Accessibility links

“Abzas Media işi” ilə bağlı şahid qismində dindirilənlər sərbəst buraxılıblar


Mina Əlyarlı
Mina Əlyarlı

Aprelin 17-də “Abzas Media işi” ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə şahid qismində çağırılan jurnalist Mina Əlyarlı dindirildikdən sonra sərbəst buraxılıb.

Jurnalist mediaya açıqlamasında bildirib ki, ona qarşı heç bir fiziki və psixoloji zorakılıq olmayıb.

“Dindirilmə yenə “Abzas Media işi” ilə bağlı idi. Həbs təhlükəsi həmişə var, bundan sonra olacaq, ya olmayacaq bilmirik. Özümü həbsxanaya gedəcəm deyə fokuslamışdım, çıxandan sonra qəribə hisslər keçirirəm ki, mən buradan çıxmamağı düşünüb girmişəm, amma hazırda çıxıram”, deyə o qeyd edib.

Vəkil Nazim Musayevin sözlərinə görə Mina Əlyarlı ona verilmiş bütün suallara cavab verib:

“Dindirilmə zamanı hər hansı bir problem yaranmadı, verilən suallara bildiyi kimi cavab verdi. İstintaq dövründə ikinci dəfə şahid qismində çağırılma adi haldır. Suallar istintaqla bağlı suallar idi, ona görə də istintaq hələ yekunlaşmayıb deyə geniş məlumat vermək hələ tezdir”.

Aprelin 16-da “Abzas Media işi” ilə bağlı BŞBPİ-də İnarə Hünbətova, aprelin 17-də isə Şəms Hacıyeva da dindiriliblər və sərbəst buraxılıblar.

Aprelin 10-da jurnalist İsmayıl Tağıyev də "Abzas Media işi" üzrə dindirilməyə çağırılıb, daha sonra sərbəst buraxılıb.

"Abzas Media" ilə bağlı nə baş verib?

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilir.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir. Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Forum

XS
SM
MD
LG