Accessibility links

Azərbaycanda Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinə baxacaq


Seçki qutusu
Seçki qutusu

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.

Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası sentyabrın 21-nə təyin edilib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ATƏT Parlament Assambleyasının birgə müşahidə missiyası Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin bəyanatında deyilir ki, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri seçicilərə həqiqi siyasi alternativlər təklif etməyib və səmərəli şəkildə hazırlansa da, fundamental azadlıqları və medianı həddən artıq məhdudlaşdıran hüquqi çərçivədə baş tutub.

Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.

Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib.

Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə Amerikanın Səsinə bildirib ki, MSK-nın parlement seçkilərində seçki dairələrinin əksəriyyətini ləğv etməməsi təəssüfedici haldır.

Onun sözlərinə görə, əgər seçki dariələrində müəyyən pozuntular müəyyən olunursa, bu, hər bir halda seçkinin nəticəsinə təsir göstərir və seçkinin nəticələri ləğv olunmalıdır.

“Nəticələr ədalətli deyil. Bu, təkcə Azərbaycanın seçki sistemini deyil, həm də ölkənin demokratik proseslərinin tamamilə böhran halına gəldiyini, iflas etdiyini göstərir. Bu, xalqın səsinə qarşı hörmətsizlik, ədalətli seçki hüququnun tapdalanmasıdır”, o belə hesab edir.

Azərbaycanın hökumət rəsmiləri və Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin azad və demokratik mühitdə keçirildiyini bildirib. MSK seçki şikayətlərinə baxıb və 46 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib. Bu isə heç bir seçki dairəsində seçkilərin nəticələrinə təsir etməyib.

Forum

XS
SM
MD
LG