Accessibility links

Apellyasiya Məhkəməsi jurnalist Elnarə Qasımovanı həbsdə saxlayıb


"Abzas Media"nın əməkdaşı, jurnalist Elnarə Qasımova
"Abzas Media"nın əməkdaşı, jurnalist Elnarə Qasımova

Avqustun 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Cavid Hüseynin sədliyi ilə Xətai Rayon Məhkəməsinin "Abzas Media işi" ilə bağlı həbs olunan jurnalist Elnarə Qasımova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin daha 1 ay 7 gün uzadılması barədə qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.

Bu barədə vəkil Günay İsmayılova Amerikanın Səsinə deyib.

Vəkilin sözlərinə görə, Elnarə Qasımova məhkəmədə iştirak edib. Jurnalist həbsinin "Abzas Media"da yayımlanan korrupsiya araşdırmaları ilə bağlı olduğunu məhkəmə heyətinin diqqətinə çatdırıb.

Avqustun 10-da Xətai Rayon Məhkəməsi hakim Rəfail Sadıxovun sədrliyi ilə jurnalist Elnarə Qasımova barəsində həbs qətimkan tədbirninin 1 ay 7 gün uzadılması barədə qərar qəbul edib.

"Abzas Media" nəşri ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Həmin iş üzrə çoxsaylı vətəndaş cəmiyyəti nümayəndələri müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG