Accessibility links

BMT məruzəçisi Azərbaycanda hüquq müdafiəçiləri və jurnalistlərin həbsi ilə bağlı ciddi narahatlıq ifadə edib


Meri Loulor, BMT-nin Hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi
Meri Loulor, BMT-nin Hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Meri Loulor Azərbaycanda hüquq müdafiəçiləri və jurnalistlərin saxlanılması və ittiham olunmasından ciddi narahatlığını bildirib.

“Son aylarda mən Azərbaycanda hüquq müdafiəçiləri və jurnalistlərə qarşı həyəcanverici həbs dalğasının və cinayət işlərinin şahidi olmuşam. Mən bu narahatedici tendensiyanın bir hissəsi olan iki belə işi hökumət qarşısında qaldırmışam”, Meri Loulor deyib.

BMT-nin İnsan Hüquqları ofisinin avqustun 15-də yaydığı məlumatda bildirilir ki, xüsusi məruzəçinin qaldırdığı işlər arasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri, hüquq müdafiəçisi Anar Məmmədli, habelə korrupsiya araşdırmaları və insan hüquqları məsələlərini işıqlandırmaqla tanınan "Abzas Media" xəbər saytının həbs olunan jurnalistləri Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova və Hafiz Babalının işləri yer alır.

Anar Məmmədli və “Abzas Media” işi üzrə həbs olunan jurnalistlər “valyuta qaçaqmalçılığı”nda ittiham olunur. Onlar ittihamları rədd edir və həbslərini peşəkar fəaliyyətləri ilə əlaqələndirirlər.

“Anti-korrupsiya araşdırmaları, seçkilərin müstəqil monitorinqi və beynəlxalq insan hüquqlarının müdafiəsi qanuni insan hüquqları işidir. Bu işə və ifadə azadlığından istifadəyə görə qisas beynəlxalq insan hüquqlarının açıq şəkildə pozulmasıdır”, Meri Loulor qeyd edib.

BMT məruzəçisi həmçinin "Abzas Media"nın ofisindən, həbs edilmiş jurnalistlərin və hüquq müdafiəçilərinin evlərindən elektron cihazların və sənədlərin götürülməsinə dair iddialardan, Anar Məmmədlinin və valideynlərinin evində məhkəmə qərarı olmadan axtarış aparılmasından narahatlığını ifadə edib.

Həbs olunanların vəkillərə və bəzi hallarda hətta ailələrinə çıxışının məhdudlaşdırıldığını deyən Loulor həbs edilən fəalların yaxınlarının bank hesablarının dondurulduğunu əlavə edib.

Məlumata görə, məruzəçi Azərbaycan hökumətindən Ülvi Həsənli və Sevinc Vaqifqızına qarşı pis rəftar, Həsənli və jurnalist Nərgiz Absalamovanın xəbər verilmədən saxlanılması ilə bağlı aparılan araşdırmalarla bağlı yeniliklər tələb edib.

“Azərbaycanın 6 ildən artıqdır ki, Məmmədli işində ədaləti bərpa etməməsi ölkə daxilində effektiv hüquqi müdafiə vasitələrinin olmadığını ortaya qoyur və hüquq müdafiəçilərinin hüquqlarının pozulması hallarının təkrarlana biləcəyi ilə bağlı narahatlıq yaradır. Mən məhkəmə prosesinə müdaxilə etmək istəmirəm, lakin hökuməti istintaqın insan hüquqları ilə bağlı öhdəliklərinə tam əməl etməsini təmin etməyə çağırıram”, məruzəçi vurğulayıb.

BMT-nin İnsan Hüquqları Ofisi məlumat verir ki, xüsusi məruzəçi qeyd olunan məsələrlə bağlı Azərbaycan hökuməti ilə əlaqə saxlayıb və cavab alıb.

Hökumətin öz cavabında "Abzas Media" ilə bağlı iddiaları yalanlamasının narahatlıq doğurduğunu deyən Meri Loulor əlavə edib ki, Azərbaycanda bütün hüquq müdafiəçiləri və jurnalistlərin hədə-qorxu və təqiblərə məruz qalmadan azad və təhlükəsiz mühitdə işləməyi bacarmalıdırlar.

Azərbaycanda ötən ilin noyabrından başlayaraq 20-dən artıq jurnalist, vətəndaş cəmiyyəti nümayəndəsi və fəal “qaçaqmalçılıq” və digər cinayət ittihamları ilə həbs edilib. Korrupsiya araşdırmaları ilə tanınan "Abzas Media" və "Toplum TV" kimi müstəqil media orqanlarının redaksiyaları bağlanıb.

Bugünədək bir sıra ölkə, çoxsaylı beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycan hakimiyyətini tənqidi səslərə qarşı siyasi təqibləri dayandırmağa, həbs edilən jurnalistləri və fəalları azad etməyə çağırıb.

Bakı isə bu cür çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini qeyd edir

Forum

XS
SM
MD
LG