Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi Abzas Media jurnalistlərinin azad edilməsinə çağırır


Abzas Medianın direktoru Ülvi Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb
Abzas Medianın direktoru Ülvi Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb

Jurnalistləri Mudafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini Abzas Media jurnalistlərinə qarşı bütün ittihamları ləğv etməyə və onları azad etməyə çağırıb.

Korrupsiya araşdırmaları ilə tanınan Abzas Media xəbər saytının həbsdə olan altı əməkdaşına qarşı ittihamlar son günlərdə daha da ağırlaşdırılıb. CPJ yeni ittihamların irəli sürülməsinin “qisas niyyətli” olduğunu vurğulayıb.

“Azərbaycan hakimiyyətinin Abzas Medianın həbsdə olan araşdırmaçı jurnalistlərinə qarşı yeni ittihamlar irəli sürməsi yüksək vəzifəli məmurların korrupsiyasını cəsarətlə ifşa edən bir nəşrə qarşı təqibin arxasındakı qisas niyyətinə dəlalət edir”, CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Said qeyd edib.

2023-cü ilin noyabrından başlayaraq “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə həbs edilən Abzas Medianın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova, habelə nəşrlə əməkdaşlıq edən araşdırmaçı jurnalist Hafiz Babalıya qarşı son günlərdə Cinayət Məcəlləsinin yeddi yeni maddəsi ilə ittiham irəli sürülüb.

İndi qaçaqmalçılıqla yanaşı qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma kimi cinayətlərdə ittiham olunan jurnalistlərə 8 ildən 12 ilə qədər həbs cəzası verilə bilər. Bu barədə jurnalistlərin vəkilləri bildirib.

Abzas Media nümayəndəsi Jurnalistlərin Müdafiə Komitəsinə jurnalistlərin ittihamları rədd etdiyini, bunu “Abzas Medianın yüksək səviyyəli korrupsiya ilə bağlı araşdırmalarına son qoymaq cəhdi” kimi qiymətləndirdiklərini bildirib.

“Hakimiyyət Abzas Media əməkdaşlarına qarşı bütün ittihamları ləğv etməli və Qərbdən maliyyə dəstəyi alması iddiası ilə saxlanılan bütün jurnalistləri dərhal azad etməlidir”, Gülnoza Said vurğulayıb.

Bugünədək ABŞ da daxil olmaqla bir sıra dövlətlər, çoxsaylı beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini tənqidi səslərə qarşı siyasi təqibləri dayandırmağa, həbs edilən jurnalistləri və fəalları azad etməyə çağırıb.

Ötən həftə Birləşmiş Millətlər Təşkilatının (BMT) Hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Meri Loulor Azərbaycanda hüquq müdafiəçiləri və jurnalistlərin saxlanılması və ittiham olunmasından ciddi narahatlığını bildirib.

Rəsmi Bakı isə bu cür çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini qeyd edir

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG