Accessibility links

Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva İstintaq Təcridxanasında yaşadığı problemləri ictimailəşdirib


Ülvi Həsənli
Ülvi Həsənli

“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva 1 saylı Bakı İstintaq Təcridxanasında yaşadığı problemləri ictimailəşdirib. Onun sözlərinə görə, 8 mart tarixində Ülvi Həsənli ilə görüşə gedib və bir gün öncədən onlara təkbətək görüş sözü verilib. Rübabə Quliyeva bildirib ki, təkbətək görüşə icazə verildiyi üçün qızını da aparıb:

“Səhər qızımı yuxudan oyadıb təcridxanaya apardım. 1 saat körpə uşaqla soyuq havada gözlədikdən sonra bizə deyildi ki, Ülviyə xəbər göndərmişik, gəlir. Biz təcridxanaya daxil olduğumuz andan qızım hədsiz gərginləşdi, ağlamağa başladı. Səbəb isə tanımadığı adamın onun geyimini davamlı yoxlaması və sanki nəsə tapmağa çalışması idi. Bu da qızımın qışqırıqlarını daha da artırdı. Yarım saat keçsə də, Ülvini hələ də gətirməmişdilər. Ülvi gələndə bizə deyildi ki, təkbətək görüşə icazə verilməyəcək”.

Rübabə Quliyeva deyir ki, ona “uşağı ver, aparıb özümüz Ülviyə göstərək, sonra geri qaytararıq” deyilib, o isə bununla razılaşmayıb. Təcridxanada onlara şüşə arxasından görüş təklif olunub, lakin o bununla razılaşmadıqlarını deyib və görüşdən imtina edib.

“Maşında qızımı sakitləşdirməyə çalışırdım. Türmə rəisi xəbər göndərdi ki, “burada nə var? Ülvi qızını görmək istəyirsə, anası uşağı versin nəzarətçilərə, onlar içəri aparıb görüşdürsünlər”. Mən qətiyyən uşağımı heç kimə verməyəcəyimi və görüşdən imtina etdiyimi bildirdim. Təcridxananın rəisi qızımın, mənim və Ülvinin bütün əsəblərini məhv edəndən sonra lütf edib minnətlə xəbər göndərdi ki, “yaxşı, gəlsinlər, şərait yaradıram, Ülvi 5 aydan sonra 1 dəqiqəlik qızını qucağına alsın”. Qızım güclə sakitləşmişdi ki, Ülvi qızını görsün deyə, məcbur yenidən eyni gərginliyi uşağıma yaşatmalı oldum. Biz içəri girən kimi qızım yenə ağlamağa başladı. Ülvi onu qucağına aldı, öpdü və otaqdan dərhal çıxarıldıq. Haqqımız olan görüşü ala bilmədik”- deyə, o bildirib.

Penitensiar Xidmətdən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb. Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG