Accessibility links

Azərbaycanın qonşusu Qazaxıstanda qu quşları quş qripindən ölür


Azərbaycanla qonşu olan Qazaxıstanda quş qripi yayılıb.

Bu ölkənin Mankustay vilayətininin ekologiya departamentinin məlumatına görə, Aktau limanına yaxın ərazidə, Ustyurt Dövlət Təbiət Qoruğunun Karakol gölündə qoruq müfəttişləri indiyədək 227 ölü qu quşu tapıb.

“132 qu quşu zərərsizləşdirilib, yanvarın 3-də baytarlıq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada daha 95 qu quşu zərərsizləşdiriləcək”, məlumatda qeyd edilir.

Ekologiya departamenti bildirir ki, ilk dəfə dekabrın 21-də Ustyurt Dövlət Təbiət Qoruğunun Karakol gölündə mühafizə tədbirləri həyata keçirilərkən 30 qu quşunun öldüyü təsdiqlənib. Laboratoriya müayinəsi ölmüş qu quşlarında quş qripi virusu olduğunu təsdiq edib.

Qeyd edək ki, quş quşları Azərbaycan ərazisində qışlayır. Ekspertlər Qazaxıstanda qışlayan qu quşlarının yaz mövsümündə yenidən şimala doğru köç edəcəyini və xəstəliyin Azərbaycan ərazisinə keçəcəyi ilə bağlı ehtimalın az olduğu fikrindədir. Ekspertlər eyni zamanda Azərbaycanın rəsmi qurumlarının qabaqlayıcı tədbirlər həyata keçirməsini də vacib sayır.

Azərbaycan Ornitoloji Cəmiyyətinin məlumatına görə, qış yumşaq keçəndə Azərbaycanda 300-500 qu quşu qışlayırsa, qış sərt keçəndə bunların sayı 30 minədək qalxır. Yalnız Qızılağac Dövlət Qoruğunda sərt qışlarda 20 minədək qu quşu olur.

Ümumilikdə isə il ərazində Azərbaycan ətazisində azı bir milyonadək quş qışlayır. Quşlar əsasən böyük su bataqlıq sahəsi olan Qızılağac Dövlət Qoruğunda, Kürün deltasında, Sarı Su gölü, Ağ göl, Abşeron-Qobustan dəniz sahili- Abşeron Milli Parkı, Pirallahı adası, Dərin Özüllər Zavodu, Ələt buxtası, Yaşma adası, Candar gölü, Minkənd su anbarı, Mingəçevir su anbarının Samux sahəsi, Acınohur gölü və digər yerlərdə qışlayır.

Bununla yanaşı fevral ayından başlayaraq quşların köçü başlayır. Rəsmi məlumatlara görə, Azərbaycan ərazisi vasitəsi ilə azı 10-12 milyon quş köç edir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sonuncu dəfə dekabrın 11-dən 15-dək quş qripi xəstəliyinə qarşı respublika ərazisində epizootoloji monitorinq keçirib.

Agentliyin məlumatında deyilir ki, monitorinq zamanı vəhşi və ev quşlarından götürülmüş nümunələrin müayinələri və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə H5N1 yüksək patogen "quş qripi" 9 fevral 2006-cı ildə Abşeronda vəhşi quşlarda təsdiq edilib və vaxtaşırı özünü büruzə verib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkədə 2006-cı ildə 5 nəfərin H5N1 quş qripi virusundan vəfat etdiyi təsdiq edilib. Təşkilat ölənlərin 4-nün Azərbaycanın cənub-şərq rayonlarından olduğunu bildirib.

2008-ci ildə Azərbaycanda qrip pandemiyasına hazırlıq üzrə Milli Plan qəbul edilib və Azərbaycanda "quş qripi" xəstəliyinin qarşısının alınması üzrə Dövlət Komissiyası tərəfindən təsdiqlənib.

Forum

XS
SM
MD
LG