildə tanış olmaq hüququ təmin edilmir.
“Ünsiyyətdə olduğum digər məhbus qadınlar da daxil olmaqla, heç birimizə qeyd edilən məlumatlar, o cümlədən “Daxili intizam qaydaları” təqdim edilməyib”.
Həbs edilmiş şəxslərin “Psixoloji yardım haqqında” Qanunla müəyyən edilmiş qaydada ödənişsiz yardım almaq hüququ var. Amma, buna əməl edilmir.
“Təcridxanadakı psixoloq otağı isə psixoloji xidmətdən daha çox digər məsələlərə “ev sahibliyi” edir. Qadınların müxtəlif əməkdaşlar tərəfindən təhdid edilməsi, onlardan pul götürülməsi və sairə”, o qeyd edir.
Jurnalist təcridxanada saxlanılan qadınların telefonla danışmaq hüququnun tam təmin edilmədiyini iddia edir.
“Həbs edilmiş şəxslərin həftədə iki dəfə (hər biri) 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququ var. Lakin həm telefon növbəsində gözləyərkən müşahidə etdiklərimə, həm də qadınlarla söhbət zamanı dediklərinə əsasən, onların əksəriyyəti yalnız 10 dəqiqə danışdırılır və əməkdaşların təkidilə 10-cu dəqiqədə telefondan qalxmaq məcburiyyətində qalırlar”.
Qanunun "Etik davranışa uyğun rəftar" bəndinə yazılıb ki, həbs yerlərinin işçiləri tutulmuş və ya həbs edilmiş şəxslərlə münasibətdə nəzakətli olmalıdırlar. Tutulmuş və ya həbs edilmiş şəxslərə qarşı təhqiramiz hərəkətlərə yol verilməsi qadağandır.
“Qadın məhbuslar ayrıseçkiliyə məruz qalır. Əksər əməkdaşlar məhbuslarla kobud və ya alçaldıcı formada danışır. Bəzən isə məhbuslar psixoloji və ya fiziki zorakılıqla üzləşir və bunu edən əməkdaşlar əməllərinə görə cavab vermir, işlərinə davam edirlər”, o qeyd edir.
Jurnalist yazır ki, qandal və dəyənəkdən qanunda nəzərdə tutulan halların qarşısını almaqdan çox, təhdid vasitəsi kimi istifadə edirlər.
“Bunlar BİT-də saxlanılan qadınların pozulan hüquqlarının sadəcə bir hissəsidir. Onlar hüquqlarının pozulmasına etiraz edəndə təcridxana işçilərindən çox vaxt bu cavabı eşidirlər: “Mən xahiş etmişdim cinayət törədib tutulasan?” Bu cümlədə növbəti hüquq pozuntusuna yol verilir. Təcridxanada saxlanılan şəxslər hələ apellyasiya məhkəməsi bitməyən insanlardır. Məhkəmə qərarı qüvvəyə minmədən heç kimə cinayətkar demək olmaz. Bu, təqsirsizlik prezumpsiyasının pozuntusudur. Amma bu pozuntu təcridxana işçilərini qayğılandırmır. Onlar qapalı yerdə həbs edilmiş şəxslərlə istədikləri kimi davranacaqlarını düşünürlər. Bu əminliyi onlara nəzarətsizlik verir”, Qasmova qeyd edib.
Xatırladaq ki, 2024-cü ildə “Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli və nəşrin baş redaktoru Sevinc Vaqifqızı və jurnalistləri Nərgiz Absalamova və Elnarə Qasımova saxlanıldıqları təcridxanadan ictimaiyyətə məktub ünvanlayıb. Məktubda 1 saylı Bakı İstintaq Təcridxanasında baş verən “pozuntu halları və həbs edilmiş şəxslərin saxlanıldığı ağır şərait”dən, işgəncələrdən bəhs edilir.
Jurnalistlərin iddiaları ilə bağlı Amerikanın Səsinin sorğusuna Penitensiar Xidmət hələ cavab verməyib. Amma bundan öncə Penitensiar Xidmət Amerikanın Səsinin eyni məzmunlu sorğularına cavabda bildirib ki, şikayətlərin heç bir əsası yoxdur, saxlanma yerlərində məhbuslarla qanun çərçivəsində davranılır.
“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə “Abzas Media işi” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Rəsmi Bakı isə jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.
Ötən ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsində "Abzas Media işi" üzrə məhkəmə prosesi başlayıb.
Forum