Bu il fevralın 4-də London referent laboratoriyasına göndərilmiş nümunələrdən 7-ci konteynerdən başqa hamısında "quş qripi" aşkarlanıb. 7 nümunədə isə N5N1 virusu müəyyən edilib. Bu barədə Kənd Təssərüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov bugünkü mətbuat konfransında bildirib.
İ.Həsənovun sözlərinə görə, "quş qripi" əsasən Bakının Türkan qəsəbəsi və Şıx çimərliyi ərazisində ölmüş quşlardan götürülmüş nümunələrdə aşkar edilib. "Masallı rayonunda ölmüş ev quşlarında "quş qripi" müəyyən edilməyib. Ancaq bu ərazidən bir qu quşundan götürlülmüş nümunədə qrip aşkarlanıb".
O həmçinin ölmüş quşlardan götürülmüş nümunələrin yenidən London və Almaniyadakı laboratoriyalara göndəriləcəyini bildirib.
Baş Dövlət Baytarlıq müfəttişi bildirib ki, bu il yanvarın sonundan başlayaraq Xəzər dənizinin sahil boyunca çöl quşlarının ölüm halları çoxalıb: "Hazırda dəniz sahilində ölmüş quşların cəsədləri yığılıb yandırılır və quşların öldükləri yerlər dezinfeksiya edilir. Çalışırıq ki, xəstəlik ev quşlarına keçməsin. Rayonlarda da monitorinq qrupları işləyir".
Onun dediklərinə görə, hazırda Bakı ətrafında monitorinq aparmaq üçün Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları və əlavə 16 nəfərlik qrup monitorinqlər aparır.
İ.Həsənov hazırda ölkədə BMT-nin Fauna təşkilatının, Türkiyənin və Xorvatiyanın ekspertlərinin işlədiyini deyib. Onun sözlərinə görə, Dövlət Baytarlıq Xidmətinin lazımi avadanlıq və laboratoriyalarla təmin edilməsi üçün Dünya Bankına və Asiya İnkişaf Bankına müraciət edilib. "Baytarlıq Xidmətinin işinin beynəlxalq standartlara uyğun qurulması üçün 10 milyon dollar vəsait tələb olunur. Ölkənin 64 rayonunda baytarlıq xidmətinin yerli şöbələri var. Onların çoxunun binası və laboratoriyası, texniki vasitələri yoxdur. Yerli şöbələrin cəmi iki faizinin avtomobilləri var"-deyə o qeyd edib.
Baş Dövlət Baytarlıq müfəttişinin sözlərinə görə, "quş qripi" ilə mübarizə məqsədilə hökumət 38 milyard manat ayırıb.
"Yalnız dövlət baytarlıq qeydiyyatında olan quşçuluq təsərrüfatlarının quş əti və yumurta məhsulları ticarət obyektlərində satılmalı və ictimai iaşə müəssisələrində istifadə olunmalıdır. Satılan quşçuluq məhsullarının sağlamlığı haqqında baytarlıq sənədləri və üzərində təsərrüfata məxsus olmasını bildirən nişanları olmalıdır". Bu sözlər isə Azərbaycan Baş Dövlət Baytarlıq müfəttişi İsmayıl Həsənovun əhaliyə müraciətindədir.
Baş Baytarlıq müfəttişi bildirir ki, ölkədə köçəri quşlar arasında bu il fevralın 4-də Londonun referent laboratoriyasına göndərilən nümunələrin bəzilərində "quş qripi"nin törədiciləri aşkar edilib. İ.Həsənov xəstəliyin ev quşlarını yoluxdurmasını, onun sürətlə yayılmasını və insanlara keçmə ehtimalını nəzərə alaraq aşağıdakı profilaktik tədbirləri tövsiyə edir:
- Quşlar arasında ölüm halına rast gəlindikdə dərhal həmin ərazinin baytar həkiminə məlumat verməli;
- Ölümün baş vermə səbəblərindən asılı olmayaraq quşların cəsədi şəxsi gigiyena qaydalarına riayət edilməklə yandırılmalı, torpağa basıdırılmalı və həmin sahə dezinfeksiya olunmalıdır;
- İnsanların, xüsusən uşaqların quşlarla təmasda olması qadağan edilir;
- Açıq şəraitdə ev quşlarının, xüsusən su quşlarının və göyərçinlərin saxlanılması qadağan edilsin və onlar tam qapalı şəraitə keçirilsin;
- Ölü quşlardan yalnız baytar həkimləri nümunə götürür;
- Şəxsi və fermer təsərrüfatlarında nümunələrin götürülməsi baytarlıq xidmətinin nəzarəti altında həyata keçirilsin;
- Profilaktik işlərin apaılması üçün rayon icra hakimiyyəti orqanları baytarlıq xidmətinin əlavə işçi qüvvəsi ilə təmin edilməsinə köməklik göstərməsi xahiş edilir.
Təhsil naziri Misir Mərdanov isə şagirdlərin, müəllim və valideynlərin “Quş qripi” problemi barədə məlumatlandırılması, onların maarifləndirilməsi işinin təşkil edilməsi məqsədi ilə əmr imzalayıb.
Tədbirlər planında təhsil şöbələrinə, yerli səhiyyə orqanları ilə birgə, ümumtəhsil məktəblərində “Quş qripi”, ona yoluxma yolları, törətdiyi fəsadlarla əlaqədar şagird, müəllim və valideynlər arasında izahat işlərinin aparılması, səhiyyə işçiləri ilə görüşlərin keçirilməsi, qeyd olunan məsələ ilə əlaqədar buklet və plakatların hazırlanması tapşırılıb.