Accessibility links

Apellyasiya Məhkəməsi Ayxan İsrafilovu həbsdə saxlayıb


Ayxan İsrafilov (Arxiv foto)
Ayxan İsrafilov (Arxiv foto)

Avqustun 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Mübariz Əkbərovun sədrliyi ilə “Demokratiya 1918” Hərəkatı yanında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilov barəsində Nərimanov rayon Məhkəməsinin həbs-qətimkan tədbiri qərarının dəyişdirilməsi barədə şikayətini təmin etməyib.

Bu barədə “Demokratiya 1918” Hərəkatının rəhbəri Əhməd Məmmədli Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Ayxan İsrafilov məhkəmədə iştirak edib. O, məhkəmədə ittihamı qəbul etmədiyini, özünü günahkar saymadığını və ittihamın siyasi sifariş olduğunu bildirib.

“Demokratiya 1918” Hərəkatı yanında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilov barəsində avqustun 12-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs-qətimkan tədbiri seçilıb.

İsrafilov Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunur.

Ayxan İsrafilovun həbsi İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının fəallarının kuryerlərin hüquqlarının müdafiəsi ilə bağlı keçirdiyi etiraz aksiyasından sonraya təsadüf edir. Bundan öncə İşçi Masası Həmkərlar İttifaqları Konfederasiyasının daha bir fəalı həbs edilib.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərin onlar üçün yaratdığı problemlərlə bağlı bəyanat yayıb. Qanuna edilmiş yeni dəyişikliyə görə mopedləri idarə etmək üçün sürücülük vəsiqəsi olmalı, nömrə nişanları almalı və satış zamanı vergiyə cəlb edilməlidir.

Avqustun 1-də bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının bəyanatında deyilir ki, həbslər İşçi Masasının ən böyük kadr bazası olan kuryerlərin təşkilatlanmasına böyük zərbə vurub.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG