Accessibility links

Seçki Müşahidə Alyansı: Parlament seçkiləri demokratik standartlara uyğun keçirilməyib


Səsvermə zamanı
Səsvermə zamanı

"Seçki Müşahidə Alyansının (SMA) monitorinqinin nəticələrinə əsasən, sentyabrın 1-də Azərbaycanda keçirilən Milli Məclisə növbədənkənar seçkilər əsl rəqabətin olmadığı və demokratik seçki prosesi üçün zəruri olan əsas hüquq və azadlıqların ciddi şəkildə məhdudlaşdırıldığı bir mühitdə baş tutub".

Bu barədə Seçkilərin Müşahidə Alyansı sentyabrın 1-də Milli Məclisə keçirilən növbədənkənar Seçkilərin Müşahidə nəticələrinə dair ilkin bəyanatında deyilir.

“ SMA-nın qiymətləndirməsi seçki mühiti, namizədlərin irəli sürülməsi və qeydiyyatı, təbliğat və təşviqat mərhələləri ilə bağlı ciddi narahatlıqları vurğulayır. Seçki günü baş verən geniş yayılmış qanun pozuntuları, namizədlərin irəli sürülməsi və qeydiyyatı zamanı inzibati resurslardan sui-istifadə, eləcə də son dövrlərin ən aşağı rəqabətli təşviqat dövrü kimi amillər seçkilərin ədalətliliyinə və şəffaflığına ciddi şübhələr yaratmışdır”, bəyanatda deyilir.

Seçki Müşahidə Alyansı hesab edir ki, növbədənkənar parlament seçkiləri ilə bağlı apardığı monitorinq və müşahidələrin nəticələri bu seçkilərin demokratik legitimliyinə ciddi zərbə vuran çoxsaylı problemləri ortaya qoyub.

“ Seçkilərin keçirildiyi siyasi və hüquqi mühit, hakimiyyətin mərkəzləşdirilməsi və müxalif qüvvələrin təsirinin azaldılması ilə xarakterizə olunmuşdur ki, bu da seçki prosesinin ədalətliliyinə və şəffaflığına kölgə salmışdır. Seçkilərin ilkin mərhələlərindən başlayaraq, siyasi mühitin müstəqil və rəqabətli seçkilər üçün əlverişli olmadığı açıq şəkildə görünürdü”, bəyanatda vurğulanıb.

Alyans qeyd edir ki, hakim Yeni Azərbaycan Partiyasının dominantlığı siyasi plüralizmi məhdudlaşdırıb və müxalifət qüvvələrinin seçkilərdə ciddi şəkildə iştirakını çətinləşdirilib.

Təşkilat hesabatda vurğulayır ki, 2022-ci ildə qəbul edilən "Siyasi partiyalar haqqında" qanun siyasi partiyaların fəaliyyətini məhdudlaşdırıb və seçki prosesində daha geniş iştirakın qarşısını alıb.

Alyans bəyanatda qeyd edir ki, televiziyalarda seçki ilə əlaqədar siyasi müzakirələrə heç bir yer verilməyib, müxtəlif fikirlərin səsləndirilməsinə imkan yaradılmayıb.

“Media məkanında qərəzli məlumatların yayılması və müxalif namizədlərə bərabər çıxış imkanlarının verilməməsi seçicilərin obyektiv məlumatlara çıxışını ciddi şəkildə məhdudlaşdırmışdır. Nəticədə, seçkiqabağı təşviqat dövrü zəif ictimai fəallıq və siyasi müzakirələrin olmaması ilə yadda qalmışdır. Seçki günü baş verən hadisələr isə seçkilərin dürüstlüyü ilə bağlı narahatlıqları daha da dərinləşdirmişdir”, bəyanatda qeyd edilib.

Seçki Müşahidə Alyansının nəticələrinə görə, bütün bu faktlar göstərir ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri demokratik standartlara uyğun keçirilməyib və seçki prosesinin müxtəlif mərhələlərində baş verən sistemli qanun pozuntuları seçkilərin nəticələrinin legitimliyini şübhə altına alır.

“Bu vəziyyət seçkilərin demokratik və ədalətli keçirilməsinə dair ciddi suallar doğurur və Azərbaycan Respublikasında seçki prosesinə ictimai etimadı zəiflədir. Bu narahatlıqları aradan qaldırmaq və gələcəkdə daha ədalətli və şəffaf seçki mühitini təmin etmək üçün əsaslı islahatların aparılması zəruridir. Bu islahatlara siyasi plüralizmin bərpası, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, bütün namizədlər üçün bərabər imkanların təmin edilməsi, seçki prosesində şəffaflığın artırılması və müstəqil media mühitinin yaradılması daxildir. Bu dəyişikliklər, Azərbaycanda gələcək seçkilərin həm milli, həm də beynəlxalq standartlara uyğun şəkildə keçirilməsini təmin etmək üçün vacibdir”, bəyanatda qeyd olunub.

Bu deyilənlərlə bağlı rəsmi qurumlar açıqlama verməyib. Amma bir qayda olaraq Azərbaycan hakimiyyəti dəfələlərlə ölkədə azad və ədalətli seçkilərin keçirildiyini deyib.

Seçkilərin ilkin rəsmi nəticələri

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin ilkin nəticələrini açıqlayıb.

İlkin nəticələrə görə, iqtidarda olan Yeni Azərbaycan Pafrtiyası (YAP) 67 mandat qazanıb. Daha 45 deputat yerinə hökumətyönümlü mövqeyi ilə tanınan müstəqill namizədlər seçilib.

Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyası üç (Fəzail İbrahimli, Rafael Hüseynov və Tənzilə Rüstəmxanlı), Ədalət, Hüquq və Demokratiya Partiyası (Qüdrət Həsənquliyev və Elçin Mirzəbəyli) iki deputatla təmsil olunacaq.

Daha 8 partiya - Respublikaçı Alternativ Partiyası (Erkin Qədirli), Milli İstiqlal Partiyası (Arzuxan Əlizadə), Demokratik İslahatlar Partiyası (Asim Mollazadə), Ana Vətən Partiyası (Günay Ağamalı), Böyük Quruluş Partiyası (Fazil Mustafa), Böyük Azərbaycan Partiyası (Elşad Musayev), Milli Cəbhə Partiyası (Razi Nurullayev), Azərbaycan Demokratik Maarifçilik Partiyası ( Elşən Musayev) bir deputat mandatına malik olacaq.

Seçkilərdə 24 deputatlığa namizədlə iştirak edən Müsavat Partiyası deputat yeri “qazana” bilməyib. Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edib.

Azərbaycan Milli Məclisinə seçkilər bu ilin noyabrında keçirilməli olsa da, parlamentdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) keçirilməsini səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib.

Daha sonra prezident İlham Əliyev növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.

Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib.

Forum

XS
SM
MD
LG