Accessibility links

Azərbaycan və İran münasibətlərin normal məcraya qayıdacağından danışır


İlham Əliyev və Mehrdad Bəzrpaş (Mənbə: Prezident Adminsitrasiyası)
İlham Əliyev və Mehrdad Bəzrpaş (Mənbə: Prezident Adminsitrasiyası)

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək.

Bu barədə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana səfəri ilə bağlı açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan səfirliyinin tez bir zamanda fəaliyyətinin bərpası üçün İran tərəfi xahiş edib və Azərbaycan da bu istiqamətdə qısa müddətdə addımların atılacağına söz verib.

Bir müddət öncə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın İrandakı diplomatik missiyasının bərpa olunması istiqamətində İran tərəfindən müraciət daxil olub.

İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının sədri kimi oktyabrın 6-da Azərbaycana səfər edən yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş deyib ki, Azərbaycanla İranın sərhəddəki Ağbənd bölgəsində (Azərbaycanın Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanacaq.

“Bu səfərin əvvəlində Ağbənd ərazisində sərhəd-keçid məntəqəsinin tikintisinə başlamaq üçün sərhəd bölgəsinə baxış keçirilib”.

Onun dediyinə görə, Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb.

Xatırladaq ki, bu yol Ermənistan ərazisindən keçməsi gözlənilən Zəngəzur dəhlizinin alternatividir. 2020-ci il noyabrın 10-da Qarabağda döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı birgə bəyanatda Ermənistan ərazisindən keçən Zəngəzur yolunun açılması ilə bağlı bənd olsa da bu yolun açılması barədə Azərbaycanla-Ermənistan arasında hələ razılıq əldə edilməyib.

Mehrdad Bəzrpaş deyib ki, İran ərazisindən keçəcək yolun tikintisi illərlə gözləmədən sonra bu gün iki ölkənin birgə iqtisadi komissiyasının rəhbərlərinin iştirakı ilə başlayıb.

“Layihənin podratçısı təyin edilib və bu layihədə körpünün tikintisinin məsuliyyəti Azərbaycanın, avtomobil yolunun çəkilməsinin məsuliyyəti isə İranın üzərinə düşür. Həmçinin, körpünün və dəmir yolu xəttinin tikintisi haqda da razılıq əldə olunub. Azərbaycanın investisiya qoyması ilə və bu ölkə tərəfindən həyata keçirilir”, Bəzrpaş əlavə edib.

Zəngilanda Azərbaycanla İran arasında körpünün təməli qoyulub. (Foto : AzərTag agentliyinə məxsusdur)
Zəngilanda Azərbaycanla İran arasında körpünün təməli qoyulub. (Foto : AzərTag agentliyinə məxsusdur)

İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının sədri iki ölkə arasında sərhəd bölgəsində iki su bəndinin (Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su qovşaqlarının və su elektrik stansiyalarının tikintisi nəzərdə tutulur-red) tikintisinə də toxunub: “Bəndlərdən birinin tikintisi başa çatıb, ikinci bənddə 97 faiz fiziki irəliləyiş var və son mərhələdədir.”

O, qeyd edib ki, İran və Azərbaycan arasında tranzit vəziyyəti, xüsusilə də yüklərin daşınmasının pik günlərində iki ölkənin sərhədlərini keçmək istəyən yük maşınlarının problemlərinin həlli ilə bağlı razılaşmalar əldə olunub.

O həmçinin qeyd edib ki, siyasi münasibətlərin əvvəlki səviyyəyə qayıtması üçün baş vermiş bəzi problemlər də araşdırılır.

“İki ölkənin ticarət balansı son illərdə azalıb və bu, yenidən artırılmalıdır”.

Nazir İran, Rusiya və Azərbaycan arasında elektrik enerjisinin satışına dair üçtərəfli sazişə toxunaraq deyib ki, üç ölkə arasında elektrik enerjisinin alqı-satqısı prosesi başa çatmaqdadır.

Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev və Mehrdad Bəzrpaş arasında görüşdə də ikitərəfli münasibətlərin, xüsusilə iqtisadi və ticari sahələrdə inkişafı və dərinləşdirilməsi, üçtərəfli (Azərbaycan, İran, Ermənistan) və altıtərəfli (Azərbaycan, Rusiya, Ermənistan + Türkiyə, Gürcüstan, İran) formatlarda regional əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olub.

İRNA agentliyi bildirir ki, görüşdə hər iki tərəf Qafqaz regionunda baş verən son hadisələri müzakirə edib və regiondankənar ölkələrin region məsələlərinə müdaxiləsini rədd ediblər.

Azərbaycan Prezidentinin Administrasiyasının məlumatında isə deyilir ki, Prezident Əliyev Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşasının, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin önəmini qeyd edib, bunun dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyini bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, ölkələri birləşdirən və region üçün böyük əhəmiyyətə malik olan avtomobil və dəmir yollarının çəkilişi bütün bölgə üçün sabitliyə və əməkdaşlığa xidmət edəcək.

Dövlət başçısı, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi istiqamətində aparılan işlərin önəmini qeyd edibaq.

İRNA agentliyi bildirir ki, görüş zamanı İran və Azərbaycan arasında neft və qaz sahəsində əməkdaşlığın artırılması da müzakirə edilib.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə bildirib ki, perspektivdə İranla münasibətlərin normallaşması çox uzun bir prosesdir.

“Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən sonra regionda yeni şərait yaradıb. İran əvvəllər erməni faktorundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Bu gün həmin təzyiq vasitəsindən məhrum olub. Ona görə Azərbaycanla münasibətlərinin normallaşaması üçün yeni variantlar axtarır”, təhlilçi qeyd edib.

İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda da davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomatını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Bununla yanaşı son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon dasnışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib.

Sentyabrın 9-da Bakıda Azərbaycan Müdafiə Nazirliyi və İran Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın 3-cü iclası keçirilib. İclasda Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sentyabrın 13-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovla İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub. Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıb

Bundan sonra Azərbaycan-İran birgə hərbi komissiyasının iclasları olub.

Forum

XS
SM
MD
LG