Accessibility links

Azərbaycan Rusiyadan quş əti idxalını məhdudlaşdırır


Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Rusiyanın Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərində, Tatarıstan və Çuvaşiya Respublikalarında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) müəyyən edib. Habelə Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyinin yayılması aşkarlanıb.

Bununla bağlı Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Məlumatda deyilir ki, Azərbaycan Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərindən, Tatarıstan, Çuvaşiya respublikalarından diri quş və quşçuluq məhsullarının idxalını müvəqqəti olaraq məhdudlaşdırır.

"Eyni zamanda, Rusiyanın Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyi qeydə alındığı üçün bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələblərini nəzərə almalıdır", açıqlamada deyilir.

Məlumatda habelə bildirilir ki, Rusiyanın qeyd edilən ərazilərindən gələn və tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.

XS
SM
MD
LG