Accessibility links

III Respublika Platforması: Azərbaycanda azad seçkilər keçirmək üçün siyasi iradə mövcud deyil


III Respublika Platformasının mətbuat konfransı (18 dekabr, 2023-cü il)
III Respublika Platformasının mətbuat konfransı (18 dekabr, 2023-cü il)

III Respublika Platforması sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı möqe sənədini açıqlayıb. Sənəddə seçki mühitinin qeyri-azad və ədalətsiz olduğu, səsvermənin toral saxtakarlıq şəriatində keçirildiyi bildirilır.

“Səsvermə günü bir çox seçki məntəqələrində müşahidəçilərə maneələr yaradıldı və bir sıra hallarda zorakılıqlar baş verdi. Məntəqə seçki komissiyalarının üzvləri aşkar şəkildə seçki saxtakarlıqlarına rəvac verən hərəkətlər törətdilər. Bunlara nümunə kimi topa bülletenlərin atılması, seçki prosesinin müşahidəsinə və jurnalistlərin fəaliyyətinə mane olma, şəxsiyyət vəsiqəsini yoxlamadan səsverməyə buraxma, “karusel” kimi halları qeyd etmək olar”, sənəddə qeyd edilir.

Mövqe sənədində deyilir ki, ölkədə seçkiqabağı təşviqat mühitinin olmaması ilə yanaşı, səsvermə gününün ədalətsiz təşkil olunduğu da aşkar olub.

“Çətinliklərə və əngəllərə baxmayaraq, bir çox gənc vətəndaşımız seçkilərdə müşahidəçi kimi iştirak edərək səsvermə günü baş verən pozuntuları aşkar etməyə çalışdılar və Azərbaycanda seçki müşahidəçiliyi ənənəsinin sıradan çıxmasına imkan vermədilər. Eləcə də ədalətsiz seçki mühitinə baxmayaraq seçkidə iştirak etməyin vacibliyi Vəfa Nağının timsalında təsdiqləndi və iştirakçılığın vətəndaşları siyasi proseslərə təşviq etdiyi göründü”, III Respublika Platforması qeyd edib.

Sənəddə bildirilir ki, seçkilərin hazırda elan edilən nəticələrinə əsasən Yeni Azərbaycan Partiyası (YAP) və formal bitərəflər parlamentdə çoxluq, YAP-ın “peyk partiyaları” isə azlıq təşkil edir.

“Bu isə bir daha nümayiş etdirir ki, Əliyev hökumətinin Azərbaycanda azad və ədalətli seçkilər keçirmək istiqmətində siyasi iradəsi mövcud deyil. Hazırda seçildiyi elan edilən heyət əvvəlki çağırış parlamentin heyəti ilə əsasən üst-üstə düşür. Bu da Əliyev hökumətinin “yuxarıdan islahat” keçirəcəyinə dair inamın təxəyüldən ibarət olduğunu nümayiş etdirir”, mövqe sənədində iddia edilir.

III Respubkika Platforması hesab edir ki, seçkilər göstərdi ki, II Qarabağ müharibəsi dövründə torpaqların işğaldan azad edilməsi naminə “İlham Əliyev ətrafında konsolidə olan ictimai rəy aradan qalxıb və xalqın artıq İlham Əliyevə etimadı yoxdur”.

“Belə ki, seçkilərdə aşağı iştirakçılıq göstərməklə və hökumətin ritorikasına zərrə qədər dəstək verməməklə ölkə əhalisi hökumətə olan inamsızlığını nümayiş etdirdi. Hazırda ölkəmizdə ağır sosial-iqtisadi şərait mövcuddur. Bu şərait ölkənin siyasi həyatına da təsir edir. Problemlər yalnız sistemli və struktural iqtisadi islahatlar, demokratik iştirakçılıq və insan haqların tanınması yolu ilə aradan qaldırıla bilər. Son parlament seçkilərinin keçirilməsi və nəticələri bir daha təsdiq edir ki, hökumətin bu iqtisadi problemləri aradan qaldıra biləcək vizyonu və iradəsi mövcud deyil. Əksinə siyasi repressiyanı artırmaqla problemlərin səsləndirilməsinə maneə yaradır və bununla da problemləri təxirə salır”, sənəddə qeyd edilir.

Növbədənkənar seçkilərin ilkin nəticələrinə görə, iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) 68 mandat qazanıb. Daha 44 deputat yerinə hökumətyönümlü mövqeyi ilə tanınan müstəqill namizədlər seçilib.

İqtidar təmsilçiləri seçkilərin qanunvericiliyə uyğun və şəffaf şəkildə keçirildiyini iddia etsə də, aparıcı müxalif qurumlar səsvermənin qanun pozuntuları, total saxtalaşdırma şəraitində keçirildiyini, reallığı əks etdirmədiyini qeyd edirlər.

Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Şura, Müsavat Partiyası yeni formalaşan Milli Məclisi legitim qanunverici orqan hesab etmədiyini vurğulayıb.

7 dekabr 2023-cü ildə Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə bir qrup ictimai-siyasi şəxs tərəfindən III Respublika Platforması adlı siyasi təşkilat yaradılıb.

Bu ilin martında platformanın spikeri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Hər iki şəxs ittihamı qəbul etmir və siyasi sifariş hesab edir.

Forum

XS
SM
MD
LG