Accessibility links

Azərbaycan və Rusiya "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə sürətli sərhədkeçmə məsələlərini müzakirə edib


Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb.)
Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb.)

Oktyabrın 31-də Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) ilə Rusiyanın Federal Gömrük Xidməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindəki avtomobil buraxılış məntəqələrində gözlənilməz halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında saziş imzalanıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, sazişi DGK-nın sədri Şahin Bağırovla Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov Moskvada keçirilən görüş zamanı imzalayıb.

Şahin Bağırov və Ruslan Davıdov (Mənbə: Azərbaycan Gömrük Komitəsi)
Şahin Bağırov və Ruslan Davıdov (Mənbə: Azərbaycan Gömrük Komitəsi)

Görüşdə "Şimal-Cənub" nəqliyyat dəhlizinin imkanlarının genişləndirilməsi, sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması, "sadələşdirilmiş gömrük dəhlizi" ilə bağlı fikir mübadiləsi aparılıb.

Baş gömrükçülər həmçinin iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın, məlumat mübadiləsinin gücləndirilməsinə dair məsələləri müzakirə edib.

Məlumatda deyilir ki, Şahin Bağırov Moskva şəhərində keçirilən Beynəlxalq Gömrük Forumunda iştirak edib. Forumun əsas missiyası xarici iqtisadi fəaliyyətin inkişafı məqsədilə dövlət və özəl sektoru arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi üçün səmərəli platformanın qurulmasıdır.

Forumda beynəlxalq iqtisadi əməkdaşlığın perspektivləri, tranzit imkanları, gömrüyün strateji inkişafı və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Oktyabrın 31-də həmçinin Moskvada Rusiya hökumət başçısının müavini Andrey Belousiv və Rusiyada işgüzar səfərdə olan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev arasında görüş keçirilib.

Andrey Belousiv və Şahin Mustafayev (Mənbə: Rusiya hökuməti)
Andrey Belousiv və Şahin Mustafayev (Mənbə: Rusiya hökuməti)

Rusiya hökumətinin məlumatına görə, görüşdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin dəmir yolu marşrutunun inkişafı məsələləri müzakirə olunub.

Bu dəhliz (avtomobil və dəmir yolu) Rusiya, Azərbaycan və İranı birləşdirir.

Bu dəhlizdə çatışmayan yeganə halqa İran ərazisində Rəşt-Astara dəmir yolu hissəsidir.

2023-cü ilin mayında Rusiya və İran bu hissənin tikintisi haqqında saziş bağlayıblar. 162 kilometr uzunluğu olan bu hissənin tikintisi Sankt-Peterburqdan Fars körfəzində Bender-Abbas limanına qədər bütün ərazi boyunca dəmir yolu əlaqəsini təmin edəcək. Bu hissənin tikintisinə 2024-cü ilin mart ayında başlanacağı nəzərdə tutulur.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG