Accessibility links

Cəmil Həsənli: Seçkiləri Azərbaycan xalqı boykot edib


Cəmil Həsənli -Demokratik Qüvvələrin Milli Şurasının sədri
Cəmil Həsənli -Demokratik Qüvvələrin Milli Şurasının sədri

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri və ATƏT-in müşahidə missiyasının rəyindən danışıb.

Amerikanın Səsi: ATƏT-in müşahidə missiyası dünən (sentyabrın 2-də) Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin bəyanatını yayıb. İlkin bəyanat reallığı əks etdirirmi?

Cəmil Həsənli: İlkin bəyanat nəinki reallığı əks etdirir, kifayət qədər mükəmməl bir sənəddir. Mən iki dəfə ATƏT-in müşahidə missiyası ilə görüşmüşəm. Bir dəfə onların ofislərində, ikinci dəfə də avqustun 30-da Radisson hotelində müşahidə missiyası gün ərzində bir neçə təqdimatlar etdi. Doğrusu, ATƏT-ə mənim inamım böyükdür. Çünki hakimiyyət çox müxtəlif ölkələrdən müxtəlif spektrli adamları guya xarici müşahidəçi kimi dəvət edib. Halbuki Avropa məkanında seçki müşahidəsinə yeganə mandatı olan təşkilat ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur. Bu qısa vaxtda, bir neçə həftədəki (onlar altı həftə ərzində fəaliyyət göstərib) fəaliyyətlərinin nəticəsi kimi mükəmməl bir sənəd hazırlayıblar. Amma mən bu sənədin təsir gücünü azaltmaq üçün demirəm. Seçkidə baş verən pozuntular ATƏT-in görə biləcəyindən daha dərindir. Yəni, onlar heç düşünə bilməz ki, belə bir şeylər baş verər. Məsələn, həmin məsələlər onların müşahidə imkanları gücündə deyil. Amma bu qısamüddətli və uzunmüddətli müşahidənin nəticəsi kimi onların ortaya qoyduğu bu sənədə görə, gərək onlara təşəkkür edilsin. Mən hesab edirəm ki, bu sənəd 2013-cü ildə Tana de Zuluetanın (ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində müşahidə missiyasının rəhbəri) verdiyi rəyin davamıdır.

Cəmil Həsənli: Seçkiləri Azərbaycan xalqı boykot edib
please wait

No media source currently available

0:00 0:09:56 0:00

Amerikanın Səsi: Milli Şura növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini kəskin tənqid edib. Sizcə çağırışlarınıza hökumətin, cəmiyyətin, beynəlxalq ictimaiyyətin reaksiyaları olacaqmı?

Cəmil Həsənli: Əlbəttə, bu suala cavabı iki yerə bölmək lazımdır. Bir beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların, bir də hakimiyyətin münasibəti. Əvvəla, onu deyim ki, bizim rəydə səsləndirdiyimiz tənqidi fikirlərin 95 faizi ATƏT-in seçki missiyasının rəyində var. Mən demirəm, onlar bizim rəydən istifadə edib. Bəlkə də istifadə ediblər. Çünki biz artıq sentyabrın 2-də, səhər saat 10-da rəyimizi açıqlamışdıq. Amma bununla bərabər bizim də mənbələrimiz var idi, biz sosial medianı izləyirdik. Sonra məlumatlar alırdıq. Aldığımız məlumatlar əsasında rəyimizi hazırlamışdıq. Bizim rəy ilə ATƏT-in missiyasının rəyi demək olar ki, üst-üstə düşür.

Amerikanın Səsi: Milli Şura seçkiləri boykot etdi. Boykot qərarınızı reallaşdıra bildinizmi? Bu yolda hansı təsiredici addımlar atdınız?

Cəmil Həsənli: Əvvəla, çox sağ olsun Azərbaycan xalqı ki, boykot qərarını reallaşdırdı. Yəni, seçkiləri Azərbaycan Xalq Cəbhəsi Partiyası, Mili Şura yox, Azərbaycan xalqı boykot etdi. Məsələn, siz rəyə və yaxud Mərkəzi Seçki Komissiyasının rəyinə diqqət yetirsəniz Azərbyacanın parlament seçkiləri tarixində birinci dəfədir ki, seçici fəallığı 37 faizə endi. Qonşi İranda seçici fəallığı 40 faizdən aşağı enəndə rəhbərlik narahatçılığını ifadə etdi ki, bu yaxşı fakt deyil. Ona görə, prezident seşkilərinin ikinci mərhələsində çağırış edərək seçici fəallığını 50 faizədək qaldırdılar. Amma ümumiyyətlə seçkinin iyul-avqust aylarına təyin edilməsi bəri başdan seçici aktivliyinin qarşısını almaqdır. Bir məsələni də bir cümlə ilə ifadə etmək istəyirəm ki, 1 sentyabr seçkiləri konstitusiyaya ziddir. Çünki növbədənkənar seçkini prezident kefi istədiyi vaxt təyin edə bilməz. Növbədənkənar seçki təyin etməsi konstitusiyanın 98.1-ci maddəsi ilə müəyəyn edilir. Oradakı halların heç biri növbədənkənar seçki təyin edilməsi üçün istifadə edilməyib, yoxdur. Sadəcə olaraq COP 29 bəhanəsi gətirilib. O növbədənkənar seçki təyin etmək üçün əsas vermir.

Amerikanın Səsi: Milli Şura yeni formalaşacaq parlamentin legitimliyini tanımır və yeni seçkilərin keçirilməsini tələb edir. Bu istəyinizi həyata keçirmək üçün hansı addımlar atmağı planlaşdırırsınız?

Biz 303 siyasi məhbusu 125 seçki dairəsinə bölsək, hər seçki dairəsində potensial deputatlığa namizəd kimi 2,42 nəfər düşür. 20 jurnalist həbsdədir.

Cəmil Həsənli: Yeni parlament seçkisinin keçirilməsi tək bizim yox, AXCP-nin, Müsavat Partiyasının bəyanatında da var. Əslində, ATƏT-in rəyinin mahiyyəti və mənası da odur. Çünki ATƏT-in rəyindən belə məlum olur ki, 1 sentyabr seçkiləri Azərbaycan xalqının iradəsini ifadə etmir. Məsələn, müşahidə olunan seçki dairələrində və məntəqələrində saxtakarlıq 45 faiz ətrafında olub, səhv etmirəmsə, 45 faiz rəqəmi işlədilir. Yəni, haradasa bu, seçki dairələrinin və məntəqələrinin üçdə bir hissəsini əhatə edir. Bəlkə bir az azdır. Amma seçki dairələrinin dəqiq üçdə bir hissəsindən çoxunu əhatə edir. Seçki dairələrinin üçdə bir hissəsində seçki saxtakarlığı 45 faiz olubsa, bu o deməkdir ki, bu parlament legitim deyil. Biz nə düşünürük? Biz bu parlamentin qeyri-legitim olması barədə beynəlxalq təşkilatlara da məlumat verəcəyik. Azərbaycan xalqına da müraciət edəcəyik. Bu qeyri-legitim parlamentlə Avropa Şurası Parlament Assambleyasına bərpa olunmağın yolunu faktiki bağladılar.

Amerikanın Səsi: Sizcə ölkədə siyasi azadlıqlarla bağlı ilkin olaraq hansı islahatlara daha çox ehtiyac duyulur?

Cəmil Həsənli: Siyasi azadlıqlar o qədər məhdudlaşdırılıb ki, bunların dairəsi çox genişdir və hamısı da vacib məsələlərdir. Məsələn, siyasi məhbusların azad edilməsi. Azərbaycanda 125 seçki dairəsi var, 303 siyasi məhbus var. Siyasi məhbus o deməkdir ki, siyasi cəhətdən aktiv adamlardır. Bunlar potensial deputatlığa namizədlər ola bilərdi. Biz 303 siyasi məhbusu 125 seçki dairəsinə bölsək, hər seçki dairəsində potensial deputatlığa namizəd kimi 2,42 nəfər düşür. 20 jurnalist həbsdədir. Yəqin siz də xatırlayırsınız. Jurnalist həmkarınız Sevinc Vaqifqızının seçki karusellərini necə izləmək təcrübəsi var idi. Bülletenlərin seçki qutularına topa atılmasını qeydə alırdı. Hətta, bu yaxınlara qədər məntəqə sədrlərindən biri onu böhtan maddəsi ilə məhkəməyə vermişdi və bir neçə il məhkəmə dartışması getdi. Siz, mən və yaxud bir başqası bilmirdik ki, növbədənkənar seçki olacaq. İlham Əliyev bunu bilirdi. Çünki bir tək o bilirdi ki, növbədənkənar seçki olacaq. Anar Məmmədlinin seçkidən uzaqlaşdırılması əlbəttə məqsədli xarakter daşıyır. Çünki dünyada etimad qazanmış bir adam idi. Çox peşəkar seçki müşahidəsi apara bilirdi. Beynəlxalq təşkilatlar da onun rəyinə inanırdı. “Toplum TV”-nin, “Abzas Media”nın, “Kanal 13”ün dağıdılması, bunların hamısı seçkiqabağı profilaktika işləri idi. İlham Əliyev bir növ baş ağrısız seçki keçirmək fikrinə düşmüşdü. Buna görə bu qədər adam süni ittihamlarla həbs edilmişdi. Məsələn, III Respublika Platformasının rəhbər heyətində olan şəxslərin, Akif Qurbanlının çox maraqlı seçki təcrübəsi var idi. 2013-cü il prezident seçkilərində, 2015-ci il parlament seçkilərində bu adam xüsusi rəylə çıxış etmişdi. Alternativ rəylə çıxış etmişdi. Ələsgər Məmmədli seçki prosesində mühüm rol oynayan media qurumlarının iştirakına hüquqi rəy verən adam idi. Ruslan İzzətli kifayət qədər potensial namizəd ola bilərdi. Ülvi Həsənli, Əziz Orucov, bunların hamısı peşəsinə hörmətlə yanaşan adamlardır. 37-ci ildə (1937-ci il Stalin repressiyası nəzərdə tutulur-red. ) təmiz adamları tuturdular, adını da “çistka” (təmizləmə-red.) qoyurdular. Bu günləri İlham Əliyevin apardığı siyasət 37-cinin “çistka”sına çox oxşayır.

Qeyd: Bu, Cəmil Həsənlinin fikirləridir. Azərbaycan hakimiyəyti ölkədə azad, ədalətli seçkinin keçirilməsi üçün hər cür şəraitin yaradıldığını iddia edir. Mərkəzi Seçki Komissiyası, həmçinin ombudsman seçicilərin səsvermə hüquqlarını sərbəst yerinə yetirdiyini bildirib.

Forum

XS
SM
MD
LG