Accessibility links

Azərbaycan bir sıra ölkələrdən quş və heyvandarlıq məhsullarının idxalına müvəqqəti qadağa qoyub


Çöl quşları
Çöl quşları

Azərbaycan Tunisdən, Moldovadan, Polşadan və ABŞ-dan quş əti, quşçuluq və heyvandarlıq məhsulları alınmasını müvəqqəti məhdudlaşdırıb. Buna səbəb həmin ölkələrdə quş qripi və dabaq xəstəliklərinin yayılmasıdır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Tunisin Sidi-Bu-Zid vilayətində dabaq, Moldovanın Ştefan-Voda, Drokiya, Rezina rayonlarında, Polşanın Dolnoslask Nijnesilezsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

AQTA bildirir ki, xəstəliklər qeydə alınmış inzibati ərazilərdən 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən quş və heyvandarlıq məhsullarının, həmçinin emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Bununla yanaşı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanvarın 8-dən 12-dək respublika ərazisində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçirəcək.

Yanvar ayında Xəzər dənizinin Azərbaycanla həmsərhəd Qazaxıstan sahillərində çoxsaylı qu quşlarının quş qripindən öldüyü aşkar edilib.

Ekspertlər Azərbaycanın rəsmi qurumlarının quş qripi ilə bağlı qabaqlayıcı tədbirlər həyata keçirməsini vacib sayır.

Azərbaycan Ornitoloji Cəmiyyətinin məlumatına görə, qış yumşaq keçəndə Azərbaycanda 300-500 qu quşu qışlayırsa, qış sərt keçəndə bunların sayı 30 minədək qalxır. Yalnız Qızılağac Dövlət Qoruğunda sərt qışlarda 20 minədək qu quşu olur.

Ümumilikdə isə il ərazində Azərbaycan ətazisində azı bir milyonadək quş qışlayır. Quşlar əsasən böyük su bataqlıq sahəsi olan Qızılağac Dövlət Qoruğunda, Kürün deltasında, Sarı Su gölü, Ağ göl, Abşeron-Qobustan dəniz sahili- Abşeron Milli Parkı, Pirallahı adası, Dərin Özüllər Zavodu, Ələt buxtası, Yaşma adası, Candar gölü, Minkənd su anbarı, Mingəçevir su anbarının Samux sahəsi, Acınohur gölü və digər yerlərdə qışlayır.

Bununla yanaşı fevral ayından başlayaraq quşların köçü başlayır. Rəsmi məlumatlara görə, Azərbaycan ərazisi vasitəsi ilə azı 10-12 milyon quş köç edir.

Azərbaycanda ilk dəfə H5N1 yüksək patogen "quş qripi" 9 fevral 2006-cı ildə Abşeronda vəhşi quşlarda təsdiq edilib və vaxtaşırı özünü büruzə verib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkədə 2006-cı ildə 5 nəfərin H5N1 quş qripi virusundan vəfat etdiyi təsdiq edilib. Təşkilat ölənlərin 4-nün Azərbaycanın cənub-şərq rayonlarından olduğunu bildirib.

2008-ci ildə Azərbaycanda qrip pandemiyasına hazırlıq üzrə Milli Plan qəbul edilib və Azərbaycanda "quş qripi" xəstəliyinin qarşısının alınması üzrə Dövlət Komissiyası tərəfindən təsdiqlənib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG