Accessibility links

Gürcüstan müxalifəti seçkilərin nəticələrinə etiraz olaraq mitinqlərə çağırır


Gürcüstan müxalifəti bazar ertəsi böyük mitinq elan edərək, tərəfdarlarını hakim “Gürcü Arzusu” partiyasına qələbə qazandıran saxta adlandırdıqları seçkiyə etirz olaraq küçələrə çıxmağa çağırıb.

Prezident sarayında müxalifət liderləri ilə yanaşı çıxış edən prezident Salome Zurabişvili səsverməni “saxtalaşdırılmış” adlandırıb.

"Bu, seçkilərin total saxtalaşdırılması idi. Mən bu seçkiləri tanımıram, insanları birliyə çağırıram və deyirəm ki, biz bu seçkiləri tanımırıq", Zurabişvili səsvermənin ertəsi günü televiziya ilə çıxışında deyib.S

eçki məntəqələrinin 99%-nin açıqladığı ilkin nəticələr hakim “Gürcü Arzusu”nun 53,9%-lə lider olduğunu göstərib.

Dəyişikliklər Koalisiyası 11,3%, “Birlik-Milli Hərəkat” 9,83%, “Güclü Gürcüstan” 10,1%, Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası 7,7% səs toplayıb. Qalan səsləri digər kiçik partiyalar alıb.

“Gürcü Arzusu”nun üzvü olan baş nazir İrakli Kobaxidze bazar günü partiyasının qələbəsini “təəssüratlı və aşkar” adlandırıb və deyib ki, “seçki manipulyasiyasından danışmağa cəhd uğursuzluğa məhkumdur”.

Komissiyanın məlumatına görə, dördüncü müddətə hakimiyyətdə olan “Gürcü Arzusu” parlamentdə 89 yer tutacaq ki, bu da 2020-ci ildə əldə etdiyindən bir qədər azdır, dörd qərbyönlü müxalifət partiyası isə ümumilikdə 61 yer qazanacaq.

Lakin müxalifət seçkinin saxtalaşdırıldığını iddia edir. Qərb ölkələri narahatlıqlarını ifadə edərək, nəticələri Gürcüstanın demokratiyası üçün geriləmə və Moskvaya doğru narahatedici keçid kimi qiymətləndiriblər.

"Beynəlxalq müşahidəçilər və yerli QHT-lər tərəfindən təqdim edilən bir çox sübut seçkilərin nə azad, nə də ədalətli olub", Dəyişiklik Koalisiyasından Elene Xoştaria Amerikanın Səsinə bildirib.

“İkincisi, beynəlxalq exit-poll ilə seçkinin rəsmi nəticələri arasında kəskin ziddiyyət var. Üçüncüsü, xalqın açıq-aşkar buna etiraz edir, bu da sabahkı nümayişdə aydın olacaq ki, biz rus tipli, manipulyasiya edilmiş seçki nəticələrini qəbul etməyəcəyik”, Xoştəriya əlavə edib.

Birlik-Milli Hərəkatının lideri Tina Bokuçava Amerikanın Səsinə deyib: “Biz bu saxtalaşdırılmış seçkilərin nəticələrini qəbul etmək fikrində deyilik. Biz inanırıq ki, [səsvermə] yoxlama maşınlarından digər üsullarla yanaşı, təkrar səsvermə üçün istifadə edilib. Bundan əlavə, seçkiqabağı mühit hədə-qorxu, səslərin satın alınması, şəxsiyyət vəsiqələrinin müsadirəsi və təzyiq taktikası ilə pozulub”, Bokuçava bildirib.

ATƏT-in seçkilərə nəzarət orqanı, DTİHB “çoxsaylı pozuntuları” qeyd edərək, iyun ayında qəbul edilmiş və azadlıqlara təsir edən mübahisəli “xarici agent” qanununun təsirinə məruz qalan seçki mühitini vurğulayıb.

ATƏT-in ilkin nəticələrinə dair hesabatında "yarış iştirakçıları ümumilikdə azad şəkildə təşviqat apara bilərdilər. Eyni zamanda "seçicilərə, xüsusən də dövlət sektoru işçilərinə təzyiq kampaniyaları geniş yayılıb" deyilib.

Avropa İttifaqı öz narahatlığını dilə gətirib. Aİ-nin Ali Nümayəndəsi Cosep Borrell Gürcüstan hakimiyyətini seçki pozuntularını araşdırmağa çağırıb.

“Biz Gürcüstan hakimiyyətini seçki pozuntuları ilə bağlı bütün iddialarla bağlı şəffaf araşdırma aparmağa çağırırıq”, Borrell bildirib.

Avropa Şurasının sədri Çarlz Mişel bildirib ki, Aİ növbəti iclasında Gürcüstanı gündəmə gətirməyi planlaşdırır.

“Bu iddia edilən qanunsuzluqlar ciddi şəkildə aydınlaşdırılmalı və aradan qaldırılmalıdır. Biz Aİ-nin Gürcüstan rəhbərliyinə ölkənin Aİ yoluna sədaqətini nümayiş etdirməyə çağırışını təkrar edirik”, Mişel əlavə edib.

Gürcüstan ötən ilin dekabrında Aİ-yə namizəd statusu alıb.

Almaniya, Norveç, Latviya, Polşa, Fransa və İsveçin xarici işlər nazirləri də hədə-qorxu və manipulyasiya ilə bağlı narahatlıqlarını ifadə edərək, seçki prosesinə etimadı bərpa etmək və demokratik prinsipləri qorumaq üçün addımlar atmağa çağırıb.

Bazar günü ABŞ dövlət katibi Antoni Blinken verdiyi açıqlamada Gürcüstanın “canlı demokratiyasını” tərifləyib.

“Bununla belə, şənbə günü keçirilən səsvermə ilə bağlı “beynəlxalq və yerli müşahidəçilər hakim partiyanın ictimai resurslardan sui-istifadə etməsi, səslərin satın alınması və seçiciləri hədələməsi ilə müşahidə olunan seçkiqabağı mühiti qeyd ediblər ki, bütün bunlar qeyri-bərabər oyun sahəsinə töhfə verib və ictimai və beynəlxalq etimadı sarsıdıb” deyib.

Müşahidəçilərin fikrincə, Rusiya tərəfindən dəstəklənən iş adamı Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü Arzusu” səsləri təmin etmək üçün dövlət resurslarına və büdcə stimullarına əsaslanan güclü seçki maşını yaradıb.

Partiyanın əsas tərəfdarları arasında “büdcə seçiciləri”, ictimai sektor işçiləri və sosial yardım alanlar, xüsusən məşğulluq imkanlarının məhdud olduğu kənd yerlərində olanlar var. Partiya bu seçicilərə güvənir, onların bir çoxu partiya itirdiyi təqdirdə işini itirməkdən və ya müavinətlərdən məhrum olmaqdan qorxur.

Forum

XS
SM
MD
LG