Accessibility links

Rusiya və Azərbaycan ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərini müzakirə edib


Şahin Mustafayev və Aleksey Overçuk (Mənbə: Rusiya Hökuməti)
Şahin Mustafayev və Aleksey Overçuk (Mənbə: Rusiya Hökuməti)

Mayın 3-də Moskvada Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ilə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında görüş keçirilib.

Rusiya hökumətinin məlumatında deyilir ki, danışıqlarda Rusiya ilə Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyinə daxil edilmiş ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərinə baxılıb.

“Tərəflər ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, maliyyə, səhiyyə, mədəniyyət, elm, regionlararası əməkdaşlıq, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetiriblər. İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər”, məlumatda qeyd edilir.

Bundan öncə bu martın 5-də Bakıda Azərbaycan Baş naziri Əli Əsədov ilə Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında görüş keçirilib.

Görüşdə bildirilib ki, 2023-cü ildə qarşılıqlı ticarət 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəyə yüksəlib. Həmçinin əmtəə dövriyyəsinin artım trendinə dəstək göstəriləcəyinə əminlik bildirilib.

"Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi qiymətləndirilib. 2023-cü ilin yekunlarına görə Azərbaycan ilə Rusiya arasında yük daşımalarının həcmi 11 faizdən çox artıb. Tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini qeyd ediblər, bu dəhlizin tam gücünə çatdırılması üzrə birgə səyləri alqışlayıblar. Bununla əlaqədar avtomobil və dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi dövlət sərhədindən keçid məntəqələrinin inkişafı üzrə aparılan sinxron işin əhəmiyyəti qeyd olunub. Mədəni-humanitar əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər gələcəkdə də mədəniyyət, elm və gənclər arasında mübadilənin, həmçinin təhsil sahəsində qarşılıqlı fəaliyyətin inkişafının zəruriliyini bildiriliblər", məlumatda deyilir.

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı bir müddət əvvəl Amerikanın Səsinə bildirib ki, Rusiya və Azərbaycan əlaqələrində 2020-ci ildən başlayaraq yeni münasibət mövcuddur.

“2022-ci ildə Azərbaycanla Rusiya arasında Moskva bəyannaməsi imzalanıb. Bu bəyannamə ilə hər iki tərəf strateji müttəfiqlik statusu alıb. Bundan sonra iki ölkənin mövqeləri daha da yaxınlaşıb”, o qeyd edib.

Siyasi təhliçi iki ölkə arasında yaxınlaşmanın səbəblərindən danışarkən deyib ki, həm 2020-ci ildə 44 günlük müharibədən, həm də 2023-cü ilin sentyabrında antiterror əməliyyatından öncə Azərbaycan və Rusiya rəhəbərliyi arasında böyük ehtimalla müəyyən razılaşmalar olub.

“Bu razılaşmaları 2022-ci ildə imzalanan Moskva bəyannaməsində gördük, indi də imzalanan Yol Xəritəsində görürük. Böyük ehtimalla yeni imzalanacaq sənədlərin, anlaşmaların da şahidi olacağıq”, o qeyd edib.

Qasımlı hesab edir ki, Azərbaycanla Rusiya arasında münasibətlərin daha da inkişafının Azərbaycana mənfi təsirləri olacaq.

“Azərbaycan avtoritar rejim olaraq qalacaq. Rusiya bu rejimin qalmasına bundan sonra da dəstək verəcək. Bu həm də Azərbaycanın müasir dünyadan kənarda qalacağına xidmət edəcək. Bundan sonra Azərbaycanın demokratik dünyaya inteqrasiyası dayanacaq və hətta qopmaları da görəcəyik. Azərbaycanın Qərb dünyasından ayrı düşəcəyinin şahidi olacağıq. Əgər dünyanı demokratik və qeyri-demokratik, avtoritar rejimlərə bölsək Azərbaycan tamamilə avtoritar klubun üzvünə çevriləcək. Qərbin demokratik institutlarına inteqrasiya prosesləri dayanacaq”, o qeyd edib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG