Yeddinci çağırış Azərbaycan Milli Məclisinin yeni tərkibdə ilk iclası keçirilib.
İlk iclasda parlamentin sədri vəzifəsinə yenidən Sahibə Qafarova seçilib.
Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov parlamentin birinci vitse-spikeri seçilib. O, 2018-2024-cü illərdə baş nazirin müavini, daha əvvəl isə Yeni Azərbaycan Partiyasının sədrinin müavini - icra katibi olub.
YAP-ın daha bir nümayəndəsi - Ziyafət Əsgərov parlamentin vitse-spikeri seçilib. O, 2005-2020-ci illərdə parlamentin vitse-spikeri və birinci vitse-spikeri olub.
Digər vitse-spiker vəzifəsinə "Vətəndaş Həmrəyliyi" Partiyasının üzvü Rəfael Hüseynov, müstəqil deputat Musa Qasımlı seçilib.
Beləliklə, hazırkı çağırış parlamentdə, birinci müavin də daxil olmaqla, vitse-spikerlərin sayı dördə çatıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Prezident Milli Məclisdə çıxışında ölkə qarşısında duran bəzi vəzifələri açıqlayıb. O bildirib ki, qarşıda duran birinci vəzifə hərbi gücün artırılmasıdır.
“Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçib və yəqin ki, növbəti bir-iki il ərzində bizim hərbi sənaye kompleksimiz daha böyük olacaq”, deyən dövlət başçısı diqqətə çatdırıb ki, bu gün Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir və ildən-ilə bu coğrafiya genişlənir.
Bundan əlavə Əliyev xarici dairələrin Azərbaycana qarşı yeni planlar hazırladığını deyib. Əldə edilmiş məlumatların bunu göstərdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Media kampaniyası, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur. Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni, biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur”, o qeyd edib.
Sentyabrın 21-də Azərbaycan Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilən Milli Məclisə növbədənkənar seçkilərin nəticəsini təsdiq edib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, məhkəmənin 18 həlledici səs hüquqlu üzvlərinin hər biri qərarı imzalayıb.
Sədr qeyd edib ki, MSK-nın yekun protokolu və ona əlavə edilmiş sənədlər Seçki Məcəlləsinin tələblərinə uyğundur.
Milli Məclisə seçkilər 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Seçkilərin nəticələrinə görə, parlamentdə 11 siyasi partiya təmsil olunur. Yeni Azərbaycan Partiyası parlamentdə 68 deputatla təmsil olunur. Digər siyasi partiyalar - Vətəndaş Həmrəyliyi Partiyası 3, Ədalət, Hüquq, Demokratiya Partiyası 2, 8 siyasi partiyanın hər biri isə 1 deputatla təmsil olunur.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ATƏT Parlament Assambleyasının birgə müşahidə missiyası Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin bəyanatında deyilir ki, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri seçicilərə həqiqi siyasi alternativlər təklif etməyib və səmərəli şəkildə hazırlansa da, fundamental azadlıqları və medianı həddən artıq məhdudlaşdıran hüquqi çərçivədə baş tutub.
Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.
Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib.
Forum