ATƏT-in Parlament Assambleyası (ATƏT PA) Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 60-dan çox müşahidəçi göndərir.
ATƏT PA-nın mətbuat xidməti məlumat verir ki, ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi irlandiyalı deputat Maykl Krid, ATƏT PA-nın müşahidəçilərdən ibarət nümayəndə heyətinə rəhbəri isə çexiyalı deputat Lusi Potuçkova olacaq.
Müşahidəçilər seçki administrasiyasının nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, namizədlər, partiya nümayəndələri və ekspertlər seçkiqabağı vəziyyətlə bağlı görüşlər keçirəcək, seçki günü Azərbaycanın bir sıra bölgələrinə səfər edəcəklər.
İrlandiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Maykl Krid seçki ilə bağlı qərəzsiz və hərtərəfli qiymətləndirmə verməyə sadiq olduqlarını qeyd edib.
“Yeganə məqsədimiz demokratik standartların və dəyərlərin qorunmasına, həmçinin Azərbaycan xalqı üçün ədalətli və şəffaf seçki prosesinin keçirilməsinə dəstək olmaqdır”, Krid deyib.
ATƏT PA ilə yanaşı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan (ATƏT/DTİHB) 227 nəfərin parlament seçkilərini izləyəcəyi bildirilir.
“Biz bu seçkilərin demokratik prinsiplərə uyğun olub-olmaması, azad səsvermə prosedururunun, ədalətli təşviqat mühitinin və medianın əlçatanlığını təmin edilib-edilməsi, nəticələrin dəqiq məlumatlandırılmasını izləmək üçün ATƏT/DTİHB missiyası ilə sıx əməkdaşlıq edirik”, Çexiya parlamentinin üzvü Lusi Potuçkova vurğulayıb.
Azərbaycan Milli Məclisinə seçkilər bu ilin noyabrında keçirilməli olsa da, hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) keçirilməsini səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib.
Daha sonra prezident İlham Əliyev növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.
Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.
Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib.
Forum