Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda və Gürcüstanda keçirilən parlament seçkiləri və bu seçkilərə beynəlxalq baxışlardan danışıb.
Amerikanın Səsi: Bu il Azərbaycanda və Gürcüstanda parlament seçkiləri keirilib? Bu seçkiləri müqayisəli şəkildə necə xarakterizə edərdiniz?
Cəmil Həsənli: Müqayisə belədir, Gürcüsanda seçki var, Azərbaycanda seçki yoxdur. Əslində bu cümlə ilə də kifayətlənmək olar. Amma bir az da dərinliyə getsək Azərbaycanda seçki institutları dağıdılıb. Seçki görüntü xarakteri daşıyır. Seçkilər seçicinin səsinə dayanmır. Bütün hallarda bir sıra neqativ cəhətlərə baxmayaraq, Gürcüstanda hələ ki, seçki institutu qalır. Hələ ki, hakimiyyət xalqın rəyi ilə formalaşır. Siyasi azadlıqlar mövcuddur. Azərbaycanda siyasi azadlıqlar mövcud deyil. Ölkənin sərhədləri qapalıdır. Sərbəst toplaşma azadlığı qadağan edilib. Qorxu mühiti var. İnsanlar gerçək şəkildə öz iradələrini ifadə edə bilmirlər. Amma Gürcüstanda fərqli situasiya var. Biz xalqın fəallığını müşahidə elədik. Gürcüstanda proporsional, Azərbaycanda mojaritar seçkilər mövcuddur. Proposional seçkilər siyasi partiyaların fəallığı üçün əlavə stimul yaradır. Gürcüstanda partiyalar seçkilərin aktiv seçici fəallığında maraqlıdırlar. Azərbaycanda hakimiyyət və konfiqurasiyada təmsil olunan partiyalar seçici aktivliyində fəal deyil. Orada deputat səsi millətdən, Azərbaycanda MSK-dan (Mərkəzi Seçki Komissiyası-red) alır.
Amerikanın Səsi: Azərbaycandakı və Gürcüstandakı seçkilər Qərb tərəfindən, həmçinin seçkiləri müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyası tərəfindən tənqid edilib. Bəzi ekspertlər bu tənqidlərin siyasi olduğunu, bəziləri isə reallığı əks etdirdiyini bildirir. Sizin fikriniz necədir?
Cəmil Həsənli: Mənim fikrim bir qədər fərqlidir. Yəni bütün hallarda Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycan seçkilərinə də, Gürcüstan seçkilərinə də ilkin qiymət verib, rəyini açıqlayıb. Rəydə qeyd olunur ki, Azərbaycanda ümumiyyətlə seçki mühiti, rəqabət mühiti olmayıb, azad seçkilər keçirilməyib. Seçki saxtakarlığı həddindən çox olub. Amma Gürcüstanda seçki olub. Azərbaycan seçkiləri yüzdə-yüz saxta olub, Gürcüstan seçkilərində isə 10-15 faiz saxtakarlığa yol verilib. 10-15 faiz saxtakarlığa yol verilən seçkilərin nəticələrini tanımırlar, 100 faiz saxtakarlığa yol verilən seçkilərin nəticələrini bu və ya dolayısı ilə tanıyırlar. Fərq bundan ibarətdir. Necə olur ki, sizin mandat verib göndərdiyiniz seçki monitorinqi üzrə yeganə qanuni orqan Azərbaycanda seçkilərin tamamilə saxtalaşdırıldığını elan edir və siz buna reaksiya vermirsiniz və yaxud hansısa formada bu ölkə ilə əməkdaşlıq edirsiniz. Amma Gürcüstanda rəsmi məlumatlara görə, 10-15 faiz, bəlkə bir az da artıq seçki saxtakarlığına yol verilib. Amma siz buna qarşı sərt təpki göstərirsiniz. Əlbəttə sərt təpki göstərilməlidir. Fərqi yoxdur seçkidə 3-5 faiz saxtakalıq olub. Seçkilərin nəticələrinə təsir edən saxtakarlıq baş veribsə buna münasibət bildirilməlidir. Amma, Azərbaycanda başdan-ayağa saxtakarlıqdır. Azərbaycandakı seçkilərin nəticələri ümumiyyətlə tanınmamalıdır. Azərbaycan parlamenti ilə azad dünyanın heç bir siyasi dairəsi əlaqə qurmamalıdır. Ona görə də burada bir az bərabərlik pozulub.
Amerikanın Səsi: Gürcüstanda seçkilərdən sonra müxalifət qüvvələri sərbəst şəkildə etiraz akiyaları keçirir. Azərbaycanda belə aksiyalar hansı səbəbdən baş tutmadı? Müxalifət cəhd etmədi, yoxsa hökumət icazə vermədi?
Gürcüstan öz konstitusion hüquqlarından istifadə edir, Azərbaycan öz konstitusion hüquqlarından istifadə edə bilmir.
Cəmil Həsənli: Birincisi, Gürcüstan yarı azad və ya azad ölkədir. Azərbaycan qeyri-azad ölkədir. Bunu nəzərə almaq lazımdır. Azərbaycan o qədər qeyri-azad ölkədir ki, ölkədə sərbəst toplaşma azadlığı faktiki qadağan edilib. Gürcüstanda bu qadağa yoxdur. İkinci bir tərəfdən Azərbaycanda sərbəst hərəkət etmək azadlığı pandameya bəhanəsi ilə məhdudlaşdırılıb. Gürcüstanda belə bir məhdudlaşdırma yoxdur. Gürcüstanın sərhədləri açıqdır, Azərbaycanın sərhədləri qapalıdır. Gürcüstan öz konstitusion hüquqlarından istifadə edir, Azərbaycan öz konstitusion hüquqlarından istifadə edə bilmir. Yəni müqayisəni deməkdə məqsədim odur ki, Azərbaycanda heç bir qanuna məhəl qoymayan ailə-feodal idarəçiliyi üsulu var. Gürcüstanda bütün hallarda konstitusion qaydalar işləyir. Ona görə də Gürcüstanda sərbəst toplaşma azadlığı hələ ki, mövcuddur. Bu seçkilərin nəticələri ləğv olunmasa, gürcü deputatın çıxışında dediyi kimi “biz birinci mərhələdə Azərbaycan, ikinci mərhələdə Belarusun gününə düşəcəyik”.
Amerikanın Səsi: Gürcüstanda və Azərbaycanda müxalifətə mövcud iqtidarın və ictimaiyyətin münasibətini necə xarakterizə edərdiniz?
Cəmil Həsənli: Gürcüstanda siyasi azadlıqlar mövcud olduğu üçün siyasi partiyalar özünün konstitusion hüquqlarından istifadə edə bilir. Siyasi partiyaların xalqla əlaqəsini stimullaşdırmaqdan ötrü proporsional seçkilərdən istifadə edilir. Onlar sərbəst toplantılar keçirə bilirlər, təbliğat apara bilirlər. Azərbaycanda ictimaiyyətlə əlaqə faktiki olaraq mümkün deyil. Ümid edirəm ki, Gürcüstan müxalifətinin indiki, - Saakaşvili istisna olmaqla, - blokunun qabağında çoxprofilli kameralar quraşdırılmayıb. Sizinlə eyni küçədə yerləşən AXCP sədri Əli Kərimlinin yaşadığı evin blokunun qabağında çoxprofilli kameralar yerləşdirilib. Yaşadığı mənzilin bir mərtəbə aşağısında, bir mərtəbə yuxarısında təhlükəsizlik orqanları kirayə mənzillər götürüblər. Adamın fəaliyyətinə nəzarət edirlər. İctimaiyyətlə əlaqəsi bu qədərdir. Faktiki olaraq Azərbaycanda həmin fərq hər hansı müxalifətçinin dəfn mərasiminə qədər dərinləşibdir. Gözəl xanımın (AXCP funksioneri olub-red) dəfninə adamları sayla buraxırdılar. Gürcüstanda belə bir qayda yoxdur.
Qeyd: Azərbaycan hökuməti ölkədə bütün fundamental azadlıqların, həmçinin söz və mətbuat, toplaşma azadlılarının tam təmin edildiyini bildirir. Hökumət rəsmiləri ölkədə insanların seçkiləridə fikrini azad şəkildə bildirdiyini, azad və demokratik standartlara uyğun seçkilər keçirildiyini bəyan edir.
Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda parlament seçkilərini müşahidə edən seçki müşhaidə missiyası bildirib ki, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri seçicilərə həqiqi siyasi alternativlər təklif etməyib və səmərəli şəkildə hazırlansa da, fundamental azadlıqları və medianı həddən artıq məhdudlaşdıran hüquqi çərçivədə baş tutub.
Forum