Accessibility links

ATƏT-in müşahidə missiyası: Azərbaycanda seçkilər fundamental azadlıqlara hörmətin azalması fonunda real rəqabətdən məhrumdur


ATƏT
ATƏT

Sentyabrın 2-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ATƏT Parlament Assambleyasının birgə müşahidə missiyası Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin bəyanatını açıqlayıb.

ATƏT-in qıssamüddətli müşahidə missiyasının rəhbəri Maykl Krid bildirib ki, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri seçicilərə həqiqi siyasi alternativlər təklif etməyib və səmərəli şəkildə hazırlansa da, fundamental azadlıqları və medianı həddən artıq məhdudlaşdıran hüquqi çərçivədə baş tutub.

ATƏT-in müşahidə missiyası: Azərbaycanda seçkilər fundamental azadlıqlara hörmətin azalması fonunda real rəqabətdən məhrumdur
please wait

No media source currently available

0:00 0:02:11 0:00

“Birgə müşahidə missiyası müəyyən edib ki, seçki qanunvericiliyi son parlament seçkilərindən bəri əsaslı şəkildə dəyişməyib və uzunmüddətli tövsiyələr diqqətdən kənarda qalıb. Namizədlərin qeydiyyatı prosesi həddən artıq ağır tələblər, qeyri-ardıcıl tətbiq olunan prosedurlar və namizədlərin hədə-qorxu ilə geri çəkilmə halları ilə müşayiət olunub, siyasi partiyalar üçün yeni tələblər isə onların qeydiyyatına əlavə məhdudiyyətlər tətbiq edib. Bu seçkilər məhdudlaşdırıcı siyasi və hüquqi mühitdə baş tutub, bunun nəticəsi olaraq siyasi plüralizmin olmaması zəif və aşağı əsaslı kampaniya ilə birləşib və bütün bunlar seçki prosesini sarsıdıb", o qeyd edib.

Maykl Krid
Maykl Krid

Missiyanın ilkin rəyində deyilir ki, sentyabrın 1-də keçirilən seçkilərdə iştirak etmək üçün 6,4 milyon seçici qeydə alınıb.

“Bu, səsvermə yaşında olan vətəndaşların sayından təxminən 1,2 milyon nəfər azdır ki, bu da məlumatların düzgünlüyünə və seçicilər reyestrinin inklüzivliyinə dair suallar yaradır”, o bildirib.

Onun sözlərinə görə, müşahidəçilər açılış və səsvermə proseslərinin nizamlı və səmərəli təşkilini qiymətləndirib.

“Bununla belə, mühüm prosedurların və təminatların tətbiqində, xüsusən də səslərin sayılması zamanı ciddi pozuntular və uyğunsuzluqlar olub ki, bu da ümumilikdə prosesin bütövlüyü ilə bağlı narahatlıqları artırıb”, o qeyd edib.

Maykl Krid və Lui Potuçkova seçkiləri müşahidə edir
Maykl Krid və Lui Potuçkova seçkiləri müşahidə edir

ATƏT PA nümayəndə heyətinin rəhbəri Lusi Potuçkova (Lucie Potůčková, Çexiya) deyib ki, seçkilərdə əhali arasında geniş yayılmış siyasi laqeydliyə səbəb olan həqiqi seçim və iştirakın olmaması ümidsizliyə səbəb olub.

“Eyni şəkildə, KİV-lərə qarşı davam edən məhdudiyyətlər və qeyri-hökumət təşkilatlarına təzyiqlərin artması, o cümlədən əsassız həbslər kimi həyəcanverici tendensiyalar siyasi diskursları qəti şəkildə boğub. Əsaslı islahatlar və dəyişiklik olmasa, bu məsələlər ölkədə demokratiya və qanunun aliliyinə xələl gətirməkdə davam edəcək”, o qeyd edib.

İlkin bəyanatda deyilir ki, qanun vətəndaş və beynəlxalq seçki müşahidəçilərinə icazə versə də, vətəndaş müşahidəçilərinin böyük əksəriyyətinin hakim partiya və ona bağlı namizədlər tərəfindən irəli sürülməsi müstəqil müşahidəçilərin seçki prosesinə çıxışı ilə bağlı narahatlıq doğurur.

“Eyni zamanda, məhdudlaşdırıcı hüquqi müddəalar o demək idi ki, tanınmış vətəndaş seçki müşahidəçiləri qrupları qeydiyyatdan keçməmiş və maliyyə imkanlarından məhrum olmuş, bəzi tanınmış üzvlər isə həbsdədir”, o deyib.

Ditmir Buşati
Ditmir Buşati

“Təəssüf ki, bu seçkilərdə əsl siyasi plüralizm yox idi, iştirak etmək istəyən çoxsaylı namizədlər ciddi maneələrlə, qərəzsiz seçki komissiyalarının və bir çox vətəndaş müşahidəçilərinin işini qeyri-mümkün edən məhdudiyyətlərlə üzləşdi”, DTİHB-nin seçkilər üzrə uzunmüddətli müşahidə missiyasının rəhbəri Ditmir Buşati bildirib

“Prosesin səmərəliliyinə baxmayaraq, bu şərtlər seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan vermədi. Biz bütün vətəndaşların rifahı naminə ümumi prosesi yaxşılaşdırmaq üçün uzun müddətdir davam edən tövsiyələrimizin həyata keçirilməsində hakimiyyət orqanlarına dəstək verməyə hazırıq”, o əlavə edib.

Onun sözlərinə görə, qadınlar bütün qeydə alınmış namizədlərin 30 faizini təşkil edib ki, bu da əvvəlki seçkilərdəki 21 faizdən əhəmiyyətli dərəcədə artıb.

“Onlar aşağı səviyyəli seçki administrasiyasında da yaxşı təmsil olunurdular, baxmayaraq ki, bu, Mərkəzi Seçki Komissiyasında belə deyil”, o qeyd edib.

DTİHB Seçki Müşhaidə Missiyasının tərkibinə paytaxt Bakı üzrə 13 ekspert və ölkə üzrə ezam olunmuş 28 uzunmüddətli müşahidəçi daxildir. Seçki günü 34 ölkədən 279 müşahidəçi, o cümlədən DTİHB tərəfindən 28 uzunmüddətli və 172 qısamüddətli müşahidəçi, həmçinin ATƏT PA-nın 54 nəfərlik nümayəndə heyəti ezam olunub. Seçki məntəqlərinin açılışı ölkə üzrə 102 seçki məntəqəsində, səsvermə isə 922 məntəqəsində müşahidə olunub. Səslərin sayılması 92 seçki məntəqəsində, protokolların doldurulması 79 Dairə Seçki Komissiyasında müşahidə olunub.

Forum

XS
SM
MD
LG