Siyasi şərhçi Aliyə Yaqublu Amerikanın Səsinə müsahibəsində seçki prosesində azad medianın rolu və Azərbaycanda müstəqil medianın durumundan danışıb.
Amerikanın Səsi: Azərbaycanda seçki öncəsi medianın fəaliyyətini necə qiymətləndirirsiniz? Media ölkədə rəqabətli seçki kampaniyası aparmaq üçün imkan verirmi?
Aliyə Yaqublu: Azərbaycanda mediada seçki kampaniyası hiss olunmur. Təbii ki, mən Azərbaycan miqyasında yayılan medianı nəzərdə tuturam. Peyk vasitəsi ilə yayılan televiziyaları nəzərdə tuturam. Ənənəvi olaraq seçki mühitini, seçki proseslərini işıqlandıran, daha çox əlçatımlı media televiziyalardır. Azərbaycanda da bütün televiziya kanalları hakimiyyətin nəzarəti altındadır. Orada zatən olmayan bir prosesi işıqlandırmağa onların şansı da yoxdur. Hər halda, məsələn indiyəcən baş verən hallar var, kimlərinsə namizədliyi qeydə alınmadı, kimlərsə namizədliyini geri götürdü. Ən azı bunlarla bağlı bir təşəbbüs etmək olardı. Amma, bunlar heç bir halda baş vermədi. Bununla bağlı xəbərlər digər alternativ mediada, o cümlədən Azadlıq radiosunda, Amerikanın Səsində, Meydan TV-də, bunlar olur. Yaxşı ki, olur. Amma, onlar da təbii ki, bütün ölkəni əhatə etmir.
Amerikanın Səsi: ATƏT-in beynəlxalq seçki müşahidə missiyasının prezident seçkiləri ilə bağlı rəyində deyilir ki, qanunvericiliyin tələblərinə baxmayaraq ölkədə neçə veb-saytın bloklandığı barədə dəqiq rəsmi məlumat yoxdur. Rəydə həmçinin milli siyasi xəbərləri paylaşan media qurumlarının əsasən hökumətin mövqeyindən çıxış etdiyi bildirilir. Bu sahədə hazırda durum necədir?
Aliyə Yaqublu: Sualınızın ikinci hissəsində fakt doğru konstatasiya edilib. Amma, birinci hissəsinə doğrusu təəccübləndim. Çünki Azərbaycanda hansı saytların bloklanması barədə məlumatlar kifayət qədər əlçatandır. Bunu heç olmasa media ekspertlərindən, insan haqları sahəsində çalışan insanlardan soruşaydılar, onlar bu barədə kifayət qədər məlumatlıdırlar. Sualın digər hissəsinə gəlincə, çox şadam ki, müşahidə missiyası bu faktları düzgün konstatasiya edir. Görək, yekun hesabatlarında bununla bağlı qiymətləndirmə necə olacaq.
Amerikanın Səsi: ATƏT-in müşahidə missiyası ölkənin bütün ərazisində yayılan mətbuatın bütün tərəflər üçün əlçatan olmadığını bildirib. Bu sahədə inddi durum necədir? Ölkə ərazisini əhatə edən medialarda alternativlərin tənqidi fikirləri, etirazları yer ala bilirmi?
Aliyə Yaqublu: Yox. Birinci sualda mən bu məsələyə toxundum. Müxalif fikirlər heç vaxt yer almayacaq. Ənənəvi olaraq illər uzunu bu belə olub, bundan sonra da belə olacaq. Bütün ölkə boyu əlçatan olan media gözəl, demokratik, ədalətli mühitdə keçirilən bir seçki ilə bağlı raportlar verəcək. Seçki komissiyalarının məlumatlarını açıqlamaqla seçkini müşahidə edəcək. Qanun pozuntuları ilə bağlı heç bir informasiya verməyəcək. Dediyim kimi, indiyədək necə işləyiblərsə, bu seçkidə də eyni qaydada işləyəcəklər.
Amerikanın Səsi: Eyni zamanda televiziyalarda seçki ilə bağlı reklam kampaniyaları var. Bu reklamlar müxalif patiya rəhbərləri, müxlif namizədlər üçün əlçatandırmı. Ümumiyyətlə seçki reklamlarının qiymətləri əhalinin maliyyə imkanlarına uyğundurmu?
Avtoritar rejimdə jurnalsit olaraq çalışmaq təbii çox çətindir.
Aliyə Yaqublu: Baxın, məsələnin bu tərəfi o qədər öndədir ki, hətta bu barədə bir statistika da yoxdur, istinad edib deyim ki, bəli kimlərsə reklamdan istifadə etmək istədi, amma bu onlar üçün əlçatan olmadı. Seçki gününə qədərki dövrdə bu məsələ o qədər arxa plana atılıb ki, gündəmdə yoxdur. Hətta namizədlərin açıqlamalarında belə mənə reklam büdcələri barədə məlumat rast gəlməyib. Hətta seçkilərə qatılan müxalifət partiyasının nümayəndələrinin mediaya açılamalarında da bununla bağlı mən bir şikayət eşitməmişəm. Bu günlərdə Müsavat Partiyasının Məclisniin rəhbəri müsahibə verdi, amma orada əngəllərlə bağlı, reklamla bağlı çətinlik yaşadığını eşitmədim. Ona görə bu barədə konkret bir fikir söyləyə bilmirəm.
Amerikanın Səsi: Müşahidə missiyası rəyində həm də yazıb ki, ölkədə jurnalistlərin həbsdə olması əhəmiyyətli dərəcədə məhdudlaşdırıcı mühit yaradıb, özünü senzuraya gətirib çıxarıb, tənqidi müzakirələr üçün mühiti ciddi şəkildə daraldıb. Prezident seçkiləri öncəsi 10 jurnalist həbsdə idisə indi 20 jurnalsit və media əməkdaşının həbsdə olduğu bildirilir. Bu halda beynəlxalq demokratik standartlara uyğun seçki keçirmək mümkündürmü?
Aliyə Yaqublu: Əlbəttə ki, mümkün deyil. Mən rəydə qeyd olunan məqamlarla çox razıyam. Bəli prezident seçkisi öncəsai “Abzas Media”nın jurnalistləri həbs olundular. Sonrakı proseslər prezident seçkisinin müşahidəçiliyində, işıqlandırılmasında medianın nə qədər zəiflədiyi faktını göstərdi. Həqiqətən də hakimiyyət təkcə azad medianın materiallarına görə narahat deyilmiş, hakimiyyət həm də prezident seçkisində maksimum az jurnalsitin çalışması üçün səy göstərirmiş. Bu doğrudan da ciddi şəkildə hiss olundu. Düzdür, onda hələ “ToplumTV” fəaliyyət göstərirdi, müşahidə etmək imkanı var idi. Amma, arxa tərəfdə görünməyən bir proses çox irəliləmişdi. Hətta yay aylarından belə, “ToplimTV”nin əməkdaşlarına qarşı təzyiqlər başlamışdı. Bir neçə əməkdaş Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılmışdı. Onlar işdən uzaqlaşmışdılar. Onlar gənc jurnalistlər idi. Avtoritar rejimdə jurnalsit olaraq çalışmaq təbii çox çətindir. Dopğrudan da bizim fəaliyyət imkanlarımız prezident seçkilərindək xeyli məhdudlaşdırılmışdı. Ona qədər mediada “Toplum TV”-nin əleyhinə xeyli yazılar dərc olunmuşdu. Sonrakı proses də göstərdi ki, doğrudan da əvvəlki seçkilərdən fərqli olaraq prezident seçkilərində baş verən qanun pozuntularını “Toplum TV” tam olaraq müşahidə edə bilmədi. Müstəqil medianın sayca çox azalmasından dolayı prezident seçkiləri medianın işıqlandırılması baxımından əvvəlkilərdən qat-qat sönük keçdi. Sonra “Toplum TV”-nin fəaliyyətini dayandırdılar, “Toplum TV işi” ilə bağlı xeyli adam həbs olundu. Cinayət işi qaçqamalçılıq olsa da, istintaqın suallarının əksəriyyəti “Toplum TV” ilə bağlıdır. Əsas məqsədlərdən biri də “Toplum TV”ni növbəti seçkilərdə müşahidə işindən məhrum etmək idi.
Qeyd: Bu Aliyə Yaqublunun fikirləridir. Rəsmi Bakı ölkədə media azadlığının tam təmin edildiyini, hökumətin medianın inkişafına daim yardım göstəridiyini, jurnalistlərin mənzil şəaritinin yaxşılaşdırlması üçün onlara mənzillər bağıladığını bidlirir. Bununla yanaşı ölkə beynəlxalq medi azadlğı indeksində 180 ölkə arasında 164-cü yerdə qərarlaşıb. Hazırda ölkədə 20-dən çox media əməkdaşı həbsdədir. Hökumət media əməkadşlarının peşə fəaliyyəti ilə bağlı deyil, bir istintaq araşdıması üzrə saxlanıldığını bəyan edib.
Forum