Accessibility links

Fərid Mehralızadə və həyat yoldaşının apellyasiya şikayəti təmin edilməyib


Fərid Mehralızadə
Fərid Mehralızadə

Avqustun 3-də Bakı Apellyasiya Məhkəməsində "Abzas Media" işi üzrə həbs olunan, iqtisadçı Fərid Mehralızadə və həyat yoldaşı Nərgiz Muxtarovanın şikayətinə baxılıb. Onlar bank hesablarının monitorinqinin aparılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından şikayət ediblər. Bu barədə onun həyat yoldaşı Nərgiz Muxtarova məlumat verib.

Nərgiz Muxtarova
Nərgiz Muxtarova

"26 iyulda Xətai Rayon Məhkəməsi qərar verib ki, ikimizin də hesablarımızda maliyyə monitorinqi keçirilsin. Biz qərarın məzmunu ilə tanış deyilik. Fərid məhkəmədə çıxışında bildirdi ki, onun bu işlə heç bir əlaqəsi yoxdur, onun haqqında verilən qərarlar absurddur. Dedi ki, məhkəmənin qərarı ilə bağlı hansısa gözləntisi yoxdur", deyə, Mehralızadənin həyat yoldaşı bildirib.

Məhkəmə Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Muxtarovanın sözlərinə görə, məhkəmə 2018-2024-cü il aralığında araşdırma aparılması ilə bağlı qərar verib:

"Biz 2022-ci ildə nikaha girmişik və 2018-ci ildə ümumiyyətlə tanış deyildik. Niyə belə bir müddət nəzərdə tutublar, nəyə əsasən məni də bura daxil ediblər bilmirik".

"Abzas Media" işi ilə bağlı nə baş verib?

"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG