Accessibility links

Məhkəmə həbsdə olan jurnalist Hafiz Babalının iddia ərizəsini baxış üçün qəbul edib


Hafiz Babalı
Hafiz Babalı

Bakının Nərimanov Rayon Məhkəməsi Turan Agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalının Qafqazinfo.az internet nəşrinə qarşı iddia ərizəsini baxış üçün qəbul edib.

İş üzrə hazırlıq iclası aprelin 2-də başlayıb.

Vəkil Rəsul Cəfərov jurnalistin prosesdə şəxsən iştirakının təmin edilməsi haqqında vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib və növbəti iclası mayın 7-nə təyin edib.

Cavabdehin nümayəndəsi prosesdə iştirak etməyib.

İddia 2023-cü il dekabrın 28-də Qafqazinfo.az saytında "Hafiz Babalının işi üzrə yeni təfərrüatlar" məqaləsinin dərc edilməsi ilə əlaqədar verilib.

İddiaçı hesab edir ki, məqalədə araşdırmaçı jurnalist kimi Babalının şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirən böhtan və təhqir xarakterli məlumatlar yer alır.

Xüsusən, məqalədə iddia olunur ki, "Turan" İnformasiya Agentliyinin redaktoru Hafiz Babalı uzun illər ərzində qrant layihələri ilə bağlı xarici təşkilatlarla və fondlarla əlaqələr qurub, onların tapşırığına dair araşdırmalar aparıb və məqalələr hazırlayıb".

İddiaçı bunu "böhtan" hesab edir və bildirir ki, xarici təşkilatların və fondların sifarişi ilə araşdırma aparmayıb və onların sifarişi ilə məqalələr dərc etməyib.

Onun bildirdiyinə görə, araşdırmaları jurnalist fəaliyyətinin bir hissəsi olub və bu fəaliyyət çərçivəsində həmişə etik prinsiplərə və jurnalistika normalarına riayət olunub.

Bundan başqa, araşdırmalar və dərc olunan məqalələrlə bağlı heç kim iddia irəli sürməyib, bu məqalələrdəki məlumatlar isə heç bir inzibati orqan tərəfindən təkzib olunmayıb və ya məhkəmədə mübahisələndirilməyib.

İddiaçı həmçinin "Hafiz Babalının iştirak etdiyi layihələrə Avropadakı azərbaycanlı siyasi mühacirlərin də cəlb edildiyi" haqqında iddianı da böhtan hesab edir.

Babalı dərc edilmiş böhtan xarakterli iddiaların təkzib olunmasını, ondan üzr istənilməsini və 9900 manat məbləğində təzminat ödənilməsini, redaksiyanın üzərinə iddia ilə bağlı 119 manat məbləğində məhkəmə xərclərini ödəmək öhdəliyi qoyulmasını tələb edir.

Qafqazinfo.az nəşri Hafiz Babalının iddia ərizəsinə hələ münasibət bildirməyib.

Forum

XS
SM
MD
LG