Accessibility links

Natiq Cəfərli REAL Partiyasının Siyasi Komitəsinin yeni sədri seçilib


Natiq Cəfərli
Natiq Cəfərli

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin 21 sentyabr tarixli yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr seçilib.

REAL Partiyasının məlumatına əsasən, Natiq Cəfərli partiya lideri olaraq fəaliyyətinə oktyabrın 1-dən başlayacaq.

Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, hazırda partiyanın siyasi xəttində hər hansı dəyişiklik yoxdur.

“REAL Partiyasında siyasi qərarları partiyanın qurultayı tərəfindən seçilmiş Siyasi Komitə qəbul edir və sədr həmin qərarı icra edir. Siyasi Komitə siyasi qərarlar verərsə mən sədr kimi həmin qərarları icra edəcəm”, o qeyd edib.

Cəfərli bildirib ki, REAL Partiyasının keçmiş sədri İlqar Məmmədov Siyasi Komitənin üzvü kimi fəaliyyətini davam etdirəcək.

“Siyasi Komitənin üzvlərini partiyanın qurultayı seçir. Növbədənkənar qurultay olmasa partiyanın nizamnaməsinə uyğun olaraq növbəti qurultay 2027-ci ildə baş tutacaq”, Cəfərli Amerikanın Səsinə bildirib.

Xatırladaq ki, sentyabrın 12-də Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsi İlqar Məmmədovun Siyasi Komitənin sədri vəzifəsindən istefasını qəbul edib.

İlqar Məmmədov Facebook platformasında yazıb ki, keçən il söz verdiyi kimi bu il keçirilən həm prezident, həm də parlament seçkilərində rəhbəri olduğu Respublikaçı Alternativ Partiyasına uğur qazandıra bilməməsi, həm də özü seçki dairəsində uduzduğu üçün publik siyasətdən ayrılır.

“Budur, cari ilin fevralında prezident seçkisində namizəd irəli sürmək haqqında partiyamız yekdil qərara gələ bilmədi. Seçki erkən keçirildiyinə görə ölkəmizin böyük hərbi qələbəsi hələ də bütün digər mövzuları kölgədə qoyurdu. Yarış fürsəti aydın görünmürdü. Ölkəmizin müharibədən sonrakı gələcəyinə həsr olunmuş ilk səsvermə 1 sentyabrda Milli Məclisə seçkilər idi. Burada da, təəssüf ki, partiyamızın parlamentdə təmsilçiliyini artıra bilmədim”, o qeyd edib.

Natiq Cəfərli 22 fevral 1972-ci ildə Gürcüstanın Bolnisi rayonunun Babakişilər kəndində anadan olub.

Cəfərli Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib, 2008-ci ildə Strasburqda Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbini, 2009-cu ildə isə Vaşinqtonda ABŞ Dövlət Departamentinin Liderlik Proqramını bitirib.

O, 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) hərəkatının həmtəsisçisi olub. REAL Partiyasının Siyasi Komitəsinin 20 noyabr 2023-cü il tarixli iclasında isə Natiq Cəfərli bu partiyanın katibi seçilib.

Forum

XS
SM
MD
LG