Accessibility links

Jurnalist Hafiz Babalı hüquq mühafizə orqanlarının rəhbərlərinə və ombudsmana müraciət edib


Hafiz Babalı
Hafiz Babalı

Qaçaqmalçılıqla sərhəddən valyuta keçirməkdə ittiham olunan jurnalist Hafiz Babalı Baş prokurora, daxili işlər nazirinə, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə və ombudsmana müraciət edib.

Jurnalist hesab edir ki, həbs edilməsi üçün hər hansı qanuni əsas yoxdur.

Müraciətdə vurğulanır ki, "müstəntiq Toğrul Hüseynov və prokuror Mobil Şəfiyev Hafiz Babalının qondarma qaçaqmalçılıq işində heç bir əməlinin olmadığını bilə-bilə onun həbs edilməsinə, daha sonra isə həbs müddətinin uzadılmasına nail olublar". Bu səbəbdən o, müstəntiq və prokurora qarşı xidməti araşdırmaya başlanmasını və ona münasibətdə cinayət işinə xitam verilməsini tələb edir.

Jurnalistin müraciətinin araşdırılıb-araşdırılmaması ilə bağlı Amerikanın Səsinin sorğusuna Baş Prokurorluq və Daxili İşlər Nazirliyi hələ cavab verməyib.

Ombudsman Aparatı isə Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Hafiz Babalı Bakı İstintaq Təcridxanasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Qrupunun üzvləri tərəfindən konfidensial qaydada qəbul edilib, müraciəti qəbul olunub.

"Eyni zamanda, müraciətlə də bağlı Baş Prokurorluğa, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə və Penitensiar Xidmətə sorğular göndərilib. Müraciət icraatdadır, nəticəsi barədə ona məlumat veriləcək", Ombudsan Aparatının rəsmi nümayəndəsi qeyd edib.

Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalı 2023-cü il dekabrın 13-də saxlanılıb. Ona qarşı "xarici valyuta qaçaqmalçılığı" ittihamı irəli sürülüb.

Məhkəmənin qərarı ilə onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Martın 7-də jurnalist Hafiz Babalı barədə seçilmiş həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Hüquq müdafiə təşkilatları jurnalistləri siyasi məhbus kimi tanıyıb.

Beynəlxalq media müdafiə təşkilatları, o cümlədən ABŞ Dövlət Departamenti, senatorlar və konqresmenlər Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG