“Abzas Media” internet nəşri iyulun 31-də bu nəşrin 2023-cü il noyabrın 20-də həbs olunan direktoru Ülvi Həsənlinin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı işgəncə faktları və işgəncəni həyata keçirən şəxslərdən bəhs edildiyi bildirilən “Məhbusları çarmıxa çəkib döyür, dəhlizlərdəki "reşotka"lardan asırlar“ adlı məqaləsini dərc edib.
Məqalədə müəllif son altı ayda qeydə aldığı işgəncə faktlarını belə təsvir edir.
“Əvvəlcə işgəncələrin sadəcə səslərini eşidirdim: sillə, təpik, yumruq, dubinka, söyüş, təhqir. Sonra isə qeyri-insani rəftar və işgəncə hallarını öz gözlərimlə görməyə başladım: döymək (üzdə, bədəndə ciddi xəsarətlər), məhbusu qandalla korpuslarda dəmir barmaqlıqlar olan arakəsmələrdən asmaq (yuxarıdan asmaq, ortadan qandallamaq, lap aşağıdan bağlamaq), günlərlə beton döşəmə üstündə yatızdırmaq, məhbusu yerdən bir əlini çarpayının baş tərəfindəki, digərini isə aşağı tərəfdəki ayağına qandallayıb gecə 12 saat saxlamaq, məhbusu başı aşağı əllərini və ayaqlarını dəmir barmaqlıqlardan qandalla asmaq və dubinka ilə döymək, dustağı yerə yıxaraq üstünə çıxıb döymək, tapdalamaq, əlil, xəstə olduğunu deyən adamları döymək, saç-saqqalı qırxmaq, söyüş, təhqir, hədələmək...”, o qeyd edib.
Ülvi Həsənli yazır ki, təcridxanada məhbuslara işgəncə adətən səhər saat 9-10 arası verilir.
“Hansısa qaydanı pozduğuna görə, yaxud da cinayət törətməkdə şübhəli bilinərək saxlanılan məhbusları etiraz edib haqqını tələb etdiyinə görə axşam və ya səhər gətirib korpuslardakı “kars”lara salır, “reşotka” arakəsmələrə qandallayırlar. Səhər təxminən saat 10-da isə müavinlər gəlib həmin məhbusları döyməklə, hədələməklə, təhqir etməklə cəzalandırmağa başlayırlar”.
Onun fikrincə, işgəncələr Penitensiar Xidmətin “idarəçilik normasına çevrilib”.
“Təsəvvür edin, səhər oyanıb yemək yeməyə, yaxud kitab oxumağa başlayırsan, bir də görürsən qışqırtı, işgəncə səsləri də başlayır. Bu yolla həm dustağı cəzalandırırlar, həm də digər məhbusların gününü zəhər edib onlara da dolayısı ilə “dərs verirlər”. Etiraz edirsən, Ombudsmanın divarlara vurduğu “İsgəncəyə yox!” şüarını qışqırırsan, müavinlər gəlib təəccüblə soruşurlar ki, “Nə məsələdir?” Mübahisə, etiraz, narazılıq... Sonra sakitlik yaranır. Üç-beş gün fasilə verilir, ondan sonra eyni ssenari yenidən təkrarlanır”, o qeyd edib.
Müəllif çoxsaylı işgəncə faktları və onu həyata keçirən ədliyyə məmurlarından bəhs edir. Onlardan biri haqqında belə yazır.
“Mayın sonu idi. Axşamtərəfi yenə karsa bir məhbus gətirdilər. Məhbusun üzünün sol tərəfi tamamilə gömgöy göyərərək şişmiş, qan tuluğu içində idi. Bu, … 25-30 yaşlarında, idmançı görünüşlü, 95-100 kilo çəkisi olan məhbus idi. Onu bizim korpusdakı karsda çarmıxa çəkilmiş şəkildə döşəmənin üzərində çarpayının ayaqlarına qandalladılar və 12-13 saat səhərə qədər o vəziyyətdə saxladılar”, müəllif qeyd edir.
Həsənli təcridxana korpuslarındakı 28 saylı kameraların gizli və qanunsuz “işgəncə yerləri” olduğunu iddia edir.
“Yəni, 28 saylı kameralardakı karslar qanunsuz olaraq özbaşına şəkildə yaradılıb. Korpuslardakı bütün 28-ci kameralar həqiqətən də qanuni karser idisə, niyə yeni nazir təcridxanaya gələndə onların qapısı bağlanıb üstünə “anbar” yazıldı? Bütün bu qanunsuzluqlar və özbaşınalıqlarla bağlı ciddi araşdırmalar aparılmalı, cavabdeh şəxslər cəzalandırılmalı, sistemli işgəncələrin qarşısı alınmalıdır”, Həsənli bildirir.
Bununla yanaşı, Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda Ülvi Həsənlinin yazdıqları işgəncə faktalrını təkzib edib.
“Nəinki indi, ümumiyyətlə son 6 ay ərzində 1 saylı Bakı İstintaq Təcridaxasında saxlanılan şəxslərdən Ədliyyə Nazirliyinə, Penitensiar xidmətə, eləcə də qaynar xəttinə hər hansı şikayət və müraciət daxil olmayıb. Mütəmadi olaraq istintaq təcridxanasında saxlanılan şəxslərin vəkillər və ailə üzvləri ilə görüşləri olur. Həmin şəxslərin vəkillərindən və ailə üzvlərindən də Penitensiar Xidmətə işgəncə və ya qeyri insani rəftarla bağlı hər hansı müraciət daxil olmayıb”, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsindən Amerikanın Səsinə bildiriblər.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, işgəncə, ləyaqəti alçaldan davranış, qeyri-insani rəftar “Azərbaycan hakimiyyətinin hüquq siyasətinə məsul olan dairələrinin iş metodudur”.
“Güc strukturlarında, polis və xüsusi xidmət orqanlarında, eləcə də istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində məhkumların işgəncələrə məruz qalması adi haldır. Bunu zamanında cəzaçəkmə müəssisəsində olduğum zaman öz gözlərimlə görmüş, öz dəri və canımda hiss etmişəm. Vicdan məhbusu Ülvi Həsənlinin 1 saylı Bakı İstintaq Təcridxanasında baş verən işgəncə halları barədə yazısını oxudum, lakin təəccüblənmədim, çünki işgəncə hakimiyyətin dövlət siyasətidir. İndi görək prokurorluq orqanları Ülvi Həsənlinin göstərdikləri hallara nə kimi hüquqi qiymət verəcək? İnanmıram ki, prokurorluq adekvat hüquqi qiymət versin. Əksinə, Ülvi Həsənlinin özünə təzyiqlər artacaq. Əlbəttə, belə cəsarətli addıma görə Ülvi Həsənliyə təşəkkür düşür və onun həyat və sağlamlığına görə məsuliyyəti birbaşa hökumət rəhbərliyi daşıyır”, o qeyd edib.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.
Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti jurnalistləri dərhal azad etməyə çağırıb.
Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
Forum