Accessibility links

Norveç Helsinki Komitəsi Azərbaycanda son parlament seçkilərinin əvvəlkilərdən fərqli olmadığını deyir


Norveç Helsinki Komitəsi Azərbaycanda sentyabrın 1-də baş tutan növbədənkənar parlament seçkilərinin əvvəlki seçkilərdən fərqli olmayaraq azad və ədalətli mühitdə keçirilmədiyini deyib.

Komitə sentyabrın 3-də yaydığı bəyanatında seçkilərin gözlənildiyi kimi hakim Yeni Azərbaycan Partiyasının (YAP) qələbəsini təmin etdiyini, Milli Məclisə yer qazanan digər partiyaların “marionet və ya cib müxalifəti” olduğunu qeyd edib.

“Azərbaycan heç vaxt azad və ədalətli seçkilər keçirməyib və bu, istisna deyil. Son illərdə Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti təşkilatlarını məhv etmək, müstəqil medianı bağlamaq, ictimai həyatın bütün sahələrinə ciddi nəzarət etmək, siyasi narazılığı aradan qaldırmaq, azərbaycanlıların öz sözünü deyə bilməməsi üçün qorxu və hədə-qorxu mühiti yaratmaq üçün əlindən gələni edib. Belə repressiv şəraitdə azad və ədalətli seçkilər mümkün deyil”, təşkilatın baş katibi Berit Lindeman vurğulayıb.

Bəyanatda deyilir ki, ötən bazar günü keçirilən seçkilərdə əvvəlki eyni üsullarla, o cümlədən bir neçə dəfə səsvermə, topa bülletenlərin atılması, müstəqil və müxalifət müşahidəçilərinə qarşı zorakılıq və təzyiqlər vasitəsilə saxtakarlığın geniş yayılması da gözlənilən olub.

Norveç Helsinki Komitəsi hesab edir ki, xalqın seçkilərə laqeydliyi və aşağı seçici fəallığı vətəndaşların dəfələrlə saxta seçkilər keçirən siyasi sistemdən ciddi məyusluğunun göstəricisidir.

“Azərbaycan xalqı saxtakarlıq və digər ədalətsiz təcrübələr olmadan keçirilən həqiqi seçkilərdə iştirak edərək öz ölkəsinin gələcəyində real söz və inam sahibi olmağa layiqdir. Siyasi məhbuslar azad olunmayana, siyasi rəqiblərə və tənqidçilərə qarşı təzyiqlərə son qoyulmayanadək ölkədə Azərbaycan xalqının həqiqi iradəsi ilə səsləşən heç bir mötəbər seçki baş tutmayacaq”, Berit Lindeman əlavə edib.

Seçkiləri müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və ATƏT Parlament Assambleyasının (PA) birgə müşahidə missiyası sentyabrın 2-də yaydığı ilkin bəyanatında növbədənkənar parlament seçkilərinin həqiqi plüralizmə imkan verməyən və rəqabətsiz yarışa səbəb olan məhdudlaşdırıcı siyasi-hüquqi mühitdə keçdiyini qeyd edib.

Beynəlxalq müşahidəçilər, həmçinin, seçkilərin seçicilərə həqiqi siyasi alternativlər təklif etmədiyini, səmərəli şəkildə hazırlansa da, fundamental azadlıqları və medianı həddən artıq məhdudlaşdıran hüquqi çərçivədə keçirildiyini vurğulayıb.

İlkin bəyanatda seçkilərin hüquqi bazasının demokratik seçkilər üçün əlverişli olmadığı, beynəlxalq standartlara və ATƏT qarşısında götürülən öhdəliklərə zidd olaraq ifadə, birləşmə və toplaşma kimi fundamental azadlıqlara əsassız məhdudiyyətlərin hələ də qalmaqda olduğu, ATƏT DTİHB və Venesiya Komissiyasının tövsiyələrinin yerinə yetirilmədiyi qeyd edilir.

Sentyabrın 3-də Avropa İttifaqı (Aİ) da Azərbaycanda son parlament seçkilərinin rəqabətdən məhrum və məhdudlaşdırıcı şəraitdə baş tutduğunu qeyd edərək Azərbaycan hakimiyyətini ATƏT DTİHB-nin tövsiyələrini yerinə yetirməyə çağırıb.

Aİ-nin xarici məsələlər üzrə sözçüsü Peter Stano səslərin hesablanmasında ciddi pozuntulara yol verilməsi, mühüm təhlükəsizlik tədbirlərinin görülməməsi, seçkilərin müxalif səslərə qarşı davamlı repressiya fonunda keçməsi ilə bağlı beynəlxalq müşahidəçilərin narahatlıqlarını bölüşüb.

Rəsmi Bakı isə Aİ rəsmisinin səsləndirdiyi fikirlərin “subyektiv” və “qərəzli” olduğunu, seçkilərin ölkə qanunvericiliyinə uyğun şəkildə həyata keçirildiyini bildirib.

“ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı əvvəlcədən müəyyən edilmiş mənfi münasibətini təkrarlayan Aİ sözçüsü tərəfindən bu cür subyektiv iddia və qərəzli siyasi mülahizə etibarsızdır. Seçkilər ölkə Konstitusiyasına və onun milli qanunlarına tam uyğun olaraq keçirilib”, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Cəmi 37 faizlə son 30 ilin ən aşağı seçici fəallığı qeydə alınan növbədənkənar seçkilərin elan edilən ilkin nəticələrinə görə, iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) 67 mandat qazanıb. Daha 45 deputat yerini hökumətyönlü mövqeyi ilə tanınan müstəqil namizədlərin qazandığı bildirilir.

İqtidar təmsilçiləri seçkilərin qanunvericiliyə uyğun və şəffaf şəkildə keçirildiyini iddia etsə də, aparıcı müxalif qurumlar səsvermənin qanun pozuntuları, total saxtalaşdırma şəraitində keçirildiyini, reallığı əks etdirmədiyini qeyd edirlər.

Seçkiləri boykot edən Azərbaycan Xalq Cəbhəsi Partiyası bildirib ki, növbədənkənar parlament seçkisi xalqın iradəsini ifadə etmir və onun elan olunan nəticələri tamamilə saxtadır.

24 namizədlə seçkidə iştirak edən, elan edilən ilkin rəsmi nəticələrə görə yer qazana bilməyən Müsavat Partiyası isə seçkilərin azad və ədalətli olmadığını qeyd edərək yeni formalaşan Milli Məclisi legitim qanunverici orqan hesab etmədiyini vurğulayıb.

Forum

XS
SM
MD
LG